Parkomatlar uğrunda “savaş” qızışır

Nəqliyyat Nazirliyi ilə meriya bir-birini ittiham edir



Bakının bəzi yerlərində yeni parkomatlar quraşdırılıb və pullu dayanacaq sisteminə keçilib. Əvvəllər dayanacaqlarda əlində çubuq sürücülərə yol göstərən, avtomobil dayanacaqdan çıxanda isə xidmət haqqı tələb edən insanlar olurdu. Parkomatlar ona görə quruldu ki, bu qanunsuzluğun qarşısı alınsın, xidmət elektronlaşsın. Lakin bu parkomatların tətbiqi problemləri həll etmədi, əksinə, yeni problem və çətinliklər yaratdı. Belə ki, parkomatlardan şikayətlər bitmək bilmir.

Birincisi, parkomatlar elə yerlərdə quraşdırılıb ki, əvvəllər bu ərazilərdə ümumiyyətlə maşın saxlamaq qadağan idi. İkincisi, istər təhlükəsizlik, istərsə də yerləşdiyi ərazi baxımından həmin ərazilər heç bir cəhətdən dayanacaq parametrlərinə cavab vermir. Həmçinin artıq Nəqliyyat Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında parkomatlar üstündə dava qızışıb. Nəqliyyat Nazirliyi bəyan edib ki, paytaxtda ödənişli müvəqqəti duracaqlarda quraşdırılan parkomatlar nəqliyyat vasitələrinin fəaliyyətinə böyük maneə törədir.

Nazirliyin nəqliyyatda yaranmış problemlərə görə meriyanı suçlamasını isə BŞİH cavabsız qoymayıb. Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev deyib ki, Nəqliyyat Nazirliyinə tabe qurumların nümayəndələrinin onların ünvanına səsləndirdikləri paytaxtda ödənişli müvəqqəti duracaqlarda quraşdırılan parkomatların nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməsi, taksilərə parklanmaya imkan verilməməsi, parkomatlarla avtobus dayanacaqları arasında məsafənin az qoyulması kimi ittihamları qəbul etmir. Nazirliyin hüquqi cəhətdən əsaslandırması olmadığını deyən Meriya əməkdaşının sözlərinə görə, parkomatın Nazirliyə aidiyyəti yoxdur. Avtobus dayanacaqlarına gəlincə isə H.Abdullayev onlara yaxın ərazilərdə parkomatlar olmadığını qeyd edib. Belə görünür ki, paytaxtın "yağlı tikələrindən” hesab olunan parkomatlar uğrunda savaş bununla da bitməyəcək. Bu savaşda qalibin kim olacağını çox gözləmək lazım gəlməyəcək...

Kimin haqlı, kimin haqsız olduğuna gəldikdə isə nəqliyyat sferasındakı bu cür xoşagəlməz halların tez-tez gündəmə gəldiyini təəssüflə vurğulayan Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, parkomat ətrafında gedən mübahisələrdə haqlı tərəf Nəqliyyat Nazirliyidir: "Bu iş təşkil olunanda başdan yanlışlıqlara yol verilib. Problemlər də ona görə tükənmək bilmir. Baş verənləri iki qurum arasındakı qalmaqal kimi dəyərləndirilməsinin əleyhinəyəm. Burada söhbət qurumlardan birinin hərəkətsizliyindən, digərinin isə öz səlahiyyətlərini aşmasından söhbət gedir. Mövcud qanunvericiliyə görə, Bakı şəhəri ərazisindəki bütün yol, küçə və prospektlər Nəqliyyat Nazirliyinə aid olan "Azəryolservis”in tabeliyindədir. Yol hərəkəti təhlükəsizliyi isə Dövlət Yol Polisi İdarəsinin nəzarətindədir. Bu iki qurumla razılaşdırılmadan yollarda heç bir iş görülə bilməz. Hətta "Azəryolservis” və DYPİ-dən icazə almadan yolları təmizləmək belə qanunla qadağandır. Onu da xatırladım ki, yol kənarlarındakı səkilər də küçənin tərkib hissəsi hesab olunur. Odur ki, yol kənarlarında parkomat quraşdırmaq, yaşıllıq salmaq üçün aidiyyəti qurumların razılığı alınmalıdır”. Nəqliyyat Nazirliyinin bəyanatının doğru olduğunu deyən ekspert hesab edir ki, nazirlik bir xeyli kecikib: "Bakı şəhərində ilk parkomat qurğusu yerləşdirən zaman Dövlət Yol Polisi və Nəqliyyat Nazirliyi müdaxilə etməli idi. Meriya heç bir infrastrukturu nəzərə almadan parkomatları yol boyunca sağa-sola quraşdırıb. Belə bir şey heç bir qanunvericilikdə nəzərdə tutulmadığı üçün faktiki olaraq həmin qurğular qanunsuz sayılır”.

Nazirliyin parkomatlarla bağlı bəyanatını mənfəət güdməsi kimi dəyərləndirilməsinə gəldikdə isə Ə.Hüseynov bildirib ki, Nəqliyyat nazirliyinin burada kooperativ maraqları olsa belə, məsələyə bəsit yanaşmaq doğru deyil. Tam əminliklə deyə bilərəm ki, Bakı şəhərində parkomatların qurulması ilə bağlı proses bərbad səviyyədədir və özbaşınalıq pik həddə çatıb: Şəhərdə parkomatlar yerləşdirməzdən əvvəl onların konsepsiyası işlənib hazırlanmalı idi. Harada və necə quraşdırılacağına dair konkret meyarlar bəlli olmalı idi. Dayanacaqların hansı küçədə pullu, hansı küçədə pulsuz olduğu qeyd olunmalı idi. Dünyanın heç bir şəhərində hər küçədə pullu dayanacaqlar yoxdur.

Evin tikilməsi üçün əvvəlcə fundamentdən başlamaq lazımdır. Bunlar damdan başladılar. Əvvəlcə parkomatlar quraşdırılarkən elə yerlər müəyyən eləmək lazım idi ki, təhlükəsiz olsun, nəqliyyatın hərəkətinə, insanların gəliş-gedişinə maneə törətməsin. Üstəlik, heç də bütün ərazilərdə dayanacaqların hamısı pullu olmalı deyil. Bu praktikaya dünyanın heç bir yerində rast gəlinməyib. Ona görə də kobud səhvdir. Bu millət, bu xalq dövləti ona görə qurmayıb ki, yerindən duran addımbaşı parkomat qoyub, pul qazansın. Pullu parkomatları o küçəyə qoyurlar ki, orada avtomobillərin hərəkəti məhduddur, yer çatışmazlığı var. Bunlar az qala kola-kosa da parkomat qoyub, pul qazanırlar. BŞİH həmin parkomatları işə salmazdan əvvəl NN və DYP ilə müzakirələr aparmalı idi. Hər üç qurum baş-başa verib, yeni qanunvericilik bazası hazırlamalı və prosesi həmin qanunvericiliyə uyğun həyata keçirməli idilər. Onsuz da son nəticədə yığılan pullar dövlət büdcəsinə yığılır”. Ekspert deyib ki, parkomatlarla bağlı məsələ qanunvericilik səviyyəsində həllini tapmayıb: "Ümumiyyətlə məsələ qanunvericilik səviyyəsinə gətirilməli idi. Hazırda isə bununla bağlı heç bir qanunvericilik aktı yoxdur. Tariflər müəyyən olunmalı, tənzimlənən qiymətlər müəyyən olunmalı idi. Bunlar hesaba alınmadığından problemlər üzə çıxır. Məsələn, maşın saxlamanın qadağan olunduğu yerdə parkomat quraşdırılması özü kobud səhvdir. Üstəlik, orda heç bir genişləndirilmə işi aparılmayıbsa, təhlükəsizlik tədbirləri görülməyibsə, bu, ağlasığmazdır. Yaranan vəziyyət konkret olaraq hədəfin Bakı şəhərində yol hərəkətində nizam-intizam yaratmaq yox, pul yığmaq olduğunu göstərir. Əgər belə olmasa idi, proseslər ardıcıl gedərdi, yerlər ayrılardı, tariflər müəyyən olunardı, əhali arasında parkomatlar qurulmazdan əvvəl müəyyən qədər izahat işləri aparılardı. Amma indiki halda bu fəaliyyət bütövlükdə qanun çərçivəsinə salınmayıb”.

Şəymən