Biri həyatını itirdi, biri də həbsxanaya getdi

Getdikcə “facebook” “razborka” meydanına çevrilir



"Facebook” qurbanlarının sayı artır. 11-ci sinif şagirdini öldürməkdə təqsirli bilinənlərlə bağlı ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bu acı reallığı ortaya qoydu. Söhbət 11-ci sinif şagirdi Mobil Abdullayevin məhz "facebook”da yazışma sonucu evinin yaxınlığında bıçaqlanmasından gedir. Məhkəmə yeniyetmənin ölümündə təqsirləri sübuta yetirilmiş 5 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzası verib. Olardan biri, hətta 14 il azadlıqdan məhrumetmə cəzası alıb. Bu da, insanların həyatını qaraldan sosial şəbəkələr, çatlaşmalar, yazışmalar...

Nə qədər belə faciələr yaşanır ölkəmizdə. 3-5 ayın cavan gəlinləri mesajlaşma qurbanına çevrilib ailələrini itirir, gənc qızlar əclafların toruna düşür, yeniyetmə oğlanlar biri-birinə qənim kəsilir. Artıq neçə ildir ki, sosial şəbəkələr bütövlükdə cəmiyyəti təhdid edir. Kimisə pişiyin dərisini soyub videosunu paylaşır, bir başqası küçüyə necə zülm etdiyini, bəzi üzdəniraq cavanlar gənc qızlarla necə əyləndiklərini, hansısa "ana” uşağı ilə necə qəddar rəftar etdiyini. Belə vəziyyətdə insan faciələrinin yaşanacağı da labüddür və 11-ci sinif şagirdinin həyat dramı da bunu təsdiq edir.

İstər yeniyetmə olsun, istər gənc, istərsə də yetkin insan, onları sosial şəbəkə bəlasına gətirib çıxaran hansı amillərdir?
Mütəxəssislərin rəyi budur ki, ailə-məktəb-cəmiyyət üçlüyü insanın formalaşmasında başlıca rol oynayır.

"Yeniyetmələr söyüşün cinayət olduğunu bilmir”

Hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında sosial şəbəkələrlə ehtiyatlı davranılmasını məsləhət gördü:

- Biz istəsək də, sosial şəbəkələrin, yazışmaların qarşısını ala bilmərik. Artıq bütün dünya bunun üzərində köklənib. Hansısa şəbəkəni bağlamaq, qadağan etməklə də müsbət nəticəyə nail olmaq mümkün deyil. Çünki məlum məsələdir, nəyi qadağan edirsənsə, ona daha çox can atılır. İnsanları, xüsusən də uşaqları, yeniyetmələri sadəcə, qorumaq mümkündür. Hansı yolla? Əvvəla, hər bir insanın davranışlarının, hərəkətlərinin kökündə aldığı tərbiyə dayanır. Kimlərsə sosial şəbəkələrdə nalayiq ifadələr işlədir, söyüşürlərsə, bu, artıq o insanların tərbiyəsinə, əxlaqına bağlı məsələdir. Əxlaqlı, etik qaydalara riayət edən adam birinci növbədə özünə hörmət edib nalayiq ifadələr işlətmir. Elə yazışmalar gördükdə də, yan keçir, əhəmiyyət vermir və həmin yazışmalara qoşulmur. Bizim yeniyetmələrin ən böyük problemi valideyn nəzarətsizliyidir. Hərə bir kompyuter alıb, uşaq da səhərdən-axşamadək əyləşir kompyuterin qarşısında, hər cür saytlara daxil olur, hər cür tanışlıqlara, yazışmalara qoşulur. Valideyn isə buna nəzarət etmir ki, görsün övladı nəylə məşğuldur. Kompyuterdən necə, harada, nə məqsədlə istifadə edir. Nəzarətin çox sadə yolları var. Konkret paketlər mövcuddur ki, onları kompyuterə daxil etməklə, müəyyən saytlara girişi bağlamaq mümkündür. Xüsusi qoruma proqramları var. Necə ki, kompyuterlərə "antivirus” proqramları yüklənir, eləcə də qoruyucu proqramlar yükləməklə uşaqların zərərli şəbəkələrə girişini bloka salmaq olar. Qoy kompyuterdə uşağın tədrisinə, məhz tədrislə bağlı müəyyən intellektual oyunlara girişi açıq qalsın. Digər zərərli şəbəkələrsə qapansın. Valideynlər belə asan bir məsələni həll etmir. Bəlkə çoxunun bundan xəbəri belə yoxdur. Bu halda dövrəyə artıq məktəb daxil olmalıdır. Məktəb, müəllimlər valideynləri məlumatlandırmalıdırlar. Bu işlər kompleks aparılmalıdır. Yeniyetmələrin tərbiyəsində məktəbin əhəmiyyətli rolu var. Məsələn, bu sonuncu faciəli olayla bağlı müəllimlər şagirdlərlə söhbət aparmalıdırlar, hadisənin səbəblərini, ağır faciəyə gətirib çıxaran amilləri onlara başa salmalı, müzakirə aparmalıdırlar. Zərərli vərdişlərin insanın həyatına bais olduğunu anlatmalıdırlar. İnanmıram ki, bu saat hansısa məktəbdə belə söhbətlər aparılsın. Təklif edərdim ki, məktəblərdə aşağı siniflərdən şagirdlərə hüquq dərsi keçilsin. Təsəvvür edin ki, şagirdlər söyüşün qanun pozuntusu olduğunu bilmirlər. Bilmirlər ki, söyüşə görə, cinayət məsuliyyəti nəzərdə tutulur. Elə bilirlər ki, kimi istəsələr söyə bilərlər. Bəzən tanımadıqları adamlar barəsində nalayiq ifadələr işlədirlər. Şər-böhtan yayırlar. Amma görürsünüz, söyüş üstündə bir gənc həyatını itirdi. Digərləri də həbsə atıldılar. Elə ölkələr var ki, orada hüquq dərsləri aşağı siniflərdən tədris olunur. Bunun üstünlüyü ondadır ki, gənclər hüquqlarını bilirlər. Amma bizdə yeniyetmələrin hüquqi anlayışları olmadığından hətta çətinliyə düşəndə hara müraciət edəcəklərini bilmirlər. Məsələn, sosial şəbəkədə təhqirə məruz qalan adam hüquq-mühafizə orqanlarına müraciət etməyi ağlına da gətirmir. Halbuki, təhqir, insanın nəyəsə təhrik edilməsi cinayət əməlidir. Hesab edirəm ki, uşaqlar üçün Psixoloji Mərkəzlər də yaradılmalıdır. "Qaynar xətt”lər olmalıdır ki, çətinliyə düşəndə ora müraciət etsinlər. Uşaq, yeniyetmə psixologiyası kövrək, həm də mürəkkəbdir. Bəzən valideyninə deyə bilmədiyini uşaq həkimə, psixoloqa danışır. Və həm də bu "Qaynar xətt”lər barədə uşaqlar məlumatlı olmalıdırlar. Bilməlidirlər ki, dara düşəndə müraciət edə biləcəkləri insanlar var. Bundan başqa, məktəblilərin dərsə mobil telefon gətirmələrinə ciddi qadağa qoyulmalıdır. Dərs müddətində məktəblinin əlində mobil telefon olmamalıdır. Evdə də ciddi nəzarət edilməlidir. Bu işlər görülərsə, məncə, müsbət yöndə dəyişikliyə nail olmaq mümkündür.

"Ailələrimiz korlanıb...”

Sosioloq Əhməd Qəşəmoğlu da bu fikirdədir ki, sosial şəbəkə faciələrinin kökündə yeniyetmələrin nəzarətsiz qalması dayanır:

- Məlumdur ki, dünyada sürətlə qloballaşma prosesi gedir, ölkəmiz dünyaya inteqrasiya edir, bu fonda sosial şəbəkələrdən kütləvi istifadələr də genişlənib. Belə bir zamanda biz mənəvi proseslərə daha çox diqqət ayırmalıyıq. Amma əfsuslar olsun ki, bu gün mənəviyyata mənfi təsir edən, müəyyən pozuntular yaradan amillərin sayı həddindən artıq çoxalıb. Bizim diqqətimiz isə azalıb. Ona görə də, mənəviyyatla bağlı problemlər cəmiyyətdə geniş vüsət alıb. Ailələrimiz korlanıb. Bugünkü Azərbaycan ailəsi artıq 20-30 il bundan əvvəlki ailə deyil. Azərbaycan ailəsinin özü də bu gün çox gərgin vəziyyətdədir, bunun özünə ciddi diqqət yetirilməlidir. Minillər boyu formalaşmış milli ailə institutu hazırda böyük problemlə üzləşməkdədir. Bu ailə institutunda ağsaqqal və ağbirçəklərin öz yeri, ata-ananın öz yeri, övladın isə öz yeri vardı. İstər hazırkı iqtisadi, istərsə mənəvi mühit ailələrin ənənəvi qaydada davam etdirilməsinə imkan vermir. Ailə hər bir şəxsiyyəti fərdi qaydada cəmiyyətə hazırlayan məktəbdir. Və bu gün bu məktəbdə mənəvi sarsıntı baş verib. Və ailələr artıq şəxsiyyətin cəmiyyətə inteqrasiya funksiyasını yerinə yetirə bilmir. Bu vəzifə əksər ailələrdə itib. Belə ailələrdə böyüyən uşaqlar da cəmiyyətə hazırlanmamış vəziyyətdə olduğu üçün onlar özlərini tapa bilmirlər. Şəxsiyyətə, mənəviyyata təsir edən faktorlar sırasında cəmiyyət və ailə ilə yanaşı, internet, televiziyadan yayımlanan əxlaqsız, zoru, gücü, işgəncələri təbliğ edən filmlər, şit verilişlər də var. Soruşuram,
bu gün hansı televiziya kanalında tərbiyəedici verilişlər var? Uşaq, yeniyetmə, gənc, eləcə də onların işsiz-peşəsiz anası, atası səhərdən axşama kimi mənasız seriallara baxırsa, biz onlardan nə gözləyə bilərik?! Bu insanlar övladına hansı tərbiyəni verə biləcək? Telekanallarda işgəncə, əzab, əxlaqsızlıq göstərilirsə, təbii ki, insan da buna istiqamətlənəcək. 11-ci sinif şagirdinin ağlına hardan gəlib ki, əyninə ədliyyə işçisinin formasını geyinib şəkil çəkdirsin və altdan da həmin sözləri yazsın?! O qədər "oğru aləmi”ndən, "razborka”lardan danışılır ki, uşaq da istər-istəməz təsir altına düşür. Valideyn nəzarəti də yoxdur. Sonda faciə baş verir. İnsanların, xüsusən də gənclərin çoxu depressiyadadır, çünki internet asılılığına düçar olublar. Başqa işləri-peşələri yoxdur. Ancaq yazışma, tanışlıq və s. Bunlar internetin, qloballaşmanın gətirdiyi bəlalardır. Mobil telefonlarla çəkiliş edib, sosial şəbəkələrə nalayiq videolar yerləşdirmək dəbə minib. Kimsə videonu yerləşdirir, başqaları da başlayır onu paylaşmağa. Televiziyalar da bunu göstərir. Televiziyaya uşaq da baxır, gənc də, qoca da. Belə video-çarxlar insanlarda yanlış təsəvvür formalaşdırır. İnsanlar yanlış olaraq belə düşünürlər ki, deməli, bu işlər yaxşıdır, onu edənləri hər yerdə göstərirlər, reklam edirlər. Efir, mətbuat, sosial şəbəkələr pis nümunələr üçün yox, yaxşı, müsbət, cəmiyyətə xeyir verəcək hadisələr, məlumatlar üçün meydan olmalıdır. Ona görə mən hər zaman irad tuturam ki, internetdən, müasir texnologiyalardan biz lazımi formada istifadə etməyi bacarmırıq. Ən pis nə varsa, onu götürürük, yaxşılar qalır bir kənarda. Bunun da səbəbi ümumiyyətlə, cəmiyyətdəki mənəvi aşınmalar, deqradasiyadır. Problemin qarşısını almaq üçün dövlət təcili olaraq, proqram hazırlamalıdır. Və burada dövlətin humanitar siyasəti ilə bağlı hüquqi normalar, görəcəyi işlər müəyyənləşdirilməlidir. Həmin proqramda ictimai təşkilatların, ziyalıların, məktəblərin, valideynlərin vəzifələri dəqiq təyin edilməlidir. Bu proqramın təcili tərtibinə və icrasına böyük ehtiyac var.

Məlahət Rzayeva