Xoş xəbər, onlara ev verilmə ehtimalı var

İnternat uşaqları 18 yaşından sonra küçələrdə qalmayacaq



Bu gün ölkədə kimsəsiz uşaqlarla bağlı ən böyük problem 18 yaşdan sonra onların internat evlərindən məcburən uzaqlaşdırılması və sonrakı talelərinin necə olmasıdır. İllərdir həllini tapmayan bu məsələ hələ də öz aktuallığını qoruyub saxlayır.

Erkən yaşlarında uşaq evinə sığınanlar digər həmyaşıdlarından fərqli olaraq valideyn qayğısı dada bilmədikləri azmış kimi, 18 il uşaq evlərində dövlət onlara qayğı göstərdikdən sonra yenidən gənc yaşlarında küçədə qalmaq təhlükəsi ilə üzləşirlər. Viktor Hüqonun təbiri ilə desək, "valideynlərin təpiklə vurub həyata atdıqları günahsız uşaqlar ikinci zərbəni də cəmiyyətdən almalı olurlar”. Bax, bu zaman vəziyyət həqiqətən də, daha acınacaqlı olur. Kiçik yaşlarında valideynləri, gənc yaşlarında isə dövlət onları saxlamaqdan, yuva verməkdən imtina edir. Uşaq evindən çıxarkən gənclərin əksəriyyətinin gedəsi yeri olmadığı üçün də onlar həyatın ən böyük "şillə”sini küçələrdə dadırlar. Xüsusən də, uşaq evindən "məzun” olan qızlar daha şanssız olur. Hər halda oğlanlardan çox, qızlar "himayədarlar”a lazım olurlar. Asan yolla, yaxşı pul qazanmaq üçün. Bir sözlə, qızlar uşaq evini tərk edəndən sonra pis yola düşür və insan alverinin qurbanına çevrilirlər. Bu mənada yuxarıda da qeyd etdiyimiz kimi, internatı tərk edən uşaqların sonrakı taleyi həmişə sual altında qalıb. Onlar harada yaşayır, necə həyat tərzi sürür?

Qeyd edək ki, həyata keçirilən layihələr öz təsdiqini tapsa, artıq internat evlərinin nakam sakinləri 18 yaşdan sonra küçələrdə qalmayacaq. Belə ki, gələn ildən uşaq evlərində yaşayan uşaqlara 18 yaşından sonra da ev verilmə ehtimalı var. Bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu addımın atılmasında məqsəd həmin uşaqların evsiz küçə sakinlərinə çevrilməsinin qarşısını almaqdır: "İnternat məktəblərində yaşayan və 18 yaşı tamam olan uşaqların mənzillə təmin edilməsi məsələsi həllini tapıb. 2015-ci ildən bu evlər onlara veriləcək”.

Kimsəsiz uşaqlara 18 yaşından sonra ev verilməsinin təqdirəlayiq hal olduğunu vurğulayan "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, bu problem tez bir zamanda öz həllini tapmalıdır. Sovet dövründə 18 yaşdan sonra internat evlərini tərk edən kimsəsiz uşaqların həm təhsillərini davam etdirmələri, həm də mənzil və işlə təmin olunmaları üçün şərait yaradıldığını xatırladan Birlik rəhbərinin sözlərinə görə, indi bu problemi həll edilən yeniyetmələrin sayı çox aşağı səviyyədədir. Məhz buna görə onların ailə qurmaq, gələcək müqəddəratlarını həll etmək şansları yoxdur.

Mehriban Zeynalova bildirib ki, indi internat evlərində uşaqların taleyi həmin müəssisələrin rəhbərlərinin insafından asılıdır. Onun fikrincə, cəmiyyətdə onlar üçün lazımi şərait yaradılmadığına görə internatların rəhbərləri 18 yaşı tamam olandan sonra da həmin yeniyetmələri internat evlərində saxlamağa məcbur olurlar. Halbuki bu, qanunla qadağan olunub və onlar uşaqların sonrakı taleyinə cavabdeh deyillər.

Uşaq evlərindən uzaqlaşan qızların taleyinin daha narahatedici olduğunu vurğulayan Mehriban Zeynalova onların iş tapa bilmədikləri üçün təhlükəli yollara düşdüklərini xüsusi qeyd edib: "Həm oğlanlar, həm də qızlar iş tapa bilmir və cinayətkar qruplar onları öz dairələrinə cəlb edirlər. Məsələn, onlar narkotik alverçilərinin toruna düşə, silah alverinə qoşula, dilənçiliyə, oğurluğa, fahişəliyə cəlb edilə bilərlər. Qızların qadın alverçilərinin qurbanına çevrilmək qorxusu isə daha böyükdür”.

Şəymən