“AYO-da baş verənlərdən heç bir xəbərim yoxdur”

Aqşin Yenisey: “Ya da deyəsən, orda heç nə baş vermir”
"AYO ədəbiyyatımızın qəhrəmanlıq anı idi, artıq peşəkarlıq dövrü başlayıb. Bilirsiniz ki, peşəkarlıq olan yerdə qəhrəmanlığa ehtiyac olmur”


Gənc yazar Namiq Hüseynli daha 1 il müddətinə Azad Yazarlar Ocağının (AYO) sədri seçilib. Əsasən gənc yazarlardan təşkil olunan AYO-da idarə heyətinin toplantısı keçirilib, postmodernist dəyərlərə üstünlük verilən ocaqda sədrliyə üç namizəd olub: əvvəlki sədr Namiq Hüseynov, Seymur Baycan və Rasim Qaraca.

Rəqiblərinə iki səs fərqi ilə qalib gələn Namiq Hüseynov daha bir əvvəlki işini davam etdirəcək. Qeyd edək ki, AYO-da hər il sədr seçkiləri keçirilir. İndiyədək seçilən sədrlər arasında Rasim Qaraca, Aqşin Yenisey, Seymur Baycan və Günel Mövlud olub.

Qeyd edək ki, AYO ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. İddialara görə, qurum artıq əvvəlki nüfuzunu itirib. Bugünkü AYO Rasim Qaracanın, Aqşin Yeniseyin sədrlik etdiyi dönəmlərdən çox fərqlidir. Həm sədr seçkiləri, həm də qurumun fəaliyyəti ilə bağlı "Şərq”ə danışan şair Aqşin Yenisey isə son illər AYO-dan xəbərsiz olduğunu deyib. "Ötən iki ildə AYO-da baş verənlərdən heç bir xəbərim yoxdu, ya da deyəsən, orada heç nə baş vermir, ayrı-ayrı üzvlərin şəxsi təşəbbüsləri ilə bir neçə kitabın nəşrini çıxmaq şərtilə. Həm də mənim düşüncəmə görə, AYO artıq bir ədəbi hərəkat kimi Azərbaycan ədəbiyyatında öz missiyasını uğurla yerinə yetirib. Bu missiya çağdaş Azərbaycan ədəbiyyatının inkişaf istiqamətini klassik qəzəlləmədən, ölüvay lirik-romantikadan, sovetizmin ideoloji-ədəbi impotentliyindən uzaqlaşdırıb, dünyəviləşməyə və küllükültürəlizm dəyərlərinə doğru yönəltməkdən ibarət idi. Bu gün artıq ədəbiyyata gələn istənilən istedad, AYO və onun üzvləri, toplantıları olmadan belə bu yeni istiqaməti seçir. İndiki ənənəvi AYO-çular, sadəcə, bu ədəbi hərəkatın həmişə ağsaqqallar şurasının yaradılmasına və özlərinin orda ədəbi "dembl” olaraq "molodoy”lara ağıl öyrətmək istəyənlərdir. Sədr seçkisi isə AYO-da həmişə qeyri-ciddi, formal xarakterli bir tədbir olub. Yeni sədr seçkisi, yəqin ki, AYO-nun AYB-nin telekanal açmasına cavabıdır. AYO ədəbiyyatımızın qəhrəmanlıq anı idi, artıq peşəkarlıq dövrü başlayıb. Bilirsiniz ki, peşəkarlıq olan yerdə qəhrəmanlığa ehtiyac olmur”.

Şəymən