Kim istəməz ki, müəllimlərin maaşı qalxsın, onlara mənzil verilsin?!

“Amma əməkhaqqı artımı məsələsini elə vəziyyətə salıblar ki, adam baş çıxara bilmir”



Milli Məclisdə keçirilən büdcə layihəsi müzakirələrində müəllimlər ən aztəminatlı təbəqə olaraq gündəmə gətirildi. Millət vəkili Zahid Oruc öz çıxışında müəllimlərin əmək haqlarının, sosial durumlarının yaxşılaşmadığını təəssüflə qeyd edib, həmçinin bəzi təkliflər də irəli sürüb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müəllimlərin biliyinin müəyyənləşdirilməsi səlahiyyətinin verilməsi, müəllimlərin attestasiyadan keçirilməsi ilə yanaşı, millət vəkili müəllimlərin biliyin qiymətləndirilməsi testlərində könüllü iştirakını, yüksək nəticələr əldə edənlərə və qüsursuz çalışanlara isə bunun müqabilində bir neçə dəfə artıq maaş, hətta mənzil və ipoteka verilməsini də təklif edib.

Millət vəkilinin təkliflərini dəyərləndirən təhsil eksperti Nadir İsrafilov öncə məşhur atalar məsəlini xatırlatdı:

- Belə yerdə deyirlər ki, "avazın yaxşı gəlir, oxuduğun Quran olsa”. Kim istəməz ki, müəllimlərin maaşı qalxsın, onlara mənzil verilsin?! Amma bu təkliflər mənə real görünmür. Müəllimlərin əməkhaqqı artımı məsələsini elə vəziyyətə salıblar ki, adam baş çıxara bilmir. Bu yöndə fərqli açıqlamalar verilir. Hamı hesab edir ki, müəllimin əməkhaqqı çox aşağıdır. Müxtəlif ölkələrdə müəllimlərin nə qədər əməkhaqqı almasının statistikası var. Lüksemburq kimi cırtdan bir ölkədə müəllimlər bizim müəllimlərin əməkhaqqının 10 qatı qədər maaş alır. İndi mən sual edirəm; niyə bu boyda neft gəlirləri olan ölkədə müəllimlərin əməkhaqqı belə aşağı səviyyədədir? Müəllimlərin əməkhaqqı məsələsinə müxtəlif yanaşmalar mövcuddur. Onlardan biri də əməkhaqqının differensial qaydada müəyyən edilməsidir. Yəni, hər kəsə bacarığına, qabiliyyətinə görə əməkhaqqı hesablanması qaydası. Ancaq bu məsələni müəllimlərin ümumi əmək haqqı problemi ilə qarışdırırlar. Differensial yanaşma üçün ilk növbədə attestasiya keçirilməlidir. Attestasiya keçirilsə, müəllimlərə dərəcələr veriləcək və buradan çıxış edilərək də onların əməkhaqqına əlavə artımlar olmalıdır. Bu iş də bilirsiniz ki, 1999-cu ildən dalana dirənib. Bunun üstündə nə qədər sərəncamlar verilib, qərarlar olub, dövlət proqramları, təhsil strategiyaları işlənib, ancaq attestasiya heç cür baş tutmur ki, tutmur. Attestasiya üzərindən bu yay sınaq qiymətləndirilməsi də keçirildi. Əvvəlcə, deyirdilər, sınaq qiymətləndirilməsi məhz hazırlıq məqsədi daşıyır, bunun əməkhaqqına aidiyyəti olmayacaq. Amma sonra dedilər ki, sınaq qiymətləndirmədə yüksək nəticə əməkhaqqına təsir edəcək. Bu necə ola bilər, bir halda ki, sınaq qiymətləndirmə yalnız paytaxt müəllimləri arasında keçirilib, region müəllimlərinin günahı nədir ki, bölgələrdə bu proses keçirilməyib? Necə ola bilər ki, şəhərdə müəllimin əməkhaqqı artsın, kənddə yox?! Halbuki hər il kənd müəllimliyinə 3-4 min vakansiya yaranır. Bir tərəfdən də, müəllimlərə dövlət qulluqçusu statusu verilməsi məsələsi qalxdı. Sonra da sabiq təhsil naziri Misir Mərdanov dedi ki, yox, dövlət qulluqçusuna yaxın status veriləcək. Bu nə deməkdir? Təhsil Strategiyası Proqramında müəllimlərin əməkhaqqının 1.8 - 2 dəfə artırılması nəzərdə tutulur. Amma mərhələlər üzrə. Strategiyaya uyğun Fəaliyyət Planı hazırlanmalıydı, ancaq indiyədək bu da ortada yoxdur. Ona görə də mən attestasiyanın keçiriləcəyinə də, əmək haqlarının artırılacağına da ümid edə bilmirəm.

Qaldı ki, müəllim əməyinin stimullaşdırılmasına, mən həmişə bunun tərəfdarı olmuşam. Millət vəkili bir sıra təkliflər irəli sürüb. Çox yaxşı. Amma kim təminat verir ki, həmin könüllü qiymətləndirmə testlərində iştirakda şəffaflıq təmin ediləcək? Hansı müəllimlərə verəcəklər o mənzilləri, ipotekaları? Hamı istəyər ki, müəllimin yaşayış şəraiti yaxşılaşsın, sosial durumu yüksəlsin. Amma söhbət icradan gedir. Təhsilin keyfiyyətinin yüksəldilməsində maddi həvəsləndirmə böyük amildir, amma əsas bu deyil. Əsas amil müəllim nüfuzunun qaldırılmasıdır. Hansı ki, bu, bizdə çox aşağı səviyyəyə düşüb. Müəllimin əmək haqqısı həmişə aşağı olub. Sovet vaxtı da belə idi. Amma heç kim bu barədə düşünmürdü. Bizə ali məktəbi bitirdikdən sonra rayonlara təyinat verirdilər. Can-başla gedirdik. Çünki müəllim peşəsi nüfuzlu idi. Toyda, yasda kolxoz direktoru da, sovxoz direktoru da çalışırdı müəllimin yanında əyləşsin ki, ona da hörmət edilsin. Bəs nə oldu? İndi müəllim sinifdə dərs keçmir, istəyir, dərsdən sonra şagird çalışdırsın. Çünki hamı hazırlıq kurslarına köklənib. Daha onda bu məktəblər nəyə lazımdı? Yəni, sözün gəlişi deyirəm. Əgər biz həqiqətən təhsilimizin keyfiyyətinin yüksəlməsini və müəllim nüfuzunun artmasını istəyiriksə, müəllimi də, şagirdi də məktəbə qaytarmalıyıq.

Məlahət Rzayeva