“21 ildir işsizəm”

Əvəz Temirxan vəkilliyə başlayıb



Bir neçə gündür Azərbaycan Liberal Partiyasının sədri "facebook” profilində vəkillik kampaniyası aparmağa başlayıb. Ə.Temirxan sosial şəbəkədə özünün mobil nömrəsini yerləşdirərək bütün hüquqi məsələlərlə bağlı ondan məsləhət almağın mümkün olduğunu elan edib.

Amma ixtisası üzrə hüquqşünas kimi çalışmağa qərar verən partiya sədri siyasətdən getmir. Bu barədə "Şərq”ə Ə.Temirxanın özü açıqlama verib. Partiya rəhbəri vəkil olaraq kampaniyaya başladığını desə də, siyasi fəaliyyətini davam etdirdiyini də bəyan edib: "Mən siyasi fəaliyyətimi davam etdirirəm. Hüquqşünas kimi işləməyim mənim siyasi təfəkkürümün möhkəmlənməsinə və cilalanmasına kömək edir. İş elanı heç kimdə təəccüb doğrumamalıdır. Mən 21 ildir ki, işsizəm. Axı dolanmaq üçün hansısa işlə məşğul olmalıyam. Elə buna görə ixtisasım üzrə çalışmaq qərarına gəldim”.

Ə.Temirxan xüsusi ofis açaraq, ayrıca ictimai birlik kimi fəaliyyət göstərmədiyini deyib: "Sadəcə olaraq Azərbaycanda hüquq sahəsində kifayət qədər tanınmış bir sıra görkəmli vəkil yoldaşlarla bir araya gələrək bərabər işləyirik”.

ALP sədri sadəcə mülki işlərə baxdığını bildirib: "Çünki cinayət işləri ilə məşğul olmağıma icazə vermirlər. Ümumiyyətlə, hüquqdan uzaqlaşdıqdan 20 il sonra yenidən testlə imtahan verib vəkilliyə qəbul olunmaq istəsəm də, siyasi mövqeyimə görə məni cinayət işlərinə buraxmadılar. Halbuki bilik göstəricisinə görə, testdən keçmişdim. Bilirsiz, Azərbaycanda savadlı hüquqşünaslar çoxdur. Amma təəssüflər olsun ki, vicdanlı və obyektiv hakimlər, prokurorlar, müstəntiqlər çox azdır”. Xatırladaq ki, Ə.Temirxanın Vəkillər Kollegiyası ilə də problemi var. Hüquqşünas özünün vəkil kimi qeydiyyata alınmamasından narazıdır və bununla bağlı məhkəmə çəkişməsi aparır. Bununla bağlı danışan Ə.Temirxan Vəkillər Kollegiyası ilə problemin hələ də qaldığını vurğulayıb: "Hazırda iş Avropa Məhkəməsinə göndərilib. Amma düzü, oradan da ədalətli qərar çıxacağına inanmıram”. Ə.Temirxan elan yerləşdirildikdən sonra hüquq işləri ilə bağlı ona müraciətlərin olduğunu da deyib.

İsmayıl