Bayılda söküntü olacaq

Neft Şirkətinin ərazisində tikilmiş evlərin boşaldılması haqqında sakinlərə bildiriş verilir



Bakının Səbail rayonu ərazisində söküntü işləri genişləndiriləcək. Bayıl qəsəbəsi və "20-ci sahə” yaşayış massivində plana düşən tikililər köçürüləcək. Artıq Arif İsmayılov, Salyan Döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrin sökülməsinə hazırlıq gedir. Bu barədə sözügedən ərazidən reportaj hazırlayan əməkdaşımıza sakinlər bildiriblər.

Sakinlərin sözlərinə görə, onları ARDNŞ məhkəməyə versə də, evlərin sökülməsi ilə bağlı bildirişlər Səbail Rayon İcra Hakimiyyəti tərəfindən göndərilir.

Bildiriş alan sakinlər söküntü prosesindən narazıdır. Onların iddiasına görə, bildirişlərdə kopmensasiya verilməsindən söhbət getmir. Evlərinin sökülməsinə etiraz etmədiklərini, sadəcə ailələrinin küçəyə atılmasına etiraz etdiklərini vurğulayan sakinlər ya ev istəyir, ya da kompensasiya. Qeyd edək ki, sözügedən ərazidə söhbət bir nəfərin, beş nəfərin taleyindən getmir. Burda yüzlərlə vətəndaşın taleyi qaranlıq qalıb. Ən əsası isə heç kim məsələyə aydınlıq gətirmir, sanki sakinlər qanunsuz olaraq orada yaşayırlar. Halbuki Bayıl qəsəbəsində məskunlaşan sakinlərin hər biri orada qeydiyyatdadır. Özlərinin də dediyi kimi, küçələri var, qaz, işıq və su pulu ödəyirlər.

Onlara ünvanlanan bildirişdə dəqiq vaxt yazılmadığını vurğulayan sakinlər bildirib ki, ərazidə olan qanunsuz tikililər söküləcək. Təşviş içində olan əhalinin bir hissəsi Səbail Rayon İcra Hakimiyyətinə müraciət edərək, məsələyə aydınlıq gətirilməsini xahiş ediblər. Bu qurumdan əhaliyə bildirilib ki, qanunsuz tikililərin sahiblərinə kompensasiyanın verilməsi nəzərdə tutulmur.
Bayıl qəsəbəsindəki söküntü prosesi ilə bağlı ətraflı məlumat almaq üçün sözügedən ərazidə yaşayan həmkarımız, "Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı ilə əlaqə saxladıq.
Hələlik söküntü ilə bağlı bildiriş almadıqlarını vurğulayan E.Muradlı söküntü işləri gedən ərazinin onlardan bir az kənarda olduğunu bildirib: "Bizim ev söküntü planlaşdırılan əraziyə düşmədiyi üçün bizə heç bir bildiriş gəlməyib. Söküntü əsasən neft quyularının arasındakı ərazidə tikilən evlərdə aparılacaq. Hansı ki, həmin evlərin əksəriyyəti yeni tikilib, sakinlər isə əsasən rayon camaatıdır. Rayondan köçüb gəlib, burada ev tikib, məskunlaşıblar”.

Yaşadıqları ərazinin sürüşmə zonası olduğunu deyən həmkarımız buna rəğmən evlərinin söküntüsü ilə bağlı hələ ki, bir səs-soraq olmadığını da deyib: "Ərazidə sürüşmə gedir deyə-deyə hamı tikir, qurur, yaradır. Bu tərəflərdə ev tikən məmurlar da var. Dağın təpəsində elə qəşəng villalar tikiblər ki. Burada həm də qaçqın və məcburi köçkünlər də yaşayır. Söküləcəyi ilə bağlı müxtəlif söyləntilər olsa da, hələ bizə gəlib, çatmayıblar. Biz tərəflərdə neft ARDNŞ-nin ərazisi olsa da, siz dediyiniz tamam başqa yerdi. Son zamanlar ancaq eşidirəm ki, hər il Neft Şirkəti onları məhkəməyə verir. Amma sonradan kimsə müdaxilə edir, iş yarımçıq qalır. Nəsə dəbə düşüb, ildə bir dəfə camaata bildiriş göndərirlər ki, evinizi sökəcəyik. Yəni ki, ay camaat, evinizdə rahat oturmayın, başınızın üstündə "Damokl” qılıncı var. Bax, bu gün Bayıl qəsəbəsində vəziyyət belədir”.
Söküntü işinin ləngimə səbəblərinə gəldikdə isə E.Muradlı deyib ki, sakinlər onlara verilən kompensasiyalardan narazı olduğu üçün millət vəkili Fuad Muradov camaata kömək edir və müəyyən müddətə köçürmənin təxirə salınmasına nail olur. Ya da özlərinin yadından çıxır, gəlib sökmürlər.

Şəymən