Çeviközün açıqlaması təxribat xarakterlidir

Türkiyə Ermənistanla sərhədi açarsa, ən böyük ziyanı özü görər



Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Bu dəfə problemi mediaya daşıyan Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz olub. Ermənistanla sərhədlərin açılmasının vacib olduğunu vurğulayan Çeviköz deyib ki, rəsmi Ankara Azərbaycan və Ermənistanla bərabər məsafədə dayanmalıdır:

"İddia edirlər ki, Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması Qarabağ məsələsində Ermənistana təzyiqdir. Lakin 20 ildə Ermənistan Azərbaycanla razılaşmaya məcbur edilməyibsə, bu necə təzyiq rıçağıdır?”. Keçmiş səfirin fikrincə, açıq sərhədlər Ermənistana daha ciddi təsir rıçağı olar: "Türkiyə öz sərhədlərini tədricən açmaqla qonşularını yeni danışıqlara həvəsləndirə bilər. Daha sonra Qarabağ prosesində əldə edilmiş irəliləyişi qiymətləndirərək sərhəd məsələsini daha funksional alətə çevirər”. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə sərhədlərin açılmasının ancaq Qarabağ münaqişəsinin həllindən sonra mümkün olacağını bəyan edib. Buna baxmayaraq, Türkiyədə Çeviközün timsalında Azərbaycanın maraqlarını istəməyən bəzi dairələr rəsmi Bakının xoşuna gəlməyən açıqlamalar verməkdə davam edirlər.

Keçmiş səfirin bəyanatını şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli onun mövqeyini tənqid edib. Siyasi ekspertin sözlərinə görə, provakasiya xarakterli bu açıqlama xalqlarımız arasında uçurum yarada bilər. Ona görə də Türkiyənin rəsmi şəxsləri bu bəyanatın hakimiyyətin mövqeyi ilə üst-üstə düşmədiyini ifadə etməlidir: "Söhbət başqa ölkədən getsəydi, fərqli mülahizələr yürütmək olardı. Azərbaycan Bakı-Ceyhan-Tiflis neft boru xəttini və TANAP layihəsini Türkiyədən keçirir ki, bu ölkə iqtisadi layihələrdən faydalansın. Azərbaycanın Türkiyənin iqtisadi inkişafı üçün etdiklərinin sayı-hesabı yoxdur. Bunun müqabilində keçmiş diplomatın, özü də Azərbaycanda səfir olmuş birinin bu cür danışması həddindən artıq qəribə olmaqla yanaşı, "bir millət, iki dövlət” prinsipinə də ziddir. Belə yanaşma xalqlarımız arasında soyuq münasibət yarada bilər. Keçmiş səfir bölgədəki vəziyyətə yaxından bələd olan adam kimi məsələni başqa cür qiymətləndirməli idi. Təəssüflər olsun ki, o, ermənilərin Azərbaycana təcavüzünü düzgün dəyərləndirə bilməyib”.

Q.Hüseynli bildirib ki, sərhədlərin rəsmən açılması məsələsi formal xarakter daşıyır. Onsuz da Türkiyədən İran və Gürcüstan vasitəsilə Ermənistana ərzaq və başqa məhsullar göndərilir: "Hətta ara-sıra türk jurnalistlərini Yerevana göndərərək onların dili ilə sərsəm məqalələr yazdırırlar. Əgər indiki AKP hökuməti sərhədləri açmaq istəyirsə, buyursun açsın. Amma əmin olun, bunun ziyanını təkcə biz çəkməyəcəyik. Türkiyənin özü də bundan böyük zərbə alacaq. Eyni zamanda Azərbaycan-Türkiyə münasibətləri də ciddi ziyan görəcək. Məcbur olsaq, Türkiyəyə etdiyimiz güzəştlərə yenidən nəzər yetirə bilərik. Yəni indiyə kimi 80 dollara satdığımız qazı bundan sonra 180 dollara satarıq”.

Politoloqun fikrincə, Türkiyə Ermənistanla sərhədlərini açaraq düşmən ölkəyə heç bir təzyiq göstərə bilməz: "Əksinə, ermənilər Van bölgəsindəki Axtamara və "özlərinin” hesab etdikləri digər Anadolu şəhərlərinə intensiv şəkildə gedib-gələrək qədim türk torpaqlarına ərazi iddia edəcəklər. Yəni sərhədlər açılandan sonra ermənilərin Türkiyəyə ərazi iddiası daha davakar formada vüsət alacaq. Yəqin ki, Türkiyə dövləti bunu istəməz. Ona görə də Ermənistanla sərhədləri bağlı saxlamalıdır”.

İsmayıl