“Quş qripi” qayıdır

Bakıda və Abşeronda xəstə quşlara rast gəlinməyib



Yoluxucu viruslar dünyanı əməlli-başlı lərzəyə salıb. Avropa əhalisi yenidən "quş qripi” epidemiyası fəallaşması təhlükəsi ilə qarşı-qarşıyadır. Belə ki, dünya ictimaiyyəti son aylar sürətlə yayılan "ebola” virusundan yaxa qurtarmamış bir müddət əvvəl ictimaiyyət arasında təlaşa səbəb olan "quş qripi” virusunun qayıtma ehtimalı gündəmi zəbt edib.

Qeyd edək ki, Niderlanddakı quşçuluq fabrikində "quş qripi”nin çox yoluxucu növü aşkar olunandan sonra Avropa Komissiyası Britaniya və Hollandiyada ev quşları arasında qeydə alınmış qripin yayılmaması üçün təcili tədbirlərə başlayıb.

Azadlıq radiosunun yaydığı xəbərə görə, Niderland hökuməti Hekendorp kəndində yerləşən yoluxmuş fermadakı 150 000 toyuğu məhv etməyə başlayıb. Hökumətin bəyanatında qeyd olunub ki, "quş qripi”nin bu qədər çox patogenik variantı quşlar üçün çox təhlükəlidir, xəstəlik heyvanlardan insanlara keçə bilər. Artıq Hollandiyada quş əti və yumurtanın daşınması bütün ölkə boyunca qadağan edilib. Xatırladaq ki, bir neçə il əvvəl də "quş qripi” təhlükəsi əksəriyyət ölkələrdə, o cümlədən də Azərbaycanda təşvişə səbəb olmuşdu. İndi də insanları bu sual maraqlandırır ki, "quş qripi”nin yeni yayılmış bu növü Azərbaycana da gəlib çıxa bilərmi?

DBX-nin Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, payız miqrasiyasının başlaması ilə əlaqədar monitorinq keçirilir: "Monitorinq zamanı həm ev, həm də çöl quşlarından seçmə üsulla götürülən nümunələr respublika baytarlıq laboratoriyasında müayinə olundu, nümunələrdən heç birində xəstəlik daşıyıcısı aşkar edilmədi. Biz dünəndən yeni bir monitorinqə başlamışıq. Artıq Abşeron parkında müvafiq tədbirlər həyata keçirilib, xəstə quşlara təsadüf olunmayıb. Növbəti günlərdə isə Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarında milli qoruq və parklarda monitorinqlər davam etdiriləcək. Eləcə də ayrı-ayrı təsərrüfatlardakı ev quşlarından nümunələr götürüləcək. Bu günə qədər "quş qripi”nə görə, ölkədə vəziyyət sabitdir. Bu sabitliyin qorunması üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi tədbirlər həyata keçirir”.

"Quş qripi”nin ilk növbədə köçəri quşlardan yoluxma ehtimalı olduğunu deyən Xidmət rəhbəri bildirib ki, bu virus bir də quş və quş əti məhsulları ilə gələ bilər: "Biz isə quş əti məhsullarını o ölkələrdən alırıq ki, orada epizodik vəziyyət sabitdir. Bizə quş və quş əti məhsulları Türkiyə, Braziliya və Amerika Birləşmiş Ştatlarından idxal olunur. Miqrasiya dövründə əgər xəstəlik gələrsə, biz öz məlumatlarımızda əhalinin nəzərinə çatdırırıq ki, ev quşları mütləq qapalı şəraitdə saxlanmalıdır. Ev quşları ilə çöl quşlarının kontaktına yol vermək olmaz. Quşların köçmə vaxtı olduğuna görə, infeksiyaların yayılma ehtimalı böyükdür, bu səbəbdən ev quşları qapalı şəraitdə saxlanılmalıdır”.

XXI əsrin virus əsri olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybullanın qənaətincə, bu viruslar həyatın qeyri-hüceyrəvi formasıdır: "Hava-damcı yolu ilə və müxtəlif asan yollarla yayılan viruslar asanlıqla epidemiya yarada bilərlər, bu da çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Təsadüfi deyil ki, qrip virusu dörd karantin infeksiyadan biri sayılır. Yəni, taun, vəba, sarılıq, qızdırma və qrip virusu. Ona görə də bu gün "quş qripi” həm Avropa, həm də Azərbaycan üçün təhlükə yarada bilər. Çünki köçəri quşlar sərhəd tanımırlar. Onlar bir ölkədən digərinə asanlıqla keçə bilər və orada bu virusu yaya bilərlər”.

"Quş qripi” virusunun beynəlxalq dərman mafiyalarının kommersiya məqsədli bir oyunu olması ehtimalını dəyərləndirən A.Qeybulla vurğulayıb ki, bu cür şayiələr var, ancaq bu hal insanlıq üzərində cinayət kimi qiymətləndirilir: "Bu çox ciddi ittihamdır və bu haqda heç kimin əlində bir fakt yoxdur. Bu məsələ ilə müvafiq beynəlxalq qurumlar məşğul olmalıdır”.

Şəymən