Abdullah Gül prokurora ifadə verdi






Türkiyənin 11-ci prezidenti Abdullah Gül Rifah Partiyasının liderinin köməkçisi vəzifəsində olduğu dövrdə yoxa çıxan trilyon iddiası çərçivəsində dünən Ankaradakı Baş Prokurorluqda ifadə verib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gül avqustun 28-də vəzifə müddətinin sona çatmasının ardından Baş Prokurorluğa müraciət edərək, millət vəkilliyi və ardından prezident olması səbəbi ilə sahib olduğu toxunulmazlıqlar səbəbindən haqqında icra olunmayan iddianın nəticələndirilməsi üçün əməliyyatların aparılmasını tələb edib. Baş prokurorluq da hüquq çərçivəsində Gülü ifadə verməyə dəvət edib.
Gülün məsləhətçiləri bununla bağlı verdikləri açıqlamada deyiblər: "Hüquq dövləti budur, kimsə imtiyazlı deyil, hər kəs gedər ifadə verər, cinayəti olub-olmadığı qərarını vermə səlahiyyəti məhkəməyə aiddir”.
Gül Rifah Partiyasının rəhbərinin xarici əlaqələrə məsul köməkçisi işlədiyi zaman pulla bağlı heç bir səlahiyyət və məsuliyyəti olmadığını, bununla belə iddiada adı keçən hər kəsin ifadəsinin alınmasının hüquqa zidd olmadığını, hüquqa hörmət çərçivəsində ifadə verməyə gəldiyini qeyd edib.