Gözlənilən deyil: Neftin qiyməti düşsə də, benzin ucuzlaşmayacaq





Neft bahalaşanda, benzindən tutmuş ərzaq məhsullarına qədər hər şeyin qiyməti artır. Belə olan halda beynəlxalq təcrübədəki kimi neft ucuzlaşanda, buna uyğun olaraq hər şey də ucuzlaşmalıdır. Amma Azərbaycanda vəziyyət tam fərqlidir. İstər neft bahalaşsın, istərsə də ucuzlaşsın, benzində qiymətlər yüksələn xətlə inkişaf edir.

İqtisadçıların sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nə qədər yanacaq bazarında təbii inhisarçı olacaqsa, üstəlik də benzinin qiymətlərini Tarif Şurası müəyyən edəcəksə, onda heç bir ucuzlaşmadan danışmaq olmaz.

İqtisadçı Azər Mehdiyevin sözlərinə görə, Azərbaycanda benzin və neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimləndiyinə görə, dünya bazarındakı qiymət tənzimlənməsi bizdə o qədər də hiss olunmur: "Azərbaycanda benzin və neft məhsullarının qiymətinin aşağı salınması üçün dövlətin qərarı olmalıdır. Zaman-zaman şahidi olmuşuq ki, dünya bazarında qiymətlərin qalxdığı dövrlərdə Azərbaycan hökuməti qiymətləri artırmağa meyilli olsa da, qiymətlər düşdüyü zaman daha çox gözləmə mövqeyi tutublar. Daha doğrusu, benzinin və neft məhsullarının qiymətini aşağı salmağa o qədər də maraqlı olmayıblar. Bu da təbiidir. Çünki Azərbaycanda qiymətlərin əsas hissəsini aksizlər təşkil edir və bu da birbaşa dövlət büdcəsinə daxilolmalardan ibarətdir. Növbəti il üçün benzinin qiymətində hansısa dəyişikliklərin olub-olmayacağını isə proqnozlaşdırmaq çətindir, çünki bu ancaq Tarif Şurasının qərarından asılı olan bir məsələdir”.

Ekspertin sözlərinə görə, dövlət dünya bazarında neftin qiymətinin aşağı düşməsindən dolayı verdiyi itkiləri kompensasiya etmək üçün benzinin qiymətində dəyişikliklərə maraqlı deyil. Digər variantda isə hökumət inflyasiya gəlirlərinin artırılması yolu ilə itkiləri kompensasiya edə bilər.

A.Mehdiyevin sözlərinə görə, hökumət büdcədə aksizlər üzrə daxilolmalarda müəyyən azaltmalara meyilli kimi görünsə də, mövcud situasiyada benzinin qiymətinin aşağı salınması inandırıcı deyil. Yanacaq məhsulları ucuz olan ölkələrdə iqtisadiyyat tam şaxələnib. Burada bir sektorun dominantlığı yoxdur. Əksinə, hökumətlər enerji qiymətlərinin ucuz olmasında maraqlıdır ki, inflyasiya risklərini minimuma endirsin.

Şəymən