Pensiyaçı daha əlavə xərclərdən azad olunub

Bu sahədəki islahatlar məmur və təqaüdçü arasındakı ünsiyyəti kəsib




Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla reallaşdırılması ölkəmizdə bazar iqtisadiyyatına keçidin yeni bir modelini formalaşdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil milli iqtisadiyyatın yaradılması həyatımızın bütün sahələrində öz bəhrələrini verməkdədir. Əhalinin pensiya təminatının qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması da həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biridir. Və bu məsələ daim dövlətin diqqət mərkəzindədir. Məlumdur ki, pensiya münasibətlərində köklü dəyişikliklərin başlanğıcı 2001-2005-ci illərdə ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası”nın reallaşdırılması ilə qoyulub.

Nəticədə əmək pensiyalarının ödənişində kart sisteminə keçid təmin olunub. Şübhəsiz ki, bu da sığorta-pensiya sistemi ilə bağlı gerçəkləşən ən uğurlu islahat tədbirlərindən biridir. Çünki 2004-cü ildən etibarən pensiyaların plastik kartlarla ödənilməsi onların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemləri aradan qaldırıb. Bununla yanaşı, ötən dövrdə pensiyaların plastik kartlarla ödənişinin bütün pensiyaçıları əhatə etməsi tədbirləri daha da genişləndirilib. Hazırda ümumilikdə təqaüdçülərin 99,9 faizinin pensiyası plastik kartlarla ödənilir. Bu məqsədlə ümumilikdə 712, o cümlədən, kənd və qəsəbələrdə 170 bankomat istifadəyə verilib. Şəffaflığın gücləndirilməsi üçün plastik kartların pensiyaçılara çatdırılması etibarlı banklara həvalə olunub. Hətta əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi məqsədi ilə ölkə başçısı İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Proqrama uyğun olaraq pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilir. Bankomat və post-terminallarla təchizat gücləndirilir. Ödənişlərdə çoxfunksiyalı çip-kartlardan istifadə olunur. Ucqar kəndlərdə ödənişin proqressiv üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq edilir.

Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın başlıca vasitəsidir

Sığorta-pensiya sistemində həyata keçirilən islahatları yüksək dəyərləndirən Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli "Şərq”ə açıqlamasında qeyd edib ki, sözügedən sahədə beynəlxalq təcrübədə rast gəlinən yeniliklər zaman-zaman Azərbaycanda da tətbiq edilməyə başlanıb: "Əvvəllər vəziyyət belə idi ki, pensiyaları gətirib ünvanına çatdıran adama təqaüdçü bir neçə manat pul ödəməli olurdu. Eyni zamanda pensiyalar vaxtlı-vaxtında gətirilmir, gecikdirilirdi. Bəzən isə təqaüdçü poçt işçisinə "şirinlik” vermədiyi üçün pensiya gətirən onun pulunu qəsdən yubadırdı. Bununla da təqaüdçünü məcbur edirdi ki, ona mütləq "hörmət” eləsin. Təbii ki, bu, ürəkaçan mənzərə deyildi. Amma Azərbaycan

müstəqillik qazanandan sonra bir çox sahələrdə, o cümlədən sosial təminat, sosial müdafiə sahəsində də bir sıra islahatlar həyata keçirildi. Müasir dövrün tələblərinə uyğun fəaliyyət zərurətə çevrildi. Bu, pensiyaların verilməsi, əhaliyə çatdırılması qaydalarından da yan keçmədi. İndi pensiyalar mərkəzləşdirilmiş qaydada, elektron hökumət layihəsinin tərkib hissəsi kimi müasir texnologiyalar sayəsində avtomatlaşdırılıb. Və plastik kartlar vasitəsilə təqaüdçülərə çatdırılır. Artıq təqaüdçü çox yaxşı bilir ki, ayın hansı həftəsi, hansı günü bankomata gedib, pensiyasını ala biləcək. Bunun üçün təqaüdçüdən nə əlavə ödəniş tələb olunur, nə də kiməsə xahiş-minnət edir. Pensiyaçı gözə görünməyən əlavə xərclərdən azad olunub”.

Yeniliklərin tətbiqi ilə pensiyaların gecikdirilməsinin də qarşısı alınıb

Bununla yanaşı, millət vəkili vurğulayıb ki, indiki halda təqaüdçü öz təqaüdünü vaxtında əldə edib istədiyi kimi xərcləyə, hətta xərcləməyə ehtiyac duymadığı halda öz kartında - bankda etibarlı şəkildə saxlaya bilir: "Bütün bunlar pensiya təminatı sahəsində irəliyə doğru atılmış zəruri, təqdirəlayiq addımlardır. Bunun davamı olaraq, artıq müavinətlər də elektron formada verilməyə başlanıb. Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu layihənin də təqdimatı olub. Hər kəs tərəfindən razılıqla qarşılanıb”.

Bu, korrupsiya və digər neqativ halların da qarşısını alıb

İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramov da əmək pensiyalarının və digər sosial yardımların plastik kartlarla verilməsini müsbət hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, bu, korrupsiya və digər neqativ halların aradan qaldırılmasına, şəffaflığın təmin edilməsinə və vətəndaşlara yüksək səviyyəli xidmət göstərilməsinə səbəb olub: "Bu imkan verir ki, vətəndaşlar öz pensiyalarını plastik kartlar vasitəsilə alarkən hər hansı məmurla ünsiyyətdə olmasınlar. Belə bir ünsiyyət olmadığı üçün korrupsiya hallarına yol verilmir. Vəsait birbaşa vətəndaşın kartına köçürüldüyü üçün kimsə o vəsaitdən hansısa miqdarını tuta bilmir”.

Pensiyaçılar plastik kartlardan nağdsız ödəniş üçün də istifadə edirlər

Müsahibimizin fikrincə, pensiyaçıların plastik kartlarla təmin olunması təqaüdçülərin də nağdsız ödənişlərə üstünlük verməsinə gətirib çıxarıb: "Düzdür, ilkin vaxtlar bu göstərici olduqca aşağı idi. Zaman keçdikcə, pensiyaçılar bu kartlardan daha yaxşı istifadə etməyi, o cümlədən nağdsız alış-verişi öyrəndilər”.

Plastik kartlar təqaüdçüləri uzun növbələrdə dayanmaqdan xilas edib

V.Bayramovun qənaətincə, pensiyaların plastik kartlarla verilməsi təqaüdçüyə kartın aid olduğu bankdan müəyyən edilmiş miqdarda kreditlər götürməsinə imkan yarada bilir: "Bu zaman da onlar əlavə xərclərdən, bəzi sənədləşmə işlərindən xilas olunurlar. Bütövlükdə pensiyaların plastik kartlarla verilməsi Azərbaycanda ödənişlərin elektronlaşdırılması proqramı çərçivəsində həyata keçirilir və şəffaflığa xidmət edir. Artıq pensiyaçı öz təqaüdünü ayın hansı günündə alacağını bilir. Nəzərə alsaq ki, artıq bu sahədə şəffaflıq tam təmin olunub, o zaman təqaüdçülərin nağdsız ödəmələrdə aktivliyini daha da artırmaq üçün xüsusi stimullaşdırıcı layihələr həyata keçirmək olar. Bunun üçün təşviqedici metodlardan yararlanmaq lazımdır. Hazırda böyük bir qisim təqaüdçü öz təqaüdünü nağdlaşdırıb sonra xərcləyir. Bunun qarşısını almaq üçün qardaş Türkiyədə olduğu kimi təşviqedici faizlər müəyyənləşdirilməlidir. Yəni, təqaüdçü ən azı 100 manatlıq nağdsız alış-veriş etdiyi zaman həmin məbləğin 3 faizi təkrar onun hesabına qaytarıla bilər. Bu, pensiyaçını öz təqaüdünü nağdlaşdırmaqla deyil, kartdan istifadə etməklə ödənişlər etməyə məcbur edəcək. Çünki pensiyaçı hər 100 manata görə əlavə 3 manat qazanmış olacaq. Bu, müəyyən stimul rolunu oynayacaq”.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev qeyd edib ki, hazırda ölkəmiz pensiyaların ödənişində kart sisteminin tətbiqi üzrə əldə etdiyi göstəricilərə görə beynəlxalq aləmdə öncül mövqedə qərarlaşıb: "Ölkədə plastik kart sahiblərinin sayı 5,5 milyonu ötüb. Bu sistemdə 1 milyon 272 min nəfər pensiyaçıya xidməti ayrıca təsəvvür etmək mümkün deyil. Yəni mövcud bankomatlardan bütün plastik kart sahibləri istifadə edir. Bu isə növbələrlə müşayiət olunur. Digər başlıca səbəb isə əhalinin, o cümlədən pensiyaçı kateqoriyasının nağdsız ödəniş sisteminin əsas elementi olan post-terminallarla ödəmədən istifadə etməməsidir. Əksər vətəndaşlar plastik kartlara nağdsız ödəniş vasitəsi kimi deyil, vəsaitin bankomatla nağdlaşdırılması aləti kimi yanaşır. Bunun yeganə həll yolu ölkədə nağdsız ödəniş sisteminin əsas elementi olan post-terminallarla ödəmənin daha da inkişaf etdirilməsidir”.

Əmək pensiyaçıları da çoxfunksiyalı plastik kartlardan nağdsız ödəniş vasitəsi kimi istifadə edə biləcək

DSMF sədri onu da diqqətə çatdırıb ki, əmək pensiyaçılarının da öz çoxfunksiyalı plastik kartlarından nağdsız ödəniş vasitəsi kimi istifadə etməsinə nail olmaq qarşıda duran əsas vəzifələrdəndir. Və bunun üçün müxtəlif tədbirlər həyata keçirilməkdədir: "Belə tədbirlərdən biri də "Pensiya+” xidmətidir. Bu xidmətin istifadəyə verilməsi nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi üçün atılan mühüm addımlardandır. "Pensiya+” xidməti çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılıb. Bu məbləğ pensiyaçının müraciəti əsasında artırıla bilər. Xidmət pulsuzdur. Bu xidmətə qoşulan pensiyaçıdan heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur. Kredit limiti yalnız bir sıra ticarət müəssisələrində nağdsız alış-veriş zamanı istifadə oluna bilər. Pensiyaçı öz pensiya vəsaitini tam xərclədikdən sonra kreditdən yararlana biləcək. Pensiyaçı istəsə belə, verilən krediti nağd əldə edə bilməyəcək. Yalnız nağdsız alış-veriş üçün həmin məbləği istifadə edə biləcək. Bu isə avtomatik olaraq həmin şəxslərdə nağdsız alış-veriş vərdişinin yaranmasına şərait yaradacaq. Bir sözlə, təqaüdçülərimiz tədricən öz plastik kartlarından təyinatı üzrə yararlanmağa başlayacaqlar”.

Poçt işçilərinin təqaüdçülərdən "pul tutması” sona çatıb

Sığorta-pensiya sistemində həyata keçirilən islahatlarla bağlı sorğumuzu cavablandıran təqaüdçü Abdullayev Sahib Məmməd oğlu da hökumətin bu yöndə addımlarını təqdir edib: "Sovetlər birliyi dönəmində pensiyaların verilməsi tamam fərqli üsulla həyata keçirilirdi. Hər şeydən öncə, pensiyaların dəqiq verilmə vaxtı heç kimə bəlli olmurdu. Gecikmə halları mütəmadi xarakter daşıyırdı. Azərbaycan müstəqillik qazandıqdan sonrakı illərdə bu sahədə vəziyyət bir qədər də acınacaqlı hala düşdü. Əmək pensiyasını müxtəlif ünvanlara çatdıran poçt işçiləri bunun müqabilində təqaüdçülərdən müəyyən məbləğdə pul alırdılar. Hansı təqaüdçü bu məbləği ödəmək istəməsə, növbəti aydan başlayaraq onun pensiyası ya ünvanına çatdırılmırdı, ya da həddindən artıq gecikdirilirdi. Bununla da əmək pensiyaçıları kimlərəsə əlavə məbləğ ödəmək məcburiyyətində qalırdılar. Amma 2004-cü ildən başlayaraq vəziyyət müsbətə doğru dəyişdi. Sığorta-pensiya sistemində həyata keçirilən islahatlar nəticəsində əmək pensiyaları plastik kartlarla verilməyə başlandı. İndi təqaüdümün hesabıma nə vaxt köçəcəyini bilirəm. Heç bir gecikmə halları olmur. İstədiyim vaxt, istədiyim məbləği kiməsə minnətçi düşmədən hesabımdan çıxara bilirəm”.

Ayyət Əhməd

Yazı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun "Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyin təminatıdır” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.