Neftin qiyməti 90 dollardan götürülüb...

Bu, ola bilsin ki, Azərbaycana 2 milyard dollar ziyan vuracaq





Ötən gün Milli Məclisdə "Azərbaycan Respublikası 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanıb.

Parlamentin sədri Oqtay Əsədov gələn ilin büdcə layihəsinin təqdirəlayiq olduğunu bildirib. Spiker deyib ki, Azərbaycan 10 ildən artıqdır ki, inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur:

"Ölkənin iqtisadi həyatında baş verən müsbət keyfiyyət dəyişiklikləri gələn ilin büdcə zərfində də öz əksini tapıb”. Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində bütövlükdə ölkə iqtisadiyyatında 2,3 faiz artım əldə edilib: "Makroiqtisadi proqnozlara görə, 2014-cü ildə ÜDM istehsalının 59 milyard manat olacağı gözlənilir. Bu da əvvəlki illə müqayisədə 3,6 faiz çoxdur. Önəmli məqamlardan biri də odur ki, qeyri-neft sektorunda bu göstərici 8,1 faiz təşkil edəcək. Cari ilin sonuna qədər isə iqtisadiyyatın bütün sahələrində artım gözlənilir. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5 faiz həcmində olmaqla nominal ifadədə 19 milyard 438 milyon manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 21 milyard 100 milyon manat proqnozlaşdırılır”. O.Əsədov qeyd edib ki, dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54 milyon manat çoxdur.

"Büdcədə neftin qiymətinin 90 dollardan götürülməsi bizə 2 milyard dollar zərər vura bilər”

Bundan sonra parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə layihə haqqında deputatları və dövlət məmurlarını məlumatlandırıb. Büdcə zərfində neftin qiymətinin 90 dollar nəzərdə tutulduğunu deyən Z.Səmədzadə bildirib ki, bu, sosial proqramların həyata keçirilməsinə ciddi təsir etməyəcək: "Ola bilər ki, büdcədə neftin qiymətinin 90 dollardan götürülməsi bizə 2 milyard dollar zərər vursun. Neftin qiyməti 75 dollar olsa, biz 2-3 milyard dollar itirə bilərik. Amma nəzərə almaq lazımdır ki, strateji valyuta ehtiyatlarımız 55 milyard dolları ötüb. Bu, 2-3 milyard dollarlıq zərəri ödəməyə imkan verir. Dövlətimizin kifayət qədər imkanı var ki, sosial proqramlar həyata keçirilsin”. Millət vəkili qeyd edib ki, 2015-ci ildə ÜDM 2,4 dəfə artacaq və ÜDM-nin adambaşına düşən həcmi 8 min dollar təşkil edəcək. Onun sözlərinə görə, ÜDM-nin adambaşına düşən həcminə görə, Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra üçüncü yerdə qərarlaşıb. Z.Səmədzadə onu da deyib ki, ölkədə hələ də kəndli öz məhsulunu bazara çıxara bilmir: "Buna görə, biz həvəsləndirici metodlar həyata keçirməliyik. Gələn ilin büdcəsində aqrar sektora geniş yer ayrılıb. Aqrar sektorda böyük işlər görülür. Ölkədə 30-a yaxın iri fermer təsərrüfatı yaradılıb. Sahibkarın sərəncamında iri torpaqlar var. Bu isə o deməkdir ki, məhsuldarlıq yüksək olacaq. Biz daxili bazarımızı qorumalıyıq. Düzdür, 100 milyon manatlıq subsidiya verilir, amma bəlkə biz oturub danışmalıyıq ki, subsidiya nəticəyə görə verilsin”.

"Neftin qiyməti 60 dollara düşsə belə, bunun bizə təsiri olmayacaq”

"Gələn ilin dövlət büdcəsində neftin qiymətinin mövcud qiymətlərdən aşağı olması büdcə xərclərinin icrasında kəskin problem yaratmayacaq”. Bunu isə Maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, son 3 ayda neftin qiyməti 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 20 faiz aşağı olub: "Amma neftin qiymətinin aşağı olmasının büdcə xərclərinin icrasına problem yaratmayacağını düşünürəm. Dünyada neftə olan tələbat azalıb. Bu, neft ixrac edən ölkələrin neftdən daxil olan gəlirlərin azalmasına səbəb olur. Bununla belə, hesab edirik ki, neftin qiymətinin uzun müddət ərzində aşağı olmasına heç bir iqtisadi əsas yoxdur”.

Maliyyə naziri əlavə edib ki, gələn il neftin qiyməti 90 dollardan aşağı olsa, büdcənin gəlirləri və xərclərində uzlaşma təmin ediləcək. S.Şərifov vurğulayıb ki, neftin qiyməti 60 dollardan aşağı olsa belə, bu, büdcə xərclərinin icrasına kəskin problem yaratmayacaq.

"İpoteka strategiyasında üç prinsip əsas götürülüb”

Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov isə ipoteka kreditindən danışıb, bununla bağlı strategiyasının müəyyən detallarını açıqlayıb.

E.Rüstəmovun sözlərinə görə, yeni ipoteka strategiyasında üç prinsip əsas götürülüb: "Bunlardan birincisi, güzəştli ipotekanın dövlətin himayəsində qalması və bu vəsaitin gələcəkdə optimallaşdırılmasıdır. İkinci əsas prinsip isə kommersiya kreditləşməsinin daha da liberallaşdırılması və bu işin bankların üzərinə qoyulması, banklar üçün yeni təklif kanalları, yeni uzunmüddətli vəsait kanallarının yaradılmasıdır. Bu isə maliyyə bazarlarının digər seqmentlərinin, xüsusilə də, pensiya fondlarının, sığorta fondlarının vasitəsilə baş verir. Digər tərəfdən isə, "Alman modeli” deyilən ipotekanı irəli sürürük. Bu ipoteka əhalinin öz yığımları hesabına baş verir. Bu modelə görə xüsusi bir təsisat yaradılır. Əhali müəyyən məbləğə qədər bu vəsaiti toplayır. Nəzərdə tutulan məbləğ formalaşandan sonra əhali həmin bankdan ipoteka krediti əldə edə bilir. Hesab edirəm ki, bu model Azərbaycanda çox yararlı ola bilər”.

Banklarla bağlı məsələyə toxunan E.Rüstəmov deyib ki, ölkədə bankların kapitallaşma səviyyəsi 18 faiz təşkil edir: "Yəni, bankların öz aktivlərinin 18 faizi səviyyəsində öz kapitalları ilə təmin olunub. Bankların minimum kapitalına olan tələbin 50 milyon manata qaldırılması ilə bağlı qərarın verildiyi vaxtdan, yəni 2012-ci ildən bəri, bank kapitalı bu maliyyə təsisatlarının vəsaitlərinin ən aktiv artan hissəsinə çevrilib. Hazırda bank aktivlərinin təxminən 90 faizini əhatə edən banklar bu kvotaya əməl edirlər. Bizim proqnozumuza görə, bu göstərici 99 faizə çatacaq. Biz bir neçə zəif banklarla, problemi olan banklarla fərdi iş aparacağıq. Lakin burda bizim başqa ölkələrdən fərqli olaraq həddən artıq diqqətdə saxladığımız məsələ əhalinin əmanətləridir. Bankların restrukturizasiyası heç cür əhalinin mənafelərinin, onların əmanətlərinin ziyan çəkməsi hesabına aparıla bilməz. Bu məsələdə bizim kifayət qədər çevikliyimiz olacaq”.

Anar Bayramoğlu