Putin hakimiyyətdən devriləcək, ya da qətl olunacaq

FTX dərinliklərində Rusiyanın ali rəhbərliyini yeni siyasi fiqurla dəyişdirməyə hazırlaşırlar
Vəfa Quluzadə: “Ukrayna ilə Rusiyanın qarşıdurması bütün demokratik dünya ilə Moskvanı üz-üzə qoyub. Səbəb isə Putindir”

Ərəstun Oruclu: "Rusiyanın hansısa bir qurumunda "prezidenti devirmək” haqqında planın hazırlanması inandırıcı deyil”




Kremldə hakimiyyət çevrilişi ilə bağlı siqnalların Qərb mətbuatında artmasının ardınca Rusiyanın özündə də ekspertlər səviyyəsində eyni fikirlər səslənməyə başlayıb. Xüsusən, son günlər Putinin müxtəlif yollarla hakimiyyətdən uzaqlaşdırılacağı barədə iddialar ölkə mətbuatının gündəmindən düşmür.

"Saray çevrilişi” xəbərdarlıqları

Ötən gün tarixçi-alim A.Novak Rusiya prezidenti Vladimir Putinin perspektivlərindən danışıb. Novak artıq məyus olmuş rus cəmiyyətinin güclü rəhbər axtarışında olduğunu bildirib. Tarixçinin sözlərinə görə, Putini xarici siyasətdə uğursuzluğuna görə hakimiyyətdən salacaqlar: "Onu ictimai inqilab və ya zəif müxalifət deyil, keçmiş Dövlət Təhlükəsizliyi Komitəsindən olan həmkarları devirəcək”. Polşalı sovetoloq deyib ki, Rusiyada ciddi problemlər var və onları görməmək mümkün deyil. Daha bir analoji iddia ilə rusiyalı jurnalist Aleksandr Sotnik də çıxış edib. Bu barədə öz "facebook” səhifəsində yazan Sotnikə görə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) dərinliklərində Rusiyanın ali rəhbərliyini yeni siyasi fiqurla dəyişdirməyə hazırlaşırlar. Ümumiyyətlə, Kreml hakimiyyətinin aktiv tənqidçisi A.Sotnik son vaxtlar Kremldə hakimiyyət çevrilişi ilə bağlı verdiyi siqnallarla gündəmdədir. Jurnalist israrla Rusiyada "saray çevrilişi” ideyasının aktuallaşdığını bildirir: "Putin yalnız ölkəni dalana aparmadı, o həm də Rusiyanı iqtisadi və siyasi baxımdan öldürdü. Onun gedişi hazırda qaçılmaz görünür”.

Kreml rəhbərinin öldürülmə ehtimalı..

Putinin devrilməsini gözləyən digər şəxslərdən biri də rusiyalı politoloq Stanislav Belkovskidir. Onun sözlərinə görə, Kreml başçısı özü də gedəcəyini bilir: "Gözlənilən prosesin qarşısını almaq üçün Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin nəzdində Milli Qvardiyanın formalaşması prosesinə start verilib. Hesab olunur ki, Putin onun üçün ən çətin vaxtda Milli Qvardiyaya söykənəcək. Gündəlikdə saray çevrilişi var. Sui-qəsd ehtimalı da böyükdür”. Kreml ideoloqu və imperialist fikirlər müəllifi kimi tanınan Aleksandr Duqin də "saray çevrilişi” barədə xəbərdarlıq edib. O, hətta Putinin qətlini də istisna etməyib.

Rusiya yaxınlaşan fırtınanın episentrindədir

Hazırda Kreml iqtisadi böhranla üz-üzədir və vəziyyət kifayət qədər ciddidir. 2014-cü ilin əvvəlindən Rusiya Mərkəzi Bankı milli valyutanın məzənnənin saxlanılması üçün valyuta ehtiyatlarından 51 milyard dollar bazara çıxarıb. Rusiyada xarici investisiyalar 50 faiz azalıb. Kremlin 630 milyard dollar valyuta ehtiyatları yaranan dərin çatların qapadılmasına kifayət etmir. Rusiyada maliyyə sabitliyi haqqında narahatlıq Kremldəki müxtəlif qruplaşmalar arasında "ictimai döyüşlərə” səbəb olub. Rusiyanın maliyyə naziri Anton Siluanov Putini hərbi xərcləri azaltmağa çağırıb. Artıq həm ölkə daxilində, həm də xaricdə bir çoxları şübhə etmir ki, iqtisadiyyatın uçuruma yuvarlanması ölkəni oliqarxların üsyanına apara bilər. Bu üsyanın isə Putinin geosiyasi ambisiyalarına qarşı olacağı şübhəsizdir. Heç kimə sirr deyil ki, Rusiya oliqarxları ölkənin iqtisadi həyatında həlledici rol oynayır və siyasi qərarlara da kifayət qədər təsir edirlər. Rusiyalı politoloq Andrey Piontkovski də bu məqama toxunaraq milyarderlərin nəhəng pullar itirdiklərini deyib: "Onlarda sual yaranır ki, niyə biz bütün bunlara bir insanın (Putinin-Ö.D.) ambisiyalarına görə dözməyə məcburuq?”. O, həmçinin sadə xalqın da Putinə qarşı narazılığının artdığını qeyd edib. Ancaq bir çox analitiklər hesab edir ki, Putinin hakimiyyətdən gedişi Rusiyanı kataklizmlərdən xilas etməyəcək. Ona görə də ötən il ABŞ-ın "Stratfor” analitik mərkəzinin apardığı məqalənin adı "Putindən sonra Rusiya: - Dumanlı gələcək” idi.

Rusiya liderlərinin hakimiyyətdən düşməsi

Putin Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş agentidir və onu təhlükəsizlik strukturlarındakı dairələrlə möhkəm tellər bağlayırdı. O, hakimiyyətin ilk illərindən müxtəlif qruplaşmalar arasındakı balansı qoruya bilirdi. Hazırda problem ondan ibarətdir ki, mövcud qəbilə sistemi dağılmağa başlayıb. Ukraynadakı strateji müvəffəqiyyətsizliyə görə də Putin başda olmaqla məhz həmin təhlükəsizlik xidmətinin nümayəndələri ittiham olunur. Putin isə əvvəlki kimi müxtəlif qruplaşmalar arasında balansı saxlamağa çalışır. Bunu son həftələrdə liberallar və təhlükəsizlik xidmətlərinin nümayəndələrinin arasında keçirilən büdcə müzakirələri də göstərir. Putinin nə qədər möhkəm olduğunu Kreml divarlarından xaricdə qiymətləndirmək çox çətindir. Yeni liderlərlə bağlı qərarlar məhz Kreml daxilində qəbul edilir, ölkə sakinləri tərəfindən deyil. Əvvəlki Rusiya liderləri, Nikita Xruşov və Leonid Brejnevdən tutmuş Boris Yeltsinə qədər hamısı öz postlarından hakimiyyətdəki ən yaxın silahdaşları tərəfindən uzaqlaşdırılıb.

"Rusiyada indiki şəraitdə istənilən hadisənin baş verməsi mümkündür”

Sabiq dövlət müşaviri Vəfa Quluzadə bildirib ki, Putinin imperialist siyasətinə qarşı Rusiya daxilində narazılıq edən qüvvələr formalaşıb. Xüsusən, liberal qüvvələr Putinin uğursuz siyasətini qətiyyətlə rədd edirlər: "Getdikcə hakimiyyət daxilində Putindən narazılıq daha da artacaq. Əlbəttə, bunun müqavimət dərəcəsinə çatıb-çatmayacağını indidən demək çətindir. Amma Putin devrilə bilər, hətta iddia olunur ki, ona qarşı sui-qəsd də ola bilər. Rusiyada indiki şəraitdə istənilən hadisənin baş verməsi mümkündür. Çünki Rusiyanın Ukrayna geosiyasəti xalis avantüra idi. Moskvanın populist siyasəti Rusiyanın sadə kütləsi arasında narazılıqla qarşılanır. Putinin niyyəti o idi ki, Krımdan sonra Dnestryanı bölgəni və digər regionları Rusiyaya birləşdirməli, NATO-nu arxası üstdə qoysun. Lakin bu baş tutmadı”. Politoloq deyib ki, Ukrayna ilə Rusiyanın qarşıdurması bütün demokratik dünya ilə Moskvanı üz-üzə qoyub. Səbəb isə Putindir: "Nəticə etibarı ilə Rusiya bu mübarizəni uduzacaq. Rusiyanın mübarizəni uduzması öz növbəsində bu ölkədə hakimiyyət dəyişikliyinə, Putin iqtidarının siyasi səhnədən getməsinə gətirib çıxaracaq. Bu isə bütün regiona çox böyük müsbət təsir edə bilər. Qarabağ məsələsi Rus imperiyasının siyasəti nəticəsində həll oluna bilmir. Tərəflər sülhə doğru addım atan kimi Ermənistan cəzalandırılır. Ona görə də biz Qərbin qələbəsində maraqlıyıq. Rusiyanın qələbəsi Sovet imperiyasının bərpası deməkdir. Bütün yeni demokratik dövlətlərdə Polşa, Macarıstan, Baltik respublikalarında, MDB dövlətlərində ruslar yaşayır. Rusiyanın rusları qorumaqla bağlı yeni doktrinası faşist ideologiyasıdır. Necə ki, Hitler bütün dünyada yəhudilərin məhv edilməsini elan edirdi. İndi Putin də elan edib ki, hansı ölkədə ruslara qarşı hərəkət olarsa, dərhal ora əsgər göndərəcək. Bu, çürük ideologiyadır”.

"Bu FTX belə olsa, sadəcə bir qurumun Putini devirməsi inandırıcı görünmür”

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu "Putinin yaxın günlərdə devriləcəyi” xəbərini bir neçə nəfərin yanaşması, hətta fantaziyası kimi dəyərləndirir: "Bu barədə deyilənləri ciddi məlumat olaraq qəbul etmək lazım deyil. Sadəcə cəmiyyətin açıqlamaya olan ictimai reaksiyasını dəyərləndirmək olar. Bir çox hallarda bu cür məlumatları qəsdən ortaya ataraq cəmiyyətdəki ab-havanı öyrənməyə çalışırlar. Yəni belə bir mümkün variantda münasibətin necə olacağını bilmək istəyirlər. Ancaq Rusiya mətbuatında bu məsələ ətrafında sensasiya olmadı. Düzdür, media və sosial şəbəkələrdə müəyyən müzakirələr aparıldı, amma ciddi şəkildə gündəmə gətirilmədi”. Siyasi ekspertin fikrincə, Putini devirmək hansısa bir qurumun əlində deyil. Söhbət Federal Təhlükəsizlik Xidmətindən getsə belə: "Rusiya böyük və güclü dövlətdir. Bu ölkədə müxtəlif maraqlar və maraqların üst-üstə düşən və bir-birinə zidd olan məqamları var. Amma Rusiyanın hansısa bir qurumunda "prezidenti devirmək” haqqında planın hazırlanması inandırıcı deyil. Ölkənin böyük hərbi sənaye kompleksi və maliyyə sahəsində böyük oliqarxiyası var. Rusiyada müxtəlif regional maraq dairələrini təmsil edən müxtəlif klanlar mövcuddur. Yəni rejimin çökməsi o qədər də sadə məsələ deyil. Şəxsən mən bunu bu dərəcədə sadələşdirməzdim”.

İsmayıl