Vəsait çatmadı

Bakı-Tiflis-Qars dəmiryolu xəttinin tikintisi dayandırılıb




Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Türkiyə ərazisindən keçən hissəsinin tikintisi dayandırılıb. Buna səbəb dəmiryolu xəttinin tikintisini həyata keçirməli olan şirkətin ayrılan vəsaitlə planlaşdırılan işləri görə bilməməsidir. Tikinti üçün elan olunan tenderdə qalib gələn "Özgün-Çelikler Yapı” şirkəti bu işi görəcəyini vəd etsə də, işləri yarımçıq qoyub. Çünki layihəyə ayrılan vəsait əlavə xərclərlə 165 milyon manatı ötüb.

2012-ci ildə layihənin davamı "Şenbay Madencilik” və "Ermit Mühendislik” şirkətlərinə verilib. Lakin bu şirkətlər layihənin ilkin hesablanan məbləğdən 12 dəfə baha başa gələcəyini deyiblər. Ona görə də Türkiyə hökuməti həmin şirkətlərlə bağlanan müqaviləni ləğv etdirib. Məlumata görə, bugünədək layihənin yalnız 39 faizi yerinə yetirilib. Ümumi hesablamaya görə isə layihənin başa çatması Türkiyəyə 600 milyon manata başa gələcək. Bu isə ilkin hesablamadan dəfələrlə çoxdur. İlkin hesablamalarla müqayisədə hazırda lazım olan məbləğin həddindən artıq şişməsi Türkiyə hökumətini ciddi şəkildə narahat etməyə başlayıb.

Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin dayandırılmasına münasibət bildirən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev bildirib ki, layihəyə yönəldilən vəsaitlər və bu işin ümumi smetası, dəyəri haqqında ictimaiyyətə məlumat verilsəydi, indi baş verənləri düzgün qiymətləndirmək mümkün olardı: "Təəssüf ki, biz nəinki Türkiyədə, Azərbaycan və Gürcüstan ərazilərində də layihə ilə bağlı tikinti işlərinə cəlb olunan resurslar və onların dəyərinin necə dəyişməsi haqqında məlumatlar əldə edə bilmirik. Məlumatlar ictimaiyyətə açıq olmadığından layihələrə ayrılan vəsaitlərin vaxtından əvvəl bitməsi bir neçə amillə dəyərləndirilir. Ya layihənin texniki iqtisadi əsaslandırması ilkin mərhələdə düzgün qiymətləndirilməyib, ya da texniki-iqtisadi hesablamalar düzgün aparılıb, sadəcə olaraq layihəyə ayrılan vəsaitlər mənimsənilib və əsas təyinatından yayındırılıb”. İqtisadçının sözlərinə görə, layihə dəyərinin kəskin şəkildə artmasını başqa cür dəyərləndirmək mümkün deyil. Çünki nə Türkiyədə, nə də Azərbaycan və Gürcüstanda tikinti materiallarının qiymətində 50-100 faiz nisbətində kəskin artım olmayıb: "Lap bahalaşma olsa belə, ciddi problem olmamalıydı. Ona görə ki, düzgün texniki iqtisadi əsaslandırma aparılan zaman inflyasiyanın gözləntiləri də müəyyən dərəcədə nəzərə alınır. Yəni dəyər inflyasiya nəzərə alınmaqla hesablanır. Ancaq indiki halda yetərli informasiyaların olmaması bizə əsas verir ki, burada vəsaitlərin mənimsənilməsi hallarının olduğunu söyləyək”.

A.Mehdiyevin fikrincə, Türkiyə və Gürcüstan layihənin vaxtında həyata keçirilməsində o qədər də maraqlı deyil: "Gürcüstan tərəfi gecikməni daha çox maliyyələşmə imkanlarının üzə çıxarılması ilə əsaslandırır. Türkiyədə isə bu layihənin gecikdirilməsi podratçı şirkətlərin işi gecikdirməsi ilə əlaqələndirilir. Ancaq podratçı şirkətlərlə müqavilənin hansı şəraitdə bağlanması, şirkətlərin bu məsələdə nə qədər haqlı olması məsələləri bizə bəlli deyil”.

İsmayıl