Onların ən çox sevdiyi söz...

“525-ci qəzet” bizim ikinci ailəmiz olub”














Müstəqil Azərbaycan mətbuatının ilk nümunələrindən olan "525-ci qəzet”in yaranmasından 22 il ötür. Qəzetin ilk sayı 1992-ci il noyabrın 17-də işıq üzü görüb. "525-ci qəzet” 22 illik fəaliyyəti dövründə siyasi cəbhələşmədən yayınaraq, ümummilli qəzetə çevrilməyi bacarıb. "525-ci qəzet”in baş redaktoru tanınmış yazıçı-jurnalist Rəşad Məciddir. O, 1995-ci ildən qəzetə rəhbərlik edir.

Qəzetin adının seçilməsi də maraqlı olub. Belə ki, qəzeti öncə "Sabah”, "2x2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda qəzet qeydiyyatdan keçdiyi üçün başqa ad seçməli olublar. Daha sonra qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar qəzetin adını "525-ci qəzet” qoymağa qərar veriblər.

1996-cı ilə kimi həftəlik nəşr olunan qəzet 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunur. Gündəlik 8 səhifəlik qəzetin xüsusi şənbə buraxılışları ədəbiyyat sahəsinə həsr olunur və 32 səhifə həcmində çap olunur.

Qəzetin ad günü ilə bağlı fikirlərini bölüşən keçmiş və indiki əməkdaşlar nəşrlə bağlı yüksək fikirdədirlər.

İlhamə Qasımlı: "525-ci qəzet” mənəviyyatın, ədəbiyyatın və mədəniyyətin qəzetidir. İkinci ailəm haqqında daha gözəl fikir tapa bilmədim. Başda Rəşad Məcid olmaqla özünü "525-ci qəzet”ə bağlı hesab edən hər kəsi təbrik edirəm”.

Kamil Həmidov: "17 noyabr Milli Dirçəliş Günü olmaqla yanaşı, müasir media tariximizdə müstəsna xidməti, yeri və rolu olan bir qəzetin yaranma tarixi günüdür. 1996-cı ildən bugünə

kimi əməkdaşı olduğum "525-ci qəzet”in 22 yaşını, 22 yaşımızı, keçmişli-indikili bütün sayğıdəyər "525”-ciləri səmimi qəlbdən təbrik edirəm. Rəşad müəllimə və bütün "525”çilərə, onu da arzu edirəm ki, "525”-in 33,44,55 və sair yaşını birlikdə qeyd edək”.

Rufik İsmayılov: "Jurnalist Ceyhun Musaoğlu yazılarının birində qeyd eləmişdi ki, "Ədalət” qəzeti mənim üçün jurnalistikada ata ocağıdır. Hara getsəm də, həmişə ora təkrar qayıtmaq, orada işləmək imkanım və şansım var. Bu mənada "525-ci qəzet” də mənim üçün jurnalistikada ata ocağıdır. Hazırda jurnalistikada əldə etdiyim az-çox uğurlarda, imzamın tanınmasında "525”in və "525-çi”lərin də rolu böyükdür. Oradakı insanların mənim üzərimdə böyük haqqı var. Nə vaxtsa orada işlədiyim, "525”çi olduğum üçün bu gün də qürur hissi keçirirəm. Rəşad Məcid, Yusif Rzayev, Qalib Toğrul, Aydın Bağırov, Gündüz İsmayılov, Yaşar Əliyev daxil olmaqla bütün "525”çiləri təbrik edirəm. Günümüz mübarək”.

Rəşad Süleymanov: "Bu gün məktəb saydığım, Azərbaycan mətbuatında öz yeri və öz sözü olan "525-ci qəzet”in 22 yaşı tamam olur. Bu münasibətlə başda Rəşad Məcid və Yusif Rzayev olmaqla bütün "525”-çiləri təbrik edirəm”.

Pərvanə Sultanova: "Özüm də daxil olmaqla bütün "525”çiləri təbrik edirəm. Hər zaman deyirəm ki, nə yaxşı ki, yolumuz "525”-dən keçib. Mən ən etibarlı, güvənli, yaxşı dostları məhz "525”-də qazandım. Daha ad çəkmək istəmirəm, çünki oradakıların hamısı əzizdirlər. Doğum günün mübarək "525-ci qəzet”.

Günel Musa: "2009-cu ilin sentyabrın 9-da başladı mənim jurnalist həyatım. Bu yola "525-ci qəzet”dən başladım. Xəbər yazmağı, düşüncələrimi ədəbi yazılara çevirməyin kodlarını bu ocaqda öyrəndim. Bu gün bu doğma qəzetin ad günüdür. O ocaqda bütün ömrüm boyu minnətdar olacağım insanlar var. Rəşad Məcid, Seyfəddin Hüseynli, Yusif Rzayev. Orda 4 il bir yerdə çörək kəsib, sevinib güldüyümüz insanlar var. Orda özümə bir çox dost tapdım. Orda çox dəyərli insanlar tanıdım. Mən harda, hansı zirvədə oluramsa olum, o ocağın qapısından içəri keçəndə hər zaman özümü "525-ci qəzet” in mədəniyyət müxbiri kimi hiss edəcəm. Təbriklər, doğma qəzet”.

Aydın Bağırov: "Bu gün "525-ci qəzet”lə yanaşı, qəzetin oğlu "Qol.Az” saytının da 6 yaşı tamam olur. "Qol.Az” heç, balaca uşaqdı, ən böyük təbrik heç şübhəsiz, mətbuatımızın ağsaqqalı və "Qol.Az”-ın atası "525-ci qəzet”ə düşür. Bu gün "525”in 22 yaşı tamam olur. 23 yaşlı müstəqil Azərbaycanın 22 yaşlı qəzetinin 17 illik bir parçası olmaqla yalnız şərəf duya bilərəm. Başda Rəşad Məcid olmaqla "525”in rəhbərliyini, qəzetdə çalışmış və çalışan hər kəsi ürəkdən təbrik edirəm”.

Cavid Qədir: "Bu gün çox sevdiyim bir mühitin, mənə jurnalistikanın "əlifbası”nı höccələməkdə əvəzsiz baza rolu oynayan, bu peşənin sirlərini öyrənməyə çalışdığım bir akademiyanın yarandığı gündür. 2012-ci ilin qışından bu akademiyanın öyrəncilərindən sayılıram. İnanmıram bu qədər demokratik və akademik mühit hardasa başqa bir yerdə olmuş olsun. Bu bazanın yaranmasının səbəbkarı Rəşad müəllimə, daha sonra qəzetdə praktika keçməyə başladığım gündən öz məsləhətlərini əsirgəməyən Seyfəddin müəllimə, hər vaxt peşəkar redaktor kimi yararlandığım Yusif müəllimə və üzərimdə əməyi olan hər kəsə minnətdaram. Bundan başqa kollektivimizin digər üzvlərini təbrik edirəm. Hamısına ayrılıqda böyük hörmət bəsləyirəm.

"525-ci qəzet” bizimçün təkcə qəzet, redaksiya, iş yeri deyil, həm də ikinci ailədir. Belə gözəl ailənin üzvü olmağımla qürur duyuram. İstər keyfiyyət, istər prestij baxımından bizim qəzet ölkədə birinci pillədə dayanır. Hər vaxt ədəbiyyatın, mədəniyyətin, xüsusən gənclərin yanındadır. Bu gün jurnalistika sahəsində üzdə olan imzalardan azı 70 faizi bu məktəbi keçib. Qeyri-jurnalistika sahəsində çalışan bir çox tanınmış, işində öz möhürünü vurmuş şəxs məhz "525-ci qəzet”in yetirməsidir. Bu barədə çox danışa bilərəm, amma artıq sözə nə hacət?! Görənlər görür, bilənlər bilir.

Mistikaya inanmıram, amma mayın 22-dən "525-ci qəzet”də çalışıram və bu il qəzetin nəşrə başlamasından 22 il ötür. Atalar sözündə deyildiyi kimi, lap bir igidin ömrüdür. Həmçinin bu gün "525”in törəməsi olan "Qol.Az " saytının da 6 yaşı tamam olur. "Qol.az”çılara da ayrıca təbriklərim var, əlbəttə.

Yeni yaşımız mübarək! Necə deyərlər, həmişə irəli, həmişə birinci”.

Bəxtiyar Məmmədli: "Nə az, nə çox, düz 8 ilə yaxın bir müddətdə "525-ci qəzet”də işləmişəm. Bu məktəb mənə jurnalistika ilə bağlı hər şeyi öyrədib. Amma ən əsas səbirli olmağı öyrətdi. Buna görə də Rəşad müəllim başda olmaqla, Yusif Rzayevə, Aydın Bağırova, Yaşar Əliyevə, Seyfəddin Hüseynliyə təşəkkür edirəm. Bu gün həm əvvəlki, həm indiki "525”-cilər üçün ikiqat bayramdır. Əziz "525”-cilər, bayramınız mübarək”.

Sonda qəzetin yaranmasında və yaşamasında önəmli rolu olan baş redaktorun müavini Yusif Rzayev fikirlərini bildirib: "22 əvvəl soruşsaydılar ki, 22 il sonra "525”i necə təsəvvür edirsiniz, yəqin ki, böyük vədlər verərdim. O vaxt doğrudan da böyük arzularımız vardı. Yəqin bu istək həm gənc olmağımızdan, həm də o zamankı ab-havadan irəli gəlirdi. İndi hərdən düşünürəm, Türkiyədəki Kanal D şəbəkəsinin yaşı təxminən elə "525”in yaşı qədərdi. "ANS”, deyəsən yaşca Kanal D-dən də böyükdür. Amma indi Kanal D təkcə reklamdan nə qədər pul qazanır və inkişaf edir. Çünki bu qurum biznes strukturuna çevrilə bildi. Bizdə isə media biznes strukturuna çevrilə bilmədi. Digər tərəfdən fikirləşirəm ki, bu illər ərzində Azərbaycanda nə qədər mətbu nəşr yaradılıb, nə qədəri az keçmədi bağlanıb, yoxa çıxıb. Ötən illərdə "525”in çətin günləri az olmayıb. Amma əgər qəzeti bu illər ərzində qoruyub saxlamaq mümkün olubsa, deməli, sevinməyə dəyər. Bu illər ərzində "525” əsl fabrik olub, nə qədər jurnalist burda məktəb keçib, yazmaq öyrənib. Yazsaq, bu rəqəm bəlkə də 100-ü keçər, çoxu da tanınmış imzalardır. Bir sözlə, "525-ci qəzet”in zəhməti 22 il ərzində hədər getməyib”.

Anar