Azərbaycançılıq daxildə və xaricdə təbliğ edilməlidir

“Nizami Gəncəvi” Beynəlxalq Mərkəzinin fəaliyyəti bu mənada örnək ola bilər



Azərbaycançılığın daxildə təbliğinə və xaricdə yayılma coğrafiyasına diqqət etsək, istər say, istərsə də nüfuz baxımından təşkilatlarımızın təmsil olunduqları ölkələrdə böyük irəliləyişlərə nail olduqlarını söyləyə bilərik. Əvvəllər bu təşkilatlar yalnız öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamaq, Azərbaycanla əlaqələrini itirməmək üçün fəaliyyət göstərirdilərsə, indi onlar yaşadıqları ölkələrdə Azərbaycanın qarşılaşdığı haqsız problemlərlə bağlı da öz səslərini ucaltmağa başlayıblar. Artıq neçə illərdir ki, Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması uğrunda elmi-mədəni mərkəzlərin göstərdiyi müsbət fəaliyyəti izləyirik. Əlbəttə, bütün bu tədbirlər Azərbaycan dövlətinin xarici siyasət kursuna uyğun olaraq həyata keçirilir və biz hər ötən il ərzində bu tədbirlərin daha effektli və mütəşəkkil aparıldığının şahidi oluruq. Ancaq bu məsələdə təşkilatlarımıza lazımi dəstək vermək üçün dövlət strukturları, qeyri-hökumət təşkilatları və mətbuatın da üzərinə böyük məsuliyyət düşür. Əslində sürətlə qloballaşan dünyanın siyasi xəritəsində 200-dən çox dövlət mövcuddur.

İnformasiya bolluğu içərisində bu ölkələrin müasir durumu, həyat tərzi, mədəni irsi haqqında ətraflı və obyektiv məlumat əldə etmək asan iş deyil. Bu baxımdan ölkəmizin beynəlxalq ictimaiyyətə tanıdılması prosesi hərtərəfli və düşünülmüş şəkildə hazırlanmalıdır. Həmçinin, Azərbaycanın tanıdılması prosesinə diaspora təşkilatları ilə yanaşı, digər müxtəlif mədəni qurumlar da dəstək verməlidir.

Azərbaycan mədəniyyətinin, tarixinin, elmi-ədəbi irsinin dünyaya çatdırılmasında mühüm rol oynayan belə təşkilatlardan biri "Nizami Gəncəvi - Beynəlxalq Mərkəzi”dir. Mərkəz dünya liderləri, siyasi xadimlərini bir araya gətirməklə, onların diqqət və fəaliyyətini Azərbaycanın mədəni həyatına yönəldib. Təsadüfi deyil ki, bu məqsədlə Mərkəzdə dünyanın ən görkəmli liderləri, tanınmış şəxsiyyətləri təmsil olunur. Onlar Azərbaycan mədəniyyəti, dini və milli tolerantlığı, zəngin və qədim dövlətçilik, birgəyaşayış və humanizm ənənələri ilə bağlı faktları bütün dünyaya çatdırmaqdadırlar. Bu isə Mərkəzin dünya və Azərbaycan üçün oynadığı rolun önəmini bir daha göz önünə gətirmiş olur.

"Nizami Gəncəvi” Beynəlxalq Mərkəzi Prezidentin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci ildə yaradılıb. Mərkəz Latviya Respublikasının sabiq Prezidenti xanım Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru doktor İsmail Serageldinin təşəbbüsü ilə təsis olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi Azərbaycan və dünya üçün qürur mənbəyi ola biləcək bir təşkilata çevrilməkdir. Mərkəzin fəaliyyəti ilə bağlı dünya liderləri və tanınmışlarının fikirləri də maraqlıdır. ABŞ-ın sabiq prezidenti Bill Klinton Nizami Mükafatı alması münasibətilə bildirib ki, mərkəz bəşəriyyətdə müxtəlif mədəniyyətlərdən olan insanları dostluq ideyası ətrafında birləşdirəcək ən gözəl simvoldur. UNESCO-nun xüsusi müraciətində isə belə deyilir: "Xüsusi olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə tolerantlıq və qarşılıqlı anlaşmanın təbliğindəki fəaliyyətinə görə minnətdarlığımızı bildiririk. Biz əminik ki, böyük şairin irsinin qorunaraq araşdırılması və gələcək nəsillərə çatdırılması ilə mərkəz, türk, fars, ərəb, yunan, hind və kürd xalqları arasında konstruktiv anlaşmanın qurulmasında çox önəmli rol oynamaqdadır”.

Mərkəzin icraçı direktoru Rövşən Muradov da qeyd edib ki, təsis olunmasından iki ildən az zaman keçməsinə baxmayaraq, Mərkəz artıq önəmli beynəlxalq simaların iştirakı ilə Bakı, Gəncə, Afina, İsgəndəriyyə, Vaşinqton, Madrid, Stokholm, Oslo, Vyana, Brisbane, Ankara və Bişkekdə önəmli tədbirlər keçirib: "Hazırda Mərkəzin üzvləri sırasına dünyanın 27 ölkəsindən 43 sabiq prezident və baş nazirlər daxildir. Bunlardan Latviyanın sabiq prezidentləri Vaira Vike-Freiberga və Valdis Zatlers, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Polşadan sabiq Prezident Aleksandr Kvasnievski, Estoniyanın sabiq Prezidenti Arnold Rüütel, Bolqarıstanın sabiq prezidentləri Petar Stoyanov, Albaniyanın sabiq prezidentlərini misal göstərmək olar. Ümumiyyətlə, indiyə kimi Mərkəzin toplantılarında 80-dən çox qlobal lider iştirak edib”.

R.Muradov deyib ki, qısa zaman ərzində yaranan Mərkəz qürurla dünyanın ən nüfuzlu təşkilatlarında etibarlı və strateji tərəfdaş kimi qəbul olunur, bu əməkdaşlıqlar sırasında İsgəndəriyyə Kitabxanası, Madrid Klubu, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyasının adını sadalamaq olar: "Mərkəzin əsas qərarverici qurumu idarə heyətidir. Qurum təsis olunduğu gündən, Diasporla İş üzrə Dövlət Komitəsi ən önəmli tərəfdaşı kimi onun bütün təşəbbüslərinə dəstək göstərir. Mərkəzin qısa zaman ərzində bu miqyasda uğur qazanaraq, reallaşdırdığı beynəlxalq əməkdaşlıqla önəmli tərəfdaşa çevrilməsində cənab Prezidentin inam və etimadının, göstərdiyi dəstəyin mühüm rolu olub”.

İcraçı direktor diqqətə çatdırıb ki, Mərkəzin idarə heyəti genişləndikcə, onun nüfuzu da artır: "Mərkəz yaradılarkən orada 3 sabiq prezident - Süleyman Dəmirəl, Vayra Vike-Freyberqa və Roza Otunbayeva təmsil olunduğu halda bu gün mərkəzdə 50-yə yaxın sabiq rəhbər təmsil olunur. Mərkəzin fəaliyyətə başlanmasından cəmi il yarım keçdiyini nəzərə alsaq, bu heç də kiçik göstərici deyil”. R.Muradov bildirib ki, II Qlobal Forum 2015-ci ildən sonrakı dövrdə Minilliyin İnkişafı layihəsinə həsr ediləcək: "Forumda BMT səviyyəsində təhsil, sosial müdafiə, cəmiyyətdə qadınların rolunun artırılması sahələrində qarşıda duran məsələlər müzakirə mövzusu olacaq. Forum iştirakçılarının toxunacağı mühüm mövzulardan biri də ölkələrin beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş ərazi bütövlüyünün təmin edilməsi məsələsi olacaq. Bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, forumda tarixdə ilk dəfə olaraq Madrid klubu, Roma klubu, İsgəndəriyyə kitabxanası, BMT, UNESCO, Beynəlxalq Münasibətlər Şurası, Ümumdünya Elm, İncəsənət və Mədəniyyət Akademiyası, Konqres Kitabxanası kimi nüfuzlu beynəlxalq təşkilatlar rəhbərlik səviyyəsində təmsil olunacaq”.

Rövşən Muradov Mərkəzin digər fəaliyyətləri barədə də danışıb: "Mərkəz beynəlxalq səviyyədə mədəniyyətlərarası və millətlərarası dialoqun inkişafında mühüm rol oynayır. Qısa müddətdə böyük Nizaminin irsini təşkil edən və dünya arxivlərində saxlanılan ədəbiyyatın kataloqunu yaratmağa müvəffəq olmuşuq. Mərkəzlə N.Gəncəvinin əlyazmalarının saxlandığı Melburn Universiteti arasında imzalanmış müqavilə sayəsində təşkilat öz arxivini zənginləşdirib. Mərkəzin işi sayəsində bu gün Nizami Gəncəvi Azərbaycanı dünyada təcəssüm etdirir, tanıdır. Eyni zamanda Mirzə Şəfi Vazehin irsinin araşdırılmasına həsr edilmiş elmi monoqrafiyalar Mərkəz xətti ilə Bakıya gətirilib və Vazehin vətəni Gəncədəki muzeyə təhvil verilib”.

İcraçı direktor deyib ki, bu gün dinlərarası və mədəniyyətlərarası dialoq baxımından regionda müəyyən boşluq müşahidə olunur. Buna görə Beynəlxalq Mərkəz Qərb ilə Şərq arasında körpü rolunu öz üzərinə götürüb: "Şüarımız tolerantlıq, qarşılıqlı anlaşma, millətlərarası və dinlərarası bərabərlikdir. Amerika və Misirdən sonra Bakı forumu İsrail ilə İran arasında, Avropa ölkələri arasında diskussiyalara keçirəcək yeganə platforma olacaq. Çoxları Nizami Gəncəvi Mərkəzinin bir sıra humanitar forumlarda nə üçün iştirak etməsini başa düşmür. İş burasındadır ki, böyük mütəfəkkir hələ 9 əsr bundan əvvəl insan hüquqlarının müdafiəsi, qadınlara hüquq verilməsi məsələsində böyük rol oynayıb. Şair öz xalqının arzu və xəyallarını yalnız ona xas olan tərzdə uzlaşdıraraq böyük əsərlər yaradıb”. R.Muradovun sözlərinə görə, İsgəndəriyyə kitabxanasının direktoru, Nizamini Şərqin Allahı hesab edən İsmayıl Serageldin şairin yaradıcılığından bəhs edən kitab yazıb və "Əfsanəvi Nizami ədəbiyyatı” adlı 45 dəqiqəlik onlayn vəsait hazırlayıb. Bütün dünyada böyük tələbat olan bu vəsaitdə konkret olaraq sübut edilib ki, böyük Nizami məhz Azərbaycan şairidir.

Mərkəz haqqında xarici mətbuatda da xeyli məqalələr yazılıb. İngiliscə yazılmış məqalənin müəllifi Kəşmir Universitetinin İslam Araşdırmalar İnstitutunun direktoru Naseem Ahmad Şahdır. Həmin məqalədə bildirilir ki, Azərbaycanın mədəniyyətlərin birləşməsi və dini harmoniya ilə bağlı zəngin və qürurverici tarixi var. Bu birləşmə və harmoniya isə heç şübhəsiz ki, Azərbaycan idarəçilərinin siyasi patronajlığı altında zaman-zaman daha da güclənib və konsolidasiya olunub: "Yerli Qafqaz ənənələri ilə fars-ərəb və Mərkəzi Asiya ənənələrini təmsil edən islam irsi Azərbaycana güclü tolerantlıq dəyərlərini, inanc və insan qardaşlığının birliyini bəxş edib. Bu xalqın mədəniyyət tarixi mənfi fikirlərdən, qeyri-tolerantlıqdan tamamilə uzaq olub. Azərbaycan rəhbərləri, filosofları, şairləri, sufiləri və alimləri dini tolerantlığın və horizontal insani dəyərlərin böyük müdafiəçiləri və təmsilçiləridir. Bu gün müxtəlif dini inanclar, xüsusən də xristianlıq və islam arasında səmimi münasibətlərin qurulmasının müzakirə edildiyi bir zamanda, biz "sivilizasiyaların toqquşması” kimi təhlükələrlə, planetin müxtəlif yerlərində dini ekstremizmin qalxması halları ilə qarşılaşırıq. Belə hallarda böyük Azərbaycan şair-filosofu Nizami Gəncəvinin sivilizasiyaların sintezi, mədəni adaptasiya, dini tolerantlıq və birgə mövcudluq, dünyanın müxtəlif cəmiyyətləri arasında bənzərliklərin tapılması barədə mesajları yada düşür. Böyük mədəni qütblər və ideoloji fikir ayrılıqları şəraitində, biz yenidən Nizamiyə və onun poeziyasının ruhunu öyrənməyə ehtiyac duyuruq. O, universal ədaləti axtarır və adi insanın haqlarına istinad edir, həqiqəti qeyd-şərtsiz zərurət kimi göstərir. Dünyadakı müsəlman
cəmiyyətləri hazırda texnologiyanın təzyiqi və dini gərginlik arasında dərin tərəddüddə qalmış insanlar kimi xarakterizə edilirlər. Onlar modern elmin və texnologiyanın hücumundan yaranan problem və məsələlər barədə danışıqlar aparmaq üçün zəruri intellektə malik olmayan xalqlar hesab edilirlər. Həmin şəxslərlə rasional və müstəqil seçim edə bilməyən insanlar kimi davranılır. Onlar sözü hərfi mənada anlayan, təriqətçi və fundamentalist kimi qəbul edilirlər. Dünya müsəlmanları bu barədə modern çağırışlara ən yüksək intellektual fərasət, ən dərin dini müdriklik, ideoloji dərinlik və ən gözəl diplomatik üsullarla cavab verməlidirlər”.

Daha sonra məqalədə qeyd edilir ki, bütün bu faktların işığında "Nizami Gəncəvi” Beynəlxalq Mərkəzinin həlledici aktuallığı tamamilə aydın görünür: "Bu mərkəz bütün dünyaya Nizaminin mesajlarını yaymaqla sübut etməyə qabildir ki, Azərbaycan siyasi anarxiya, ekstremizm, nifrət, iqtisadi disbalansdan uzaq dəyərlərin və prinsiplərin dünyaya çatdırılmasında, onların müdafiəsində və təbliğində qlobal faktor ola bilər. Bu baxımdan Mərkəz, təkcə Azərbaycan və region üçün yox, eyni zamanda dünya üçün olduqca önəmlidir”.

Məqalədə o da qeyd edilir ki, son iki ildə sözügedən dünya məsələləri barəsində Mərkəz dünya liderlərinin diqqətini cəlb edə bilib. Liderlər Bakıda Mərkəzə baş çəkiblər və bu minvalla dünya liderləri ilə Azərbaycanın arasında qarşılıqlı və səmərəli anlaşma qurulub. Bütün bu dünya liderləri məmnuniyyətlə Mərkəzin üzvü olmağa qərar veriblər. Onlar qurumun dünyanın anlaşma, tolerantlıq və dialoq mərkəzi olmasına öz dəstəklərini də məmnuniyyətlə təklif ediblər. Mərkəz həm də dünya liderləri qrupunun öz idarə heyətində təmsil olunmasında uğur qazanıb.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb