Tikinti sahəsi səhmana salındı

Ramil Osmanlının fikrincə, bu, irəliyə doğru atılmış bir addımdır



Azərbaycan Respublikası prezidenti İlham Əliyev "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Bu fərmandan irəli gələrək Nazirlər Kabinetinə mürəkkəb-texniki obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin siyahısını ölkə prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq edilməsi tapşırılıb.

Yeni qaydalara əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən müəyyən obyektin tikintisi, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi mexanizmi müəyyən edilib. Həmçinin insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələndirmə qaydaları öz əksini tapıb.

Bununla yanaşı, sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 m2, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektlərinin layihələndirilməsinə icazə verilir.

Yeni qaydaların təsdiq edilməsinə uzun müddətdir zərurət yarandığını söyləyən "Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının fikrincə, bu, irəliyə doğru atılmış bir addımdır: "Yeni qaydaların təsdiqi əlavə kənar ödənişlərin və qanun pozuntularının və bürokratik əngəllərin aradan qaldırılması baxımından məsələlərin həlli istiqamətində yardımçı ola bilər. Qaydalarda daha çox qeyri-yaşayış sahələri olan obyektlərin tikintisi, nəzarəti və digər hallar nəzərdə tutulur. Bununla yanaşı, mənim üçün arixtektur və tikinti baxımından mənzil və fərdi yaşayış evləri məsələsi də aktualdır. Çünki bu, orta və aztəminatlı ailələrin maraqlarına xidmət edən məsələdir”.

Vüqar Şahinoğlu