Hər gün monitorinqlər keçirilməlidir

Ermənilərin kiberhücumları gözləniləndir




Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hava məkanını pozmuş Ermənistana məxsus hərbi helikopterin vurulmasından sonra bədnam qonşularımız ölkəmizə qarşı başlatdığı kiberhücumların kəskin artımı müşahidə olunur.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov bildirib. Onun sözlərinə görə, kiberhücumlara KİV resursları, dövlət və özəl strukturların saytları məruz qalırlar ki, bu da xarici hücumlardan davamlı müdafiənin təşkili məsələsini aktuallaşdırır: "Hücumlar müxtəlif mənbələrdən həyata keçirilir. İnternet resurslarının sahiblərinə onların davamlı işləməsini təmin etmək üçün təhlükəsizlik sistemlərinə ciddi diqqət yetirməyi tövsiyə edirik”. Elektron Təhlükəsizlik Mərkəzi haker hücumlarına məruz qalmış resurs sahiblərinə hərtərəfli kömək etməyə hazır olduğunu bildirir. Kömək üçün 1654 "qaynar xətt”inə və [email protected] elektron ünvanına müraciət etmək olar. Yada salaq ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistana məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hücumların qarşısının alınması istiqamətində görülə biləcək işlərdən danışan "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq”ə açıqlamasında qeyd edib ki, dövlət qurumları ayıq-sayıqlığı daha da artırmalıdırlar: "Hər gün monitorinqlər keçirilməlidir. Xüsusi qrafiklər müəyyən olunmalıdır. Qrafiklər analiz olunmalıdır. Saytların qrafiklərində şiddətli artım varsa, bu, araşdırılmalıdır. İşə mütəxəssislər cəlb olunmalıdır. Profilaktik tədbirlər görmək lazımdır. Bu istiqamətdə səylər gücləndirilsə, hansısa təhlükəli məqamın yaranacağını düşünmürəm”.

Ayyət Əhməd