Azərbaycançılığı dramaturgiyası ilə təbliğ edən ziyalı...

İlyas Əfəndiyev milli kimliyimizi bədii yaradıcılığı ilə aşılayıb



XX əsr Azərbaycan ədəbiyyatının klassiki, nasir və dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin zəngin bədii yaradıcılığının milli şüurun və özünüdərkin formalaşmasında xüsusi rolu olub. Qüdrətli qələm sahibinin çoxşaxəli yaradıcılığı XX əsr Azərbaycan gerçəkliyinin, ədəbiyyat və mədəniyyətinin milli bədii salnaməsidir. İlyas Əfəndiyev həm nəsr əsərləri, həm də dramaturgiyası ilə sovet dövrü ədəbi prosesində və eləcə də teatr prosesində sosializm realizminin ideoloji ehkamlarına boyun əyməyib. Xalq yazıçısı dram əsərlərilə Akademik Milli Dram Teatrımıza yeni çalar, yeni ruh, yeni üslub və təravət gətirib. Dramaturgiyamızda lirik-psixoloji dram məktəbini və onun poetikasını yaradıb.

İ.Əfəndiyev Azərbaycan ədəbiyyatının klassiki, qüdrətli qələm sahibi, lirik hekayələr ustadı, monumental nəsrimizin yaradıcılarından biri və milli dramaturgiyamızın yarım əsrini böyük cəsarətlə öz çiynində daşıyan xalq yazıçısıdır.

Yazıçının bədii əsərlərində toxunduğu mənəviyyat problemləri özəl bədii-estetik dəyərinə, dərin fikir genişliyinə, ictimai-sosial mahiyyətinə görə bu gün də düşündürücüdür, milli əxlaq tərzinin formalaşmasında çox dəyərli əhəmiyyət kəsb edir. İ.Əfəndiyevin tarixi mövzuda yazılmış əsərlərində milli varlığın taleyüklü zamanlarının tarixi səciyyəsinin bədii-xronoloji inikası görünür. Milli vüqara, bəşəri düşüncəyə malik olan azad şəxsiyyət, azad Vətən və azad dünya yazıçının estetik idealının ana xəttini təşkil edib. Bu estetik ideal yazıçının hər bir əsərində öz bədii təcəssümünü tapıb.

Mütəfəkkir sənətkar ən qlobal bəşəri mövzulara, qatı sosial-ictimai problemlərə məhz insan mənəviyyatından pəncərə açıb, yeni baxım bucağı ilə oxucunu daha böyük ülviyyətlə öz qələminin diktəsinə səfərbər edib. İ.Əfəndiyev yaşı əsr yarımlıq həddə yaxınlaşan peşəkar teatrımızın əlli ilinin repertuar ağırlığını əzəmətlə çiyinlərində daşıyıb. O, dramaturgiyamıza onlarca kamil və orijinal obrazlar qalereyası bəxş etdi. Dramaturq Azərbaycan milli teatrında lirik-psixoloji üslubun təməlini qoydu və onun formalaşması üçün ölməz sənət əsərləri yaradıb. Rejissorlar yeni janr, üslub, ifadə vasitələri axtarışlarında öncə İlyas Əfəndiyev dramaturgiyasının incilərinə istinad etdilər. Mövzuların ümumbəşəriliyinə, konfliktlərinin psixoloji dərinliyinə, mənəvi-əxlaqi dəyərlərin miqyasına görə İlyas Əfəndiyevin bədii irsi bu gün də aktualdır.

İ.Əfəndiyev dövrün hakim ideologiyasına boyun əyməyərək, xalq həyatını azərbaycançılıq və türkçülük məfkurəsi ilə təcəssüm etdirərək XX əsr Azərbaycan ədəbiyyatının klassikinə, ən böyük yazıçısına çevrilib. Onu bəşəri və heç bir zaman təravətini itirməyən əsərləri dünya miqyasında tanıdıb. Sənətkarın əsərləri fransız, ingilis, alman, ərəb, rus, fars, türk, çex, polyak, slovak, bolqar, macar, ispan, litva, eston, gürcü və s. xalqların dillərinə tərcümə olunub. İlyas Əfəndiyev XX əsr Azərbaycan nəsrinin, dramaturgiyasının, ədəbi dilinin və teatr sənətinin inkişafında xüsusi yeri olan sənətkardır. İlyas Əfəndiyev yaradıcılığının özünəməxsus dil və üslub özəllikləri var. Qüdrətli qələm sahibi Azərbaycan dilinin saflığı uğrunda ardıcıl çıxış edib. Dilin gözəlliyindən bəhs edən ədib yazıb: "Xalqımızın dili onun əvəzsiz sərvətidir. Qafqazda, Yaxın Şərqdə bu dilin əhəmiyyəti barədə yüksək fikirlər söylənilib. Dədə-babalarımız, görkəmli söz adamlarımız dilimizi qoruyub zənginləşdiriblər. Ana dilimizin qayda-qanunlarını pozmağa heç kimin haqqı yoxdur. Dili qorumaq qeyrət işidir, buna etinasız yanaşmaq olmaz”.

İlyas Əfəndiyev yaradıcılığı əsasən milli ədəbi ənənələrimizin yeni forma və məzmununda davam və inkişaf etdirilib. Bədii əsərlərinin dili əfsanə, rəvayət, nağıl və dastanların leksikasından gələn üslubi çalarlarla zəngindir. El ədəbiyyatından gələn dərin hikmət, hər bir sözü yerində işlətmək, bədiilik və obrazlılıq, şirin təhkiyə, yüksək şeiriyyət bu əsərlərin təsirliliyini, bədii siqlətini və məna dərinliklərini daha da artırır.

Qeyd edək ki, İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olub. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar olub. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub, alqı-satqı işlərilə məşğul olub. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olub. O, 7-8 yaşında olarkən atası vəfat etmiş, anası ərə getməyərək bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf edib. Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirib, rus dilini mükəmməl öyrənib. Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin yanında kənd təsərrüfatı alətləri satan mağazada işləyib. Bir müddət sonra həmin ticarətlə müstəqil məşğul olub. O, Rusiyanın müxtəlif şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət əlaqələrinə girib, bir neçə həmkarı ilə birlikdə mal gətirib satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanıb. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif təsərrüfat idarələrində çalışıb. Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı bir adam olub, böyük hörmət sahibi idi. Evində çox zəngin kitabxanası varmış. İlyas Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırıb. Kasıblar həmişə onun yanına məsləhətə gəliblər.

Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində məmur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışıb. Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalıb, onların ata-baba mülkü əllərindən alınıb, ailənin bəzi üzvləri "xalq düşməni” kimi güllələnib, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunub. Yazıçının atası Məhəmməd Əfəndiyevə "kulak” damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilib, "səs hüququndan” məhrum olunub. Ağır sıxıntı və ehtiyac içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-paltar almaq hüququndan belə məhrum edilib. Lakin yazıçının nənə və babaları bolşeviklərin ağalığından əvvəlki illərdə yüzlərlə yoxsul ailələrə əl tutan, kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi yadda qaldıqlarından, qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də olsa kömək ediblər.

Yazıçı bu illərin hadisələrini xatırlayaraq qeyd edib: "Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar”.

1930-1990-cı illərin ədəbi prosesində həm şəxsiyyəti, həm də özünəməxsus yaradıcılığı ilə mühüm rol oynamış görkəmli sənətkarlarımızdan biri olan İ.Əfəndiyev sosialist realizminin prinsip və vərdişlərinin ədəbiyyatda və nəzəri metodologiya mövcud olduğu bir dövrdə müqtadir sənətkarımız çoxçeşidli yaradıcılığı ilə ədəbi prosesə yeni bir ab-hava gətirib. Xalq yazıçısı sovet rejiminin normativ sxemlərinə məhəl qoymayaraq öz fitri istedadı ilə yazdığı əsərlərində insanın mənəviyyatından, onun daxili hiss və duyğularından, humanist dəyərlərdən çıxış edib.

Professor Şamil Salmanovun elmi qənaətinə görə, İ.Əfəndiyev nəinki iştirakçısı olduğu bu prosesin qabaqcıl, cəsarətli meyillərini əsərlərində təmsil edir, həm də əsərləri, bütün yaradıcılığı bu mənada müasir ədəbi prosesə əzəmi miqyasda təsir göstərir, onu istiqamətləndirib.

Qüdrətli sənətkarımız Sovetlər İttifaqı dövründə heç bir zaman Kommunist Partiyasının üzvü olmadı və bu partiyanın üzvü olmamaqdan da qürur duyub. O, qürurlu bir şəxsiyyət olaraq dövrün hakim ideologiyasına boyun əyməyib, yüksək vəzifədə gözü olmayıb (hətta təklif olunan vəzifələrdən də imtina edib), iş otağındakı kreslo onun üçün ən yüksək vəzifə kreslosu oldu. Bunun nəticəsidir ki, yazıçının heç bir əsəri dövrün hakim siyasi ideologiyasının prinsiplərinə uymayıb.

(Davamı var)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb