Sumqayıtda işgəncə faktlarına rast gəlməmişəm

Elçin Behbudov sələfilərlə bağlı heç bir şikayət eşitmədiyini bildirib



Bir qrup dindar - sələfi noyabrın 13-də saxlanılması və Sumqayıt Şəhər Polis İdarəsində zorakılığa məruz qalmaları ilə bağlı məhkəməyə müraciət edəcək.

Saxlanılanlardan biri - Qarabağ müharibəsinin veteranı, II qrup əlil Zaur Mehdiyev mətbuata açıqlamasında noyabrın 13-də bir qrup sələfi əqidəsində olan dostu ilə həbs olunan dostları Zöhrab Şıxəliyevin Corat ərazisində olan evində olarkən, Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən polis idarəsinə aparılaraq işgəncələrə məruz qaldığını bildirib. Əlində faktlar olduğunu və həmin dəlilləri məhkəməyə təqdim edəcəyini deyən Z.Mehdiyevin iddiasına görə, rəis müavini Süleyman Nemətov və İdarənin bir neçə başqa əməkdaşları onlara işgəncələr verib, olmazın zülmlər ediblər: "Bizim polis idarəsində döyülməyimizdən bir gün sonra bir nəfər rus vətəndaşını da döyüblər. O da bizim kimi namazqılandır. Amma rus vətəndaşıdır”. Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan şəxslərə verilən işgəncələrlə bağlı məhkəməyə müraciət edəcəyini vurğulayan Mehdiyev

8 saat təhqir edildiklərini və hazırda iki nəfərin Sumqayıt Şəhər Xəstəxanasının Travmatalogiya şöbəsində olduğunu söyləyib.

Sumqayıt Şəhər Polis İdarəsində tez-tez olduğunu deyən İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov indiyə qədər orada heç bir işgəncə faktı ilə qarşılaşmadığını deyib: "Ayda ən azı bir dəfə də olsa, Sumqayıt Şəhər Baş Polis İdarəsinə baş çəkib, saxlanılan şəxslərlə söhbət aparıb, onların problemləri ilə maraqlanıram. Heç vaxt işgəncə faktlarına rast gəlməmişəm. Bu barədə təqsirləndirilən şəxslərdən də şikayət eşitməmişəm. Süleyman Nemətovu da şəxsən tanıyıram. O, Sumqayıt Şəhər Baş Polis İdarəsinin rəis müavinidir. Şəxsən onun haqqında da heç bir şikayət eşitməmişəm. Sözün açığı, sözügedən faktın əsaslı olduğunu düşünmürəm. Əgər Sumqayıt Şəhər Baş Polis İdarəsində saxlanılan şəxslərə qarşı işgəncə faktları, döyülmələr olsa belə, bunu əməliyyat işçiləri edər. Rəis müavinin adam döyməsi nəsə mənə inandırıcı gəlmədi”.

Qeyd edək ki, hazırda Zərdab, Beyləqan rayonlarındakı polis şöbələrində monitorinq keçirdiklərini vurğulayan hüquq müdafiəçisi şəhərə qayıdan kimi Sumqayıt Şəhər Baş Polis İdarəsinə baş çəkib, bu faktla maraqlanacağını deyib.

Şəymən