Evlərin qiyməti düşəcək

Rusiyadakı durğunluq və neftin qiymətinin düşməsi buna zəmin yaradır



İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramovun qənaətincə, dünya bazarında neftin qiymətinin azalması Azərbaycanın əmlak bazarına da təsirsiz ötüşməyəcək, evlərin qiyməti də aşağı düşəcək.

Bu barədə "facebook” səhifəsinə yazan İSİM rəhbəri qeyd edib ki, mənzil bazarında ilin əvvəlindəki sürətli qiymət artımları daha sonra azalma, payıza doğru stabilləşmə və son ayda durğunluqla müşahidə edilib. O həmçinin 2015-ci ilin ilk aylarından başlayaraq əmlak bazarında tələbin azalacağını proqnozlaşdırıb: "Tələbin azalmasına baxmayaraq ötən ay və eləcə də noyabrın geridə qalan günlərində hələlik qiymət azalması qeydə alınmayıb. Amma dünya bazarındakı son dəyişikliklərin Bakının mənzil bazarına təsirsiz ötüşməyəcəyi gözlənilir. Digər tərəfdən, əmlak bazarındakı son 2 ildəki qiymət artımları heç də iqtisadi səbəblər ilə əlaqələndirilmir. Əksinə, ötənilki qiymət artımlarında iqtisadi faktorlardan daha çox süni və psixoloji amillər rol oynayırdı. Artıq əmlak bazarındakı "köpüklər” partlamaq ərəfəsindədir. Bu isə mənzil bazarında yenidən qiymətlərin azalmasına səbəb olacaq”.

V.Bayramov hesab edir ki, dünya bazarında neftin qiymətində azalmalar əmlak bazarında tələbatın azalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Neft ölkəsi olan Azərbaycanda dövriyyədə olan pulun həcmi eyni zamanda qara qızılın dünya bazarı qiyməti ilə sıx bağlıdır:

"İxracımızın 94 faizinin neft və neft məhsullarından ibarət olduğunu nəzərə alsaq, bu zaman enerji sektorunun digər sferalar ilə əlaqəsini müəyyənləşdirmək çətin olmaz. Dünya bazarında neftin qiymət azalmaları büdcədən müdafiə olunmayan bir sıra xərclərə sekvest tətbiq edilməsinə gətirib çıxara bilər ki, bu da eyni zamanda özəl xərcləmələrə təsir göstərəcək. Digər tərəfdən, psixoloji olaraq strateji məhsulların dünya bazar qiyməti aşağı düşən zaman əmlaka olan tələbatın azalması ilə müşahidə edilir. Eyni zamanda neftin dünya bazar qiymətinin kəskin azalması bəzən və təəssüf ki, adətən qlobal böhranlara işarə kimi yozulur”.

İqtisadçının sözlərinə görə, Rusiya iqtisadiyyatında müşahidə edilən durğunluq şimal qonşumuzda yaşayan azərbaycanlıların da maliyyə vəziyyətinə mənfi təsir göstərəcək. O bildirib ki, 2014-cü ildə Rusiyada yaşayan azərbaycanlıların ölkəmizə göndərdikləri pulların məbləğinin ən azı 30 faizə yaxın azalacağı gözlənilir: "Monitorinq və empirik sorğular göstərir ki, mənzil bazarına tələbatın təxminən 1/3-i MDB-də, xüsusən də Rusiyada yaşayan azərbaycanlıların payına düşür. Biznesi zəifləyən həmyerlilərimiz artıq paytaxtın mənzil bazarında ciddi tələb formalaşdıra bilmirlər. Başqa tərəfdən, Rusiyada yaşayan və biznes ilə məşğul olan azərbaycanlıların böyük əksəriyyətinin Bakıda mənzili var. Hətta Rusiyada yaşayan həmyerlimizin bir qismi Bakıda 1 deyil, daha çox mənzilə sahibdir. Həmyerlilərimizin biznesinin zəifləməsi onların Bakıdakı mənzillərini satışa çıxarmasına və təklifin artmasına səbəb ola bilər. Həmçinin Bakının mənzil bazarındakı qiymətlər artıq tavana dirəndiyi üçün yeni qiymət yüksəlişləri üçün real zəmin yoxdur. Son 2 ildə paytaxtın mənzil bazarında müşahidə edilən qiymət artımları Bakını regionun ən bahalı şəhərlərindən birinə çevirib. Bu isə mənzil bazarında psixiloji təzyiq formalaşdırıb”. V.Bayramovun qənaətincə, paytaxtda infrastrukturun genişləndirilməsi ilə bağlı aparılan söküntülər mənzil bazarına böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmır. Kompensasiyaların böyük qismi isə Bakıətrafı qəsəbələrdəki evlərin və ya torpaqların alınmasına yönəldilir: "Digər tərəfdən, bu pullar daha çox təkrar mənzil bazarında tələbə təsir göstərir.

Beləliklə, Rusiyadakı durğunluq və neftin dünya bazar qiymətindəki kəskin azalmalar davam edərsə, Bakının mənzil bazarında qiymət azalmalarının olacağını proqnozlaşdırmaq çətin olmaz. Deməli, paytaxtın əmlak bazarı yeni dəyişikliklər ilə üz-üzədir”.

Şəymən