Artıq gecdir, əvvəlcədən konsensus əldə edilməli idi

İsa Qəmbər müdaxilə edə bilmir, Müsavat gerçəkdən parçalanıb



Arif Hacılının qurultayda başqan seçilməsindən sonra "Müsavat”da siyasi böhran baş qaldırıb. Təşkilatdaxili ixtilaflar getdikcə dərinləşir. Ziddiyyətlərin dözülməz hal alması isə çoxsaylı istefalarla müşayiət olunur. Bir sözlə, qurumda "yarpaq tökümü” başlanıb. Başqanlıq seçkilərinin saxtalaşdırılmasına etiraz edən sədrliyə keçmiş namizəd Qubad İbadoğlunun rəhbərlik etdiyi qruplaşmanın üzvləri və digər öncül fiqurlar partiya sıralarını tərk edirlər.

Məlum olduğu kimi, təşkilatın aparıcı simalarından olan Nəsib Nəsiblinin qurumdan istefası digər tanınmışların da qopmasına yol açıb. Belə ki, Hikmət Hacızadə də "Müsavat”la yollarını ayırıb. Bundan başqa, sədrliyə keçmiş namizəd Səxavət Əlisoy qurumun sıralarından zorən çıxarılıb. Bu faktlar partiyada parçalanma meyillərinin gücləndiyini göstərir. Təbii ki, qurumdakı amansız qarşıdurmalar, sabiq başqan İsa Qəmbərin planı əsasında sədr "seçilmiş” A.Hacılıya qarşı yeni mütəşəkkil cəbhənin formalaşdırılması barədə aydın təsəvvür yaradır. Hətta bu günlərdə Q.İbadoğlu mətbuat vasitəsilə partiyanın digər üzvlərinə təşkilatın gələcək taleyi barədə çağırış edib. "Yetər, bəylər və xanımlar. Nəticə çıxarın. Sonra gec olacaq, ən azı növbəti dəyərlərimizi itirməmək üçün qisasçılıq və intiqam hissindən kənar soyuq başla qərarlar verin. Elə mühit yaradın ki, partiya əvvəlki axarı ilə yoluna davam etsin. Unutmayın ki, bu yol yalnız partiyadaxili demokratiyadan, birlik və həmrəylikdən keçir”. Keçmiş namizəd H.Hacızadənin istefasına da münasibət bildirib: "Müsavatın ən dözümlü, emossional, sadə və rassional üzvü, 60 illik şərəfli ömrünün təntənəsi hələ də davam edən, böyük və pozitiv şəxsiyyət Hikmət Hacızadə də partiyamızla zarafatla deyil, ciddi şəkildə vidalaşdı. Hikmət bəy Müsavatda başlayan repressiyaları dayandırmağa cəhd etsə də, özü onun ən böyük qurbanı oldu. İtirən Müsavat oldu. Bu çox ağır itkidir. Hələ zaman-zaman bu itkinin ağrısını yaşayanda onun miqyasını dərk edəcəyik. Onda Hikmət bəyin yerini də görəcəyik. Hikmət bəy çox nadir şəxsiyyətdir, xoşbəxtlikdən də o, Müsavatın payına düşmüşdü. Müsavatı onsuz təsəvvür etmək bizlərə və sayı on minlərlə olan fədakar və sədaqətli müsavatçılara çətin olsa da, əminik ki, o harda olmasından asılı olmayaraq demokratiya, Azərbaycan amalı uğrunda mübarizəsini davam etdirəcək”.

"Müsavat”dakı çaxnaşmanın nəticələri barədə "Şərq”ə danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, seçkidən öncə ortaq bir namizəd tapılmalı idi: "İsa bəyin nüfuzu böyük idi. Nufuzuna görə təşkilatı nəzarətdə saxlaya bilirdi. İndi o gedib deyə, gərgin vəziyyət yaranıb. Belə arzuolunmaz halın yaşanmaması üçün qurum qabaqcadan hazırlıqlı olmalı idi. Seçkidən qabaq konsensus əldə olunmalı idi. Bizdə hesab edirlər ki, demokratiya yalnız səsvermədən ibarətdir. Halbuki demokratiyanın iki prinsipi var. Konsensus və səs çoxluğu. Konsens yoxdursa, səs çoxluğu əhəmiyyətsizdir. "Müsavat”da bu konsensus olmadığına görə, vəziyyət gərginləşib. Tərəflər oturub, razılığa gəlməlidirlər”.

İ.Qəmbərin durumla bağlı süstlük nümayiş etdirməsinə gəlincə, qurum rəhbəri söyləyib ki, onun müdaxilə etmək imkanı yoxdur: "Çünki tərəflər İsa bəyin özünü də ittiham edir. Belə olan halda onun müdaxilə etməsi mümkünsüzdür”.

Vəziyyətdən çıxış yoluna gəlincə, S.Cəlaloğlu vurğulayıb ki, bunun üçün 2 yol var: "Ya İsa bəy yenidən başqanlığa qayıtmalıdır, ya da Müsavat öz taleyi ilə barışmalıdır. AMİP getdiyi yolu getməlidir. Demokratik şərait olmadan liderlərin dəyişilməsi ağır nəticələrə gətirib çıxarır”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, rəhbərlikdə kimin olmasından asılı olmayaraq təşkilatdakı mənfi tendensiya hamını üzür: "Oturuşmuş təşkilatlardan yalnız "Müsavat” belə halla üzləşməmişdi. Proseslər göstərir ki, İsa Qəmbər birləşdirici fiqur idi. Onun getməsi neqativ proseslərə təkan verdi. Qurultayqabağı iki xətt aydın görünürdü. Bunlardan biri, hakimiyyətlə daha anlaşıqlı xəttin tərəfdarları olan Q.İbadoğlu idi. O, İ.Qəmbərdən dəstək almadı. Açıq görünürdü ki, İsa bəy gələcəkdə radikal siyasi xəttin üstünlük təşkil etməsini istəyirdi. Ona görə də A.Hacılını dəstəklədi. Onun susması da məhz bununla əlaqədardır”.

Təşkilat sədrinin sözlərinə görə, hakimiyyətlə daha konstruktiv və intellektual mübarizəni təklif edən qrupun məğlubiyyəti o qanadın partiyadan tədricən uzaqlaşmasına səbəb olacaq: "Çünki qurultaydan sonra yeni və köhnə başqan radikal xəttin tərəfdarı kimi çıxış edirlər. Kompromis axtarılmır. Bu proses aşağılara, sıravi üzvlərə qədər sirayət edəcək”.

Ə.Əliyev bu qarşıdurmanı təbii proses adlandırıb: "Partiyaların inkişaf etməməsi səbəbindən perspektivini başqa yerdə axtaran potensiallı şəxslər təşkilatda qalmağı məqsədəuyğun saymırlar”.

Ayyət Əhməd