QHT rəhbəri Zahid Orucu dəstəkləmədi

“Dövlət qulluğuna qəbul çox şəffaf şəkildə aparılır”




Milli Məclisin ötən gün keçirilən iclasında millət vəkili Zahid Oruc dövlət qulluğuna qəbulla bağlı yaranan problemlərdən danışıb. Dövlət qulluğunda qohumluq, tanışlıq məsələsinin keçməməli olduğunu söyləyən deputat həmin qurumun ləğv edilməsi təklifini irəli sürüb:

"Azərbaycan universitetləri dövlət qulluğu üçün kadrları yetişdirə bilər. 7 ildə 45 min nəfər dövlət qulluğu imtahanlarından keçib. Onlardan 4 mini dövlət qulluqçusu olub. Yerdə qalanları isə buna layiq görülməyib. Bu isə universitetlərin öz işinə olan münasibətinin göstəricisidir. İnanmıram ki, universitetlər dövlət qulluğu üçün kadrlar yetişdirə bilməsin. Dövlət qulluğu sisteminin özündə ciddi problemlər var. Qanunvericiliklə möhkəmləndirilən yeni bir sistem formalaşdırmaq lazımdır. Bu halda dövlət qulluğuna keçid mərhələsi barədə həmin qurum daha effektiv işləyəcək, şəxsi ikinci mərhələdən şikəst etməklə məşğul olmayacaq”.

Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev parlamentarinin təklifini dəstəkləməyib. O, "Şərq”ə açıqlamasında qeyd edib ki, əslində bu komissiyanın statusunu genişləndirmək lazımdır: "Qurum hakimiyyətin bütün pillələrində dövlət qulluqçularının işə qəbul məsələsini həyata keçirir. Bu baxımdan, onun statusunun yenilənməsinə zərurət yaranıb”.

Ə.Nuriyevin sözlərinə görə, komissiyada korrupsiya faktı yoxdur: "Dövlət qulluğuna qəbul çox şəffaf şəkildə aparılır. İmtahan ikimərhələli formada gerçəkləşir. Birinci mərhələ test üsulu ilə aparılır. Marağı olanlar imtahanın gedişatını müşahidə edə bilirlər. Nəticələr elə həmin gün də açıqlanır. Mərhələni keçib-keçməyənlərin adları müəyyənləşir. Nəticələrdən narazı qalan iştirakçılara apelyasiyaya şikayət etmək imkanı da verilir. İkinci isə müsahibə mərhələsidir. Burda komissiya və seçilən dövlət orqanının nümayəndələri, eyni zamanda müstəqil ekspertlər iştirak edirlər. Bu proses videolentə də yazılır. Qurumun işinin tam obyektiv olduğunu düşünürəm”.

Mərkəz sədri vurğulayıb ki, dövlət qulluğu haqda məsələlərdə problemlər var deyənlər, yanılırlar: "Narazılığa heç bir əsas yoxdur. Proses hərtərəfli müşahidə əsasında gerçəkləşir. Vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq prosesin birbaşa iştirakçısı olmuşam. Hərtərəfli müşahidələr aparmışam. Bu istiqamətdə müəyyən araşdırmalarımız da var. Bütün mərhələlərin şəffaf olmasının şahidi olduq”.

Ə.Nuriyev onu da diqqətə çatdırıb ki, komissiyanın xidmətləri tam elektronlaşıb: "Proses getdikcə dərinləşir ki, bu da şəffaflığın güclənməsinə təkan verir. Sistemin ləğvini deyil, daha da təkmilləşdirilməsini düşünmək lazımdır”.

Müsahibimizin fikrincə, qurumun ləğv edilməsi prosesin özünə ciddi ziyan vura bilər: "Azərbaycanda yeni yaradılan bir qurumdur. Korrupsiyasız bir sahədir. Sadəcə, səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac duyulur”.

Ayyət Əhməd