Kredit siyasəti vətəndaşları müflis edir

Millət vəkilləri təkliflər verdi, fantastik faizlərə əncam çəkən olacaqmı?




Parlamentin ötən gün keçirilən iclasında millət vəkilləri "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı fikirlərini səsləndiriblər. Müzakirələrə qoşulan deputatlar bir çox təkliflər də veriblər.

Millət vəkili Azay Quliyev Azərbaycanın qeyri-hökumət təşkilatlarının xarici donorlardan asılılığının tam aradan qaldırılmalı olduğunu söyləyib. A.Quliyev qeyd edib ki, QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik edildi və bu, müsbət haldır: "QHT sektorunun maliyyəsinin təqribən 35 faizi, yəni 23,5 milyon manatı xarici donorlardan gəlir. Bu donorların fəaliyyəti isə şəffaf deyil. Eyni zamanda, Azərbaycanda sabitlik və təhlükəsizlik üçün bir təhdiddir. Bu baxımdan QHT-lərin xarici donorlardan asılılığının tam aradan qaldırılması üçün tədbirlərin görülməsi vaxtı çatıb”.

Bunun üçün millət vəkili Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının büdcəsinin artırılmasını təklif edib. O, ilkin mərhələdə Şuranın büdcəsinin 10 milyon manata qədər artırılmalı olduğunu diqqətə çatdırıb.

Parlamentin sədri Oqtay Əsədov da deputatın təklifini müsbət qiymətləndirib. O da Şuranın büdcəsinin artırılmasını məqsədəuyğun hesab edib.

Bununla yanaşı, spiker ölkədə QHT sektorunda çox ciddi boşluqların olmasından narahat olduğunu bildirib: "Bir sıra qanunların qəbul olunmasına baxmayaraq, QHT sektorunda ciddi boşluqlar var. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Düzdür, bəzi nazirliklər QHT-lərlə bağlı layihələrlə müəyyən vəsaitlər ayırırlar. Amma bunlar azdır”. O.Əsədov iclasda iştirak edən Maliyyə naziri Samir Şərifova müraciət edərək, məsələnin diqqətdə saxlanılmasını xahiş edib.

Dövlət qulluğu sisteminin özündə ciddi problemlər var. Hökumətə təklif edirəm ki, həmin qurum ləğv edilsin Millət vəkili Zahid Oruc təhsil sahəsindəki mövcud problemlərə toxunub. Z.Oruc deyib ki, Mikayıl Cabbarov təhsil sahəsində islahatlar aparmağa çalışır: "Lakin təəssüflər olsun ki, müəllimlərin əmək haqları, sosial durumları yaxşılaşmayıb. Təklif edirəm ki, TQDK-ya müəllim biliyinin müəyyənləşdirilməsi səlahiyyəti verilsin. Amma bu, könüllülük prinsipinə əsaslanmalıdır. Bundan sonra 180 min müəllimi attestasiya etməklə onlarla bağlı "peşəkardır, qeyri-peşəkardır” kimi tərəddüdə düşməyəcəyik”.

Deputat dövlət qulluğuna qəbulla bağlı yaranan problemlərdən də danışıb: "Dövlət qulluğunda qohumluq, yaxınlıq, tanışlıq məsələsi keçməməlidir. Azərbaycan universitetləri dövlət qulluğu üçün kadrları yetişdirə bilər. 7 ildə 45 min nəfər dövlət qulluğu imtahanlarından keçib. Onlardan 4 mini dövlət qulluqçusu olub. Yerdə qalanları isə buna layiq görülməyib. Bu isə universitetlərin öz işinə olan münasibətin göstəricisidir. İnanmıram ki, universitetlər dövlət qulluğu üçün kadrlar yetişdirə bilməsin. Dövlət qulluğu sisteminin özündə ciddi problemlər var. Hökumətə təklif edirəm ki, həmin qurum ləğv edilsin. Qanunvericiliklə möhkəmləndirilən yeni bir sistem formalaşdırmaq lazımdır. Bu halda dövlət qulluğuna keçid mərhələsi ilə bağlı həmin qurum daha effektiv işləyəcək, şəxsi ikinci mərhələdən şikəst etməklə məşğul olmayacaq”. Millət vəkili kreditlər məsələsinə də münasibət bildirib: "Problemli kreditlərin sayı artmaqdadır. Kredit siyasəti vətəndaşı müflis edir. Düşünürəm ki, hökumət kredit siyasətini dəyişməlidir”.

"Zahid müəllim, neyləyirsiniz edin, amma ölməyə tələsməyin...”

Z.Oruc həmçinin Silahlı Qüvvələrə Yardım Fondunun adının dəyişdirilməsini təklif edib. O qeyd edib ki, fondun adı dəyişdirilərək "Qarabağa Yardım” Fondu adlandırılsın. Fondda hazırda 53 milyon manatın toplandığını nəzərə çatdıran deputat deyib ki, bu, vətəndaşların ordunun formalaşmasında təsir mexanizmi əldə etməsi deməkdir.

Bununla yanaşı, deputat sığorta məsələsinə toxunub, bu sahədə problemlərin olduğunu söyləyib: "Bu gün millət vəkilləri təxminən 64 min manat həcmində sığortalanırlar. Amma az qala ölməliyik ki, o sığorta pulunu ala bilək”.
Z.Orucun sığorta ilə bağlı dediklərinə vitse-spiker Ziyafət Əsgərov replika ilə münasibət bildirib: "Zahid müəllim, neyləyirsiniz edin, amma ölməyə tələsməyin...”.

"Banklar əhaliyə krediti fantastik faizlərlə verirlər”

"İpoteka kreditlərinin maksimum məbləği 50 min manatdır. Bakıda isə 50 min manata mənzil tapmaq mümkün deyil”. Bunu isə Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib. O bildirib ki, ipoteka faizləri də nəzərə alınmalıdır: "Onsuz da bu kreditlərin faizlərindən müvəkkil banklardan başqa heç kim xeyir götürmür. Bunun əvəzinə gənclər şəhərciyi tikmək daha optimal addım olar. Gənclər aylıq 160 manat ödəməklə 25 il ərzində həmin mənzilə sahib ola bilərlər. Gələcək dövlət büdcəsinə bunun layihə formasında əlavə olunması gənclərin ev problemini həll edə bilər. Çox aşağı ödənişlərlə vətəndaşlar ev sahibi ola bilərlər”.

Millət vəkili kredit probleminin böyüdüyünü, xüsusən faizlərin çox olduğunu deyib: "Azərbaycanda əhalinin 80 faizi banklardan kredit götürüb. Banklar isə əhaliyə krediti fantastik faizlərlə verirlər. Mərkəzi Bank banklara dövlətin pulunu 3 faizlə kredit verir, ancaq nədənsə, banklar əhaliyə yüksək faizlə kreditlər verirlər. 24 faizlə inflyasiyanın yüksək olduğu Türkiyədə belə kreditlər verilmir. Banklar elə ilk aylardan ana borcu geri alırlar. Görün, indi faizlər nə qədər yüksəkdir”.

Deputat siyasi partiyalara ayrılan vəsaitin azlığından da gileylənib: "Siyasi partiyalara az pul ayrılır. Halbuki siyasi partiyalar seçki proseslərində, dövlətin qurulmasında iştirak edirlər. Ona görə yaxşı olardı ki, Maliyyə Nazirliyi də siyasi partiyalara ayrılan vəsaitlərin artırılması məsələsinə diqqət yetirsin”.

"Müğənnilərdən niyə vergi yığılmır?”

Deputat Rafael Cəbrayılov fermerlərin problemindən söz açıb. O deyib ki, kənd təsərrüfatı məhsulları istehsalının ağırlıq mərkəzi, dağınıq formada kənd fermerlərinin üzərinə düşməli deyil: "Hesab edirəm ki, bunun üçün kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələr yaradılmalıdır. Bu həm də işsizlik probleminə kömək edər. Bununla yanaşı, hesab edirəm ki, "Kooperasiya haqqında” qanun qəbul olunmalıdır”.

Millət vəkili həmçinin vergidən yayınma hallarının qarşısını almaq üçün hökuməti addımlar atmağa çağırıb: "Son illər kirayə verilən evlərlə bağlı məsələ çiçəklənmə dövrünü yaşayır. Amma mən kirayə ev verənlərin vergi verməsinin şahidi olmamışam. Eyni zamanda vergidən yayınma halları restoran, şadlıq evləri sahibləri və şou-biznes nümayəndələri arasında da var. Onların gəlirləri ilə ödədikləri vergi arasında fərq çox böyükdür. Müğənnilərdən niyə qazandıqlarının müqabilində vergi alınmır? Məncə artıq Azərbaycanda da vergidən yayınmaya son qoymağın vaxtı çatıb”.
Parlamentdə büdcə müzəkirəsi bu gün davam edəcək.

Anar Bayramoğlu