Rusiyada Azərbaycanın pomidoru 7 manata satılır

Bu qarşıdakı aylarda daha böyük qiymət artımına səbəb ola bilər




Rusiya bazarlarında Azərbaycan pomidoru az qala qızıl qiymətinədir. Belə baxanda, ruslar buna alışıqlıdır. Orda həmişə belə olub. Qışın oğlan çağında Azərbaycan meyvə-tərəvəzləri bazarlarını bəzəyərdi və həmişə də qiyməti çox baha olardı. Amma indi qiymət lap "əl yandırır”. Yayılan xəbərlərə görə, hazırda Rusiya bazarlarında pomidorun 1 kiloqramı 7 manatdır.

Bununla belə ruslar bu dadlı tərəvəzdən imtina etmir və Azərbaycan məhsulu yenə də şimala daşınır. Bəs bu amil yerli bazarlarda məhsul qıtlığına səbəb olacaqmı? Artıq payız mövsümü bitmək üzrədir, qarşıdan qış gəlir. Baxmayaraq ki, ilin bütün fəsillərində bazarlarda təzə meyvə-tərəvəz tapmaq mümkündür, qiymətlər də gərək orta azərbaycanlının cibinə uyğun olsun.

Hazırda növündən asılı olaraq pomidorun 1 kiloqramı 1 manat 60 qəpikdən başlamış 3 manat 70 qəpiyə qədər yüksəlir. Nəzərə alsaq ki, bir tərəfdən də Rusiya bazarları pomidorumuza müştəri çıxıb, bəs qışda vəziyyət necə olacaq?

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov hazırda Azərbaycan məhsullarının ixracında azalma müşahidə edildiyini bildirdi:

- Pomidorun Rusiya bazarlarında qiymətinin kəskin qalxması ixracın məhdudlaşması ilə bağlıdır. Əvvəlki aylara nisbətən hazırda bizim şimal zonasından, ümumiyyətlə ixracat azalıb. Bu da onunla əlaqədardır ki, Rusiya müxtəlif ölkələrdən kənd təsərrüfatı məhsulları idxal etməyə üstünlük verir, məsələn, Moldovadan çoxlu meyvə-tərəvəz gətirirlər. İkinci amilsə budur ki, Rusiya rublunun məzənnəsi kəskin düşüb. Bu da Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyaların nəticəsidir. Rusiya bazarlarında kənd təsərrüfatı məhsullarına ehtiyac azalıb. Xatırlayırsınızsa, avqust-sentyabr aylarında tələbat kəskin artmışdı, bizim fermerlər də məhsullarını bol ixrac etdilər. İndi vəziyyət fərqlidir. Əlbəttə, kənd təsərrüfatı məhsullarının ixracının azalması yerli bazar üçün sərfəlidir, mallar ölkədən çıxmır, nəticədə qiymət düşür. Əhali üçün bu, yaxşıdır, Rusiya bazarları vasitəsilə qazanan fermerlər üçünsə pisdir. Fermer də istəyir, məhsulunu satsın, qazanc əldə etsin. Amma əlbəttə, biz daha çox yerli bazarın maraqlarının qorunmasını təmin etməliyik.

V.Əhmədov Rusiyada Azərbaycan məhsullarına həqiqətən tələbatın artıq olduğunu bildirdi:

- Azərbaycan məhsulları keyfiyyətlidir. Çünki bizdə geni dəyişdirilmiş məhsul azdır. Məhsulun tərkibi ciddi dəyişikliyə uğramayıb. Kim istəməz ki, təbii məhsul alsın?! Ümumiyyətlə, Azərbaycan bazarlarında da geni dəyişdirilmiş məhsullar azdır. Camaatımız da yerli məhsullara üstünlük verir. Hazırda yerli bazarlarda məhsul qıtlığı yoxdur. Qiymətlər də mövsümə uyğundur. Ola bilər ki, bayramqabağı qiymətlərdə artım yenə də müşahidə edilsin. Bu da daha çox subyektiv amillərlə bağlı olur. Amma Rusiyaya ixrac azalsa, məhsullarımız ölkədə qalacaq, bu da qiymətlərin düşməsinə səbəb olacaq.

İqtisadçı Samir Əliyev də Rusiya bazarlarında Azərbaycan kənd təsərrüfatı məhsullarına tələbat olduğunu dedi:

- Ruslar bizim məhsulları daha çox alır, çünki keyfiyyətlidirlər, dadlıdırlar. Fermerlər də bu imkandan yararlanmaq istəyir. Artıq Rusiyada havalar soyuyub, bundan asılı olaraq da kənd təsərrüfatı məhsullarının qiymətində artım var. Fermerlər də çalışır ki, məhsulu xaricə çıxarsınlar. Bu isə təbii ki, daxili bazara zərbə vurur.

Azərbaycanda məhsuldarlıq o qədər yüksək deyil ki, həm özünü təmin etsin, həm də ixrac etsin. Azərbaycan kənd təsərrüfatı məhsulları ixracatçısı bir ölkə deyil. Məsələn, Rusiyada kartof bazarının cəmi 12 faizi Azərbaycanın payına düşür. Rusiya kimi nəhəng ölkəni təmin etmək asan gəlməsin. Azərbaycan isə ixracatçı ölkələr sırasında birinci deyil. Amma bizim məhsula tələbat var, çünki keyfiyyətlidir. Ruslar Türkiyə pomidorundansa, Azərbaycanın pomidorunu üstün tuturlar. Seçimi Azərbaycan məhsuluna edirlər. Bu, ta sovet vaxtından belədir. Amma bizim məhsulumuz o qədər deyil ki, həm özümüzü təmin edə bilək, həm də ixracatda öncül olaq. Əgər kənd təsərrüfatı sahəsi həqiqi mənada inkişaf etmiş olsaydı, kiçik və orta sahibkarlıq inkişaf etsəydi, onda bu mümkün idi. Hazırkı vəziyyətdə isə biz seçim qarşısında qalırıq, ya daxili bazarı təmin etməliyik, ya da ixraca üstünlük verməliyik. İqtisadi qanunlara görə, ilk növbədə daxili tələbat nəzərə alınır, tələbat öyrənilir və ona görə hərəkət edilir. Bizdə vəziyyət fərqlidir. Major situasiyalara hazırlıqlı olduğumuzu deyə bilmərəm. Ərzaq təhlükəsizliyi proqramı məhz buna görə qəbul edilir. Burada əsas 4 komponent var: ərzaq bolluğu, ərzağın əlçatan olması, keyfiyyət və fasiləsiz təminat. Bu 4 komponentdən bəlkə də yalnız biri - keyfiyyət mövcuddur. Digər 3 komponentin təmin edildiyini deyə bilmərik. Ona görə də yerli bazarlarda vaxtaşırı qıtlıq və qiymət artımı yaşanır. Rusiya bazarlarında boşluq yaranan kimi bizimkilər ora cumurlar, nəticədə daxili bazar boşalır. İxracın qarşısını almaq artıq mümkün deyil. Yan təsirlərin qarşısını almaq üçün gərək əvvəldən tədbirlər görülsün. Məlumdur ki, Azərbaycan fermerləri yetişdirdikləri məhsulu uyğun qiymətə sata bilmirlər. Monopolistlər buna imkan vermir. Bazara çıxışı əngəllənən kəndli məcburiyyət qarşısında qalıb məhsulunu ucuz qiymətə topdan satır. Kəndlinin, fermerin əməyi stimullaşdırılmadığı üçün məhsul yetişdirməkdə maraqlı olmurlar. Bunun üçün fermerlərə sığortalar verilməlidir, kəndli məhsul yetişdirməyə həvəsləndirilməlidir və s. Bunlar olmadığından kəndlinin, fermerin əlinə qazanc əldə etmək fürsəti düşən kimi məhsulu xaricə çıxarır. Bizimkilərin əsas bazarı da Rusiyadır.

Məlahət Rzayeva