Qatar çoxdan gedib...

İsa Qəmbər nüfuzdan düşdü, partiyanı dirçəltmək mümkün olmayacaq


Arif Hacılının sədr seçilməsindən sonra Müsavat Partiyasında yaşanan siyasi böhran pik nöqtəsinə çatıb. Təşkilatdaxili qarşıdurmanın gərginləşməsi qurumda "yarpaq tökümü”nə rəvac verib. Bu proses hər gün artan istefalarla müşayiət olunur. Sesvermənin saxtalaşdırıldığını iddia edən sədrliyə keçmiş namizəd Qubad İbadoğlu və tərəfdarları, eyni zamanda digər aparıcı simalar partiya sıralarını tərk edirlər.

Belə ki, təşkilatın görkəmli fiqurlarından olan Nəsib Nəsiblinin qurumdan istefası digər tanınmışların da eyni yolu seçməsinə təkan verib. Partiyanın demokratiya aynası Hikmət Hacızadə də "Müsavat”la yollarını ayırıb. Daha sonra sədrliyə keçmiş namizəd Səxavət Əlisoy da qurumun sıralarından zorən çıxarılıb. Ölkənin ən qocaman partiyasının böhrandan xilas olması üçün müxtəlif təkliflər irəli sürülür. İddialara görə, təşkilatda həmsədrlik institutu formalaşdırmaqla tərəflər arasında konsensusa nail olmaq mümkündür.

Keçmiş müsavatçı Qabil Hüseynli isə "Şərq”ə açıqlamasında qeyd edib ki, "Müsavat” kimi bir partiyada bu institut özünü doğrulda bilməz. Çünki başda İsa Qəmbər olmaqla özünü qalib adlandıranlar vəziyyətin yenidən dəyişdirilməsini məğlubiyyət sayırlar: "Müəyyən adamların partiyadan ayrılması onları narahat etmir. Müxalifətçilik missiyasından imtina etmiş adamlardı. Belə olan halda qurum öz potensialını tükədir”.

Q.Hüseynlinin qənaətincə, sabiq başqan vəziyyətin kəskinləşməsində maraqlıdır: "Zəifləmiş partiyaya rəhbərlik etmək və orda nüfuz qazanmaq daha asandır. Prosesləri özbaşına buraxmaqla özünün taktikasına nail olmaq istəyir. Zənnimcə, orda həmsədrlik institutu işləməyəcək”.

Ekspertin fikrincə, partiyanın siyasi rəhbərliyi yerlərdəki vəziyyəti adekvat əks etdirməyincə, ziddiyyət davam edəcək: "Təşkilatdan qopanlar sakit qalmayacaqlar. Onlar partiyadan imtina etməyəcəklər. Və bu mübarizə çox ciddi forma alacaq”.

İ.Qəmbərin yenidən başqanlığa qayıtması məsələsinə gəlincə, müsahibimiz söyləyib ki, keçmiş sədr artıq özünü nüfuzdan salıb: "Yaranmış böhranlı durumda keçmiş rəhbərin kifayət qədər rolu var. Yenidən partiyanın başına gəlsə də, heç nə düzəlməyəcək. Qatar artıq gedib. O qatarı qaytarmağa heç kimin gücü çatmaz. Gücləri çatsa belə, o artıq həmin qatar olmayacaq. Geriyə dönüş prosesləri heç bir xeyir gətirməyəcək. Qabağa baxmaq lazımdır”.

Qurumun böhrandan qurtulmasına gəlincə, sabiq müsavatçı deyib ki, indiki rəhbərlik qarşı tərəfi də qüvvə hesab edib, onunla hesablaşmalıdır: "Konsensus axtarmaq istəyənlər digər tərəfin tələblərinin bir çoxuna əməl etməlidir. Əks halda, partiya içərisindəki girginlik xoşagəlməz hadisələrə səbəb olacaq”.

Ayyət Əhməd