Klassik azərbaycançı aydın...

İlyas Əfəndiyevin yaradıcılığının milli şüurun və özünüdərkin formalaşmasında xüsusi rolu olub


(Əvvəli ötən sayımızda)



XX əsr Azərbaycan ədəbiyyatının klassiki, nasir və dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin zəngin bədii yaradıcılığının milli şüurun və özünüdərkin formalaşmasında xüsusi rolu olub. Qüdrətli qələm sahibinin çoxşaxəli yaradıcılığı XX əsr Azərbaycan gerçəkliyinin, ədəbiyyat və mədəniyyətinin milli-bədii salnaməsidir. İlyas Əfəndiyev həm nəsr əsərləri, həm də dramaturgiyası ilə sovet dövrü ədəbi prosesində və eləcə də teatr prosesində sosializm realizminin ideoloji ehkamlarına boyun əyməyib. Xalq yazıçısı dram əsərlərilə Akademik Milli Dram Teatrımıza yeni çalar, yeni ruh, yeni üslub və təravət gətirib. Dramaturgiyamızda lirik-psixoloji dram məktəbini və onun poetikasını yaradıb.

İ.Əfəndiyev Azərbaycan ədəbiyyatının klassiki, qüdrətli qələm sahibi, lirik hekayələr ustadı, monumental nəsrimizin yaradıcılarından biri və milli dramaturgiyamızın yarım əsrini böyük cəsarətlə öz çiynində daşıyan xalq yazıçısıdır. Yazıçının bədii əsərlərində toxunduğu mənəviyyat problemləri özəl bədii-estetik dəyərinə, dərin fikir genişliyinə, ictimai-sosial mahiyyətinə görə bu gün də düşündürücüdür, milli əxlaq tərzinin formalaşmasında çox dəyərli əhəmiyyət kəsb edir. İ.Əfəndiyevin tarixi mövzuda yazılmış əsərlərində milli varlığın taleyüklü zamanlarının tarixi səciyyəsinin bədii-xronoloji inikası görünür. Milli vüqara, bəşəri düşüncəyə malik olan azad şəxsiyyət, azad Vətən və azad dünya yazıçının estetik idealının ana xəttini təşkil edib. Bu estetik ideal yazıçının hər bir əsərində öz bədii təcəssümünü tapıb.

İ.Əfəndiyevin nəsri sovet nəsrinin sosioloji şablonlarını dağıdıb, sosialist realizminin estetik ehkamları ilə düz gəlməyən, xalq həyatının milli-mənəvi mənafeləri baxımından təcəssüm etdirən nəsr təmayülü yaradıb və ədəbiyyatımıza lirik-psixoloji üslub gətirib. Xalq yazıçısının dram əsərləri ilə yeni rejissor, aktyor, bəstəkar və rəssam nəsli formalaşıb. "İlyas Əfəndiyev teatrı”nın fəlsəfi-estetik və fikri-bədii təravəti bu gün də oxucuların və tamaşaçıların vətənpərvərlik hissinin və estetik zövqünün formalaşmasına öz təsirini göstərir.

İ.Əfəndiyev özünəməxsus cəsarətlə bədii əsərlərində və müsahibələrində azadlığımızı, milli müstəqilliyimizi, xalq həyatını azərbaycançılıq və türkçülük məfkurəsi ilə təcəssüm etdirərək XX əsr Azərbaycan ədəbiyyatının klassikinə çevrilib.

İ.Əfəndiyev qüdrətli şəxsiyyəti, fenomenal bütövlüyü və zəngin yaradıcılığı ilə müasirlərinə, xüsusilə ədib və şairlərə, ümumiyyətlə, ziyalılara milli sənətkar mədəniyyətinin nümunəsini göstərib. Onun həyatı və şəxsiyyətinin özü bütöv bir ədəbi-tarixi epoxadır.

Ədəbi tənqid və ədəbiyyatşünaslıq "Geriyə baxma, qoca” romanı haqqındakı təhlillərində "geriyə baxmağa dəyər” qənaətindən çıxış edir və xalqımızın tarixinin mühüm bir dövrü haqqında bədii həqiqətlərin romanda yer almasına dair yekun qənaətə gəlir.

Müəllifi, hər şeydən əvvəl, milli varlığın tarixi xarakteri haqqındakı həqiqətlər düşündürüb. "Möhnət qocanın nağıllar”ında canlanan "aranlı-yaylaqlı Qarabağ” obalarındakı nəsillərin yaşam tərzi xalqımızın həyat yolu, adət və ənənələri ilə bağlı təsəvvürlərimizi dolğunlaşdırmağa, milli yaddaşımızı oyandırmağa xidmət edir.

İlyas Əfəndiyevin bədii əsərlərindəki cəsarəti daima yeniliyə meyli, yeni mövzular qaldırması, psixoloji dərinliklərə varmaq ehtirası onun istedadına, həyatdakı cəsarəti isə xarakterinin xüsusiyyətlərinə söykənib.

Yazıçının bədii əsərlərində qəhrəmanların ən çox daxili aləmləri, hiss və duyğuları, kədər və sevincləri yüksək bədiiliklə təsvir edilib. İ.Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə məhz ədəbi, milli-mənəvi dəyərlər, yüksək bəşəri ideallar işığında təqdimindən və tərənnümündən ibarətdir.

İ.Əfəndiyev XX əsr Azərbaycan nəsrinə lirik-psixoloji üslub gətirib. O, 50-ci illərin sonunda yeni Azərbaycan nəsrinin bədii-fəlsəfi əsaslarını yaradan ədiblərin önündə gedib. M.Hüseynin "Yeraltı çaylar dənizə axır”, M.İbrahimovun "Böyük dayaq”, İ.Hüseynovun "Yanar ürək”, S.Əhmədlinin "Dünyanın arşını” əsərləri ilə birlikdə nəsri sosioloji ehkamların məngənəsindən xilas edən, sovet əxlaq normalarına qarşı milli mənəviyyatı qoyan əsər İ.Əfəndiyevin "Söyüdlü arx” romanı olub.

İ.Əfəndiyevi adıçəkilən ədiblərdən fərqləndirən bu idi ki, həmin yazıçılar sosioloji üslubdan tam xilas ola bilmədilər, İ.Əfəndiyev isə inadkar bir əzmlə yeni nəsrin poetikasını yaradıb. Onun nəsri sözün həqiqi mənasında 60-cı illər nəsli üçün bədii-fəlsəfi örnək olub. XX əsrin sovet dönəmində bütün ədəbiyyat ağız-ağıza verib sosializmin, əfsanəvi kommunizmin cahanşümul qələbələrini vəsf və mədb etdiyi bir dövrdə İ.Əfəndiyevin sənətkar nəfəsi öz kövrək-romantik addımları ilə insanın qəlbinə daxil oldu, onu məhəbbətlə fəth etdi və bu İNSAN-ı sosioloji ehkamların məngənəsindən xilas edib.

İ.Əfəndiyev adları bütün Azərbaycan tamaşaçılarının qəlbinə əbədi həkk olunmuş dram əsərləri ilə səhnədə elə bir səltənət yaratdı ki, sovet ideologiyası bu "büllur saray”a daxil ola bilmədi, bu səltənətin, bu büllur sarayın hakimi öz daxili aləminin saflığını qoruyan İNSAN milli Azərbaycan türkü idi. İ.Əfəndiyevin yazdığı 20 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatr təfəkkürünün inkişafına güclü təsir göstərib. Azərbaycan teatr poetikası bədii-estetik siqlətini geniş anlamda "İlyas Əfəndiyev teatrı”nda tapıb.

Görkəmli ədəbiyyatşünaslar, nəzəriyyəçilər və sənət xadimləri İ.Əfəndiyevin yaradıcılığı haqqında monumental monoqrafiyalar, tədqiqat əsərləri, elmi-nəzəri məqalələr, tamaşalarına resenziyalar yazıb və qüdrətli sənətkarın yaradıcılığını xalqımızın tarixi taleyi kontekstində

tədqiq edərək qiymətləndiriblər. İ.Əfəndiyev qüdrətli bir şəxsiyyət kimi öz fenomenal bütövlüyünü həyatı boyu qoruyub saxlayıb. Vətənsevərliyi, mərdliyi, xeyirxahlığı, həqiqətə, ədalətə tapınması, sözü üzə deməsi, təəssübkeşliyi, ədəbiyyata, sənətə qəlbən bağlılığı və əbədiyaşar əsərlərilə o, bu gün də yaşayır.

İlk hekayələrini bir qədər əvvəl yazsa da, İ.Əfəndiyev ədəbiyyat tarixinə XX əsrin ən keşməkeşli bir dövründə - 1939-cu ildə "Kənddən məktublar” kitabı ilə daxil olub.

Bu, ziyalılar, xüsusilə yazıçı və tənqidçilər üzərində repressiyaların tüğyan etdiyi, cəmiyyətdə satqınlığın, donosbazlığın baş alıb getdiyi bir dövr idi. İ.Əfəndiyev belə bir dövrdə əzm və inamla, başlıcası isə bənzərsiz istedadı və şəxsiyyəti ilə ədəbiyyata gəldi, nəinki sözün, ümumiyyətlə, insanın ucuzlaşdığı bir dövrdə bədii sözü urvata mindirdi, bədii fikrin diqqət və istiqamətini insan şəxsiyyətinə, onun daxili-mənəvi aləminə yönəltməyə nail olub. Totalitar sovet rejimi çökəndən sonra, arxivlərə yol açılanda məlum olub ki, İ.Əfəndiyev repressiyalardan üzüağ, alnıaçıq çıxıb. Beləliklə, o, bütün ömrü boyu onun nəslinə, vətəninə yad gözlə baxmış amansız ideologiyaya boyun əymədi, əksinə, bütün ömrü boyu milli yazıçı olaraq qalıb. Xalq tərəfindən həmişə məhəbbətlə sevilən İ.Əfəndiyev dövrün hakim ideologiyasına boyun əyməyib. Bu, bir tarixi faktdır ki, ömrü faciələr burulğanında keçən ölməz dramaturqumuz H.Cavidi müdafiə eləyən yeganə məktubu da Xalq yazıçısı İlyas Əfəndiyev yazıb: "Cavidi azad etmək lazımdır, çünki xalq onsuz da onu sevir, onu unutmayıb, ürəyində gizlin saxlayıb, onu oradan çıxarmaq mümkün deyil. Cavid azad olunsa, respublikada vətənpərvərlik ruhu da yüksələr...”. Dramaturqun tənqidi məqalələri, əsasən dramaturgiya, teatr, kino sənəti, bütövlükdə mədəniyyət problemlərinə həsr olunub. O, həm də ayrı-ayrı sənət xadimləri haqqında geniş fəlsəfi esselər də yazıb. Onun sənətə və mədəniyyət məsələlərinə həsr etdiyi məqalə və resenziyaları bədii-estetik siqləti, aktuallığı və məna tutumu ilə fərqlənir. Bu səpkidə məqalələr sənətşünaslıq elmimizdə estetik təravəti ilə seçilir. İ.Əfəndiyevin dramaturgiyası teatr tariximizdə yeni rejissor və aktyor nəslini formalaşdırıb. Görkəmli sənət adamları sənət talelərindəki uğurlara görə bu böyük şəxsiyyətin həm özünün, həm də dramaturgiyasının müstəsna rolundan fərəh hissiylə söz açırlar. Dramaturqun yaradıcılığında Cənub mövzusu xüsusi tədqiqat obyektidir. "Unuda bilmirəm” əsərilə bu mövzu ilk dəfə olaraq səhnəmizdə öz bədii təcəssümünü tapdı. Ədəbiyyatda, ümumən ictimai fikir tariximizdə bu mövzu qadağan olduğu bir dövrdə səhnəyə gəldi. Bu əsərə müxtəlif təzyiqlər olsa da, 17 il repertuardan düşmədi və 500 dəfədən çox tamaşası oldu.

İ.Əfəndiyevin tarixi dramlarında əsas aparıcı xətt qəhrəmanlıq motivləridir. Onun keçən əsrin 70-90-cı illərində qələmə aldığı "Mahnı dağlarda qaldı” (1971)., "Natəvan” (1881), "Şeyx Xiyabanı” (1986).”Sevgililərin cəhənnəmdə vüsalı” (1989), "Tənha iydə ağacı” (1991), "Dəlilər və ağıllılar” (1992). "Hökmdar və qızı” (1994) tarixi dramları tarixə yeni təfəkkürlə yanaşması, yeni münasibəti, xalqımızın öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlıdır.

İlyas Əfəndiyev XX əsr Azərbaycan nəsrinin, dramaturgiyasının ədəbi dilinin və teatr sənətinin inkişafında xüsusi yeri olan sənətkardır. Qüdrətli qələm sahibi ədəbi dilə və müqəddəs əlahəzrət Sözə yüksək qiymət verib: "Ədəbi dilimizin inkişafında ən mühüm vəzifələrdən biri, əlbəttə, yazıçıların, şairlərin üzərinə düşür. Yazıçı üçün dil onun ürəyinin tərcümanıdır. Ədəbiyyata gətirilən sözü yazıçı elə işlətməlidir ki, o, hamı üçün anlaşılan olsun. Xalqın ruhu ilə, canlı danışıq dili ilə mayalanmış əsərlər həmişə ümumxalq məhəbbəti qazanır”. İ.Əfəndiyev həmişə oxunan və sevilən sənətkardır. O, Sovetlər İttifaqı dönəmində gündə bir havaya oynayan, yalnız hakim ideologiyanın sifarişi ilə "əsərlər” yazan "yazıçıları” özünəxas ustalıqla tənqid edirdi. Yazıçı Azərbaycanın gələcəyinə böyük ümidlər bəsləyirdi: "... Mənim Azərbaycanın gələcəyinə ümidlərim böyükdür. Çünki Azərbaycan xalqının vətəninə, torpağına bağlılığı, sevgisi əbədidir. Bu gün millətin vətənpərvərlik duyğusunun yeni təlatümünün coşub-kükrəyən dövrüdür”. Daim əsərlərində xalqımızın milli azadlıq mübarizəsini, müstəqilliyini, istiqlaliyyətini tərənnüm edən və bu yolda inadından dönməyən sənətkarımız müstəqil Azərbaycanın Dövlət ordenini alan ilk yazıçımız oldu. 82 illik mənalı ömrünün 60 ilini yaradıcılığa həsr etmiş bu müqtədir sənətkarın çoxçeşidli və həmişə müasir əsərləri fəlsəfi-estetik təravətini və məna çalarını saxlamaqla bizi milli-mənəvi birliyə səsləyir.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb