Qayğı mərkəzlərinin sayı artırılır

Sahib Məmmədov: “Qayğı Mərkəzləri yaradıldıqdan sonra QHT-lərin idarəçiliyinə verilməsinin tərəfdarıyam”



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ildən etibarən UNİCEF-lə birgə qayğı mərkəzlərinin sayının artırmasını nəzərdə tutub. Məqsəd uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərlə təmin edilməsidir.

Həmçinin, uşaqların alternativ qayğı ilə əhatə olunması, onların internat məktəblərinə düşmək riskinin minimum azaldılması prioritet olaraq əsas götürülüb. Həmçinin, qayğı mərkəzləri gün ərzində uşaqların qayğıları səbəbindən işləmək imkanı olmayan valideynlərin əmək fəaliyyəti ilə məşğul olmalarına imkan verəcək.

Qeyd edək ki, belə qayğı mərkəzləri ƏƏSMN-lə birlikdə QHT-lər tərəfindən bu il ərzində Lənkəran, Astara, Yardımlı, Ağsu, Tovuz, Beyləqan, Yevlax, Qax, Ağcabədi, Qazax və Bərdədə yaradılıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov belə mərkəzlərin yaradılmasının müsbət hal olduğunu söyləyib: "Belə mərkəzlərin yaradılması olduqca vacibdir. Ancaq proqramlar ciddi və doğru şəkildə həyata keçirilməlidir. Bu cür qayğı mərkəzləri çoxfunksiyalıdır. Uşaqlar burada yalnız tibbi reabilitasiya keçmirlər, eyni zamanda orada təhsil və sosial proqramları tətbiq edilir. Bununla yanaşı, onlarda müəyyən vərdişlər yaradılır. Məsələn, çox ağır fiziki xəstəliyi olan və əqli uşaqlara evdə tək olan zaman necə davranmalı olduğu, sanitar qovşaqdan istifadə qaydaları kimi ibtidai vərdişlər öyrədilir”.

Ekspert bununla bağlı Azərbaycan nümayəndə heyətinin Xorvatiyaya səfər etdiyini bildirib: "Çünki bizdə valideynlər ağır fiziki və mental çatışmazlığı olan uşaqlarını internat məktəbinə atmağa məcbur olurlar. Lakin Xorvatiyada isə valideynlər bu tipli uşaqları həmin qayğı mərkəzlərinə səhər gətirib, axşam da aparırlar. Belə olan halda humanistlik baxımdan uşaq evdən və ailəsindən ayrı düşmür. Bu da psixoloji baxımdan uşağa çox yaxşı təsir göstərir”.

S.Məmmədov UNİCEF-in təcrübəsindən faydalanmağı təklif edib: "Mərkəzlərin UNİCEF kimi beynəlxalq təşkilatın bu sahə üzrə təcrübəsinə uyğun yaradılması məqsədəuyğun olardı. ƏƏMSN tərəfindən Qayğı Mərkəzləri yaradıldıqdan sonra QHT-lərin idarəçiliyinə verilməsinin tərəfdarıyam. Hətta ƏƏSMN ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası arasında imzalanan memoranduma görə nazirlik layihələrinin hamısını QHT-lərə sosial sifariş əsasında verəcəyini bildirib. Əgər nazirlik gələcəkdə verdiyi bəyanatın üstündə dursa, mərkəzlər QHT-lərin balansında olacaq”.

Vüqar Şahinoğlu