Mirqafar Seyidov polis bölmələrini “şikayətçi” olaraq yoxlayır

Bu cür yoxlamalar polis əməkdaşlarının vətəndaşlarla münasibətdə daha mülayim olmasına gətirib çıxaracaq




DİN-də aparılan kadr islahatlarından sonra Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunan Mirqafar Seyidov qeyri-adi üsulla yoxlamalara davam edir. Baş Polis İdarəsinin yeni rəisi bu dəfə Nərimanov rayonunda yoxlama aparıb.

Belə ki, dünən gecə mülki geyimdə Nərimanov Rayon Polis İdarəsinə daxil olan BŞBPİ rəisi, general Mirqafar Seyidov sadə vətəndaş kimi polisə müraciət edib: "İş çantamı taksidə unutmuşam, bununla bağlı sizə müraciət etmək istəyirəm”. Lakin polis nəfəri BŞBPİ-nin yeni rəisini tanımayıb. Onun müraciətini soyuq qarşılayaraq, sabah müraciət etməsini istəyib. Bir qədər sonra isə "şikayətçi”nin Mirqafar Seyidov olduğu məlum olub və o, polis əməkdaşını tənbeh edib.

Məsələ ilə bağlı açıqlama verən DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə BŞBPİ rəisinin istənilən vaxt, istənilən polis idarəsini yoxlamağa ixtiyarı olduğunu bildirib.

Qeyd edək ki, yeni rəisi bundan əvvəl Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin dəhlizində gözlədiblər. M.Seyidov sözügedən bölmənin inzibati binasına mülki geyimdə şikayətçi qismində daxil olub. Bölmə əməkdaşları M.Seyidovu tanımayıblar və BŞBPİ-nin rəisi dəhlizdə gözləməli olub. Bir müddət sonra isə gələn "şikayətçi”nin BŞBPİ-nin rəisi olduğu məlum olub.

BŞBPİ rəisinin qeyri-adi yoxlama üsulunu dəyərləndirən ehtiyatda olan polis polkovniki Eldar Mirzəbəyov deyib ki, Azərbaycanda polis və vətəndaş cəmiyyəti institutunun formalaşdırılması ilə bağlı müvafiq tədbirlər hər zaman həyata keçirilib. Həmçinin hüquq-mühafizə sahəsində həyata keçirilən bu cür tədbirlərin hər biri polisin əhaliyə münasibətinin yüksək səviyyədə olduğuna yönəlib. Bu cür tədbirlər hər zaman olmasa da, əksər zamanlarda müsbət effekt verir.

Yeni rəisin mülki geyimdə polis idarələrində yoxlamalar keçirməsinin təqdirəlayiq hal olduğunu deyən E.Mirzəbəyov hesab edir ki, rəis sadəcə əhaliyə qarşı polisin münasibətini, rəftarını öyrənmək istəyir: "Yəqin ki, bu cür yoxlamaların nəticəsi olaraq da, M.Seyidov lazımi tədbirləri görəcək. Polisin əsas vəzifəsi sıravi vətəndaşla ünsiyyətdə olmaq, onların hüquqlarını qorumaq və şikayətlərə adekvat reaksiyalar verməkdən ibarətdir. Keçirilən bütün tədbirlər, aparılan yoxlamalar da buna yönəlib”. İstənilən halda, hüquq-mühafizə sahəsində qanun çərçivəsində həyata keçirilən bütün tədbirlərin qəbulolunan olduğunu vurğulayan Mirzəbəyov hesab edir ki, bu cür yoxlamalar polis əməkdaşlarının vətəndaşlarla münasibətdə daha mülayim olmasına gətirib çıxaracaq: "Bu cür yoxlamalardan sonra tənbeh alan polis bundan sonra vətəndaşlara daha yüksək qayğı göstərəcək. Həmçinin digər bölmə əməkdaşları da özləri üçün bu cür yoxlamalardan nəticə çıxaracaqlar. Vətəndaşlara diqqətsiz münasibət qanunsuzdur və bu cür halların istənilən halda üzə çıxma ehtimalı var. Odur ki, M.Seyidovun mülki geyimdə yoxlamalar aparması birmənalı olaraq polis əməkdaşlarını daha məsuliyyətli və vətəndaşlara qarşı qayğılı olmağa vadar edəcək”.

Şəymən