“Pulu ver, xərcləyim” demək asandır

Valeh Ələsgərov: “Nəticə barədə düşünmək lazımdır”



Milli Məclis sədrinin müavini Valeh Ələsgərov gələn ilin dövlət büdcəsi üçün Dövlət Neft Fondundan vəsait ayırmalarına qarşı çıxanların, bununla bağlı həyəcanla danışanların və tənqid edənlərin cavabını verib. Vitse-spiker bildirib ki, bu insanlar vaxtilə Neft Fondunun yaradılması ideyasına qarşı çıxanlardır:

"Deyirdilər ki, neft gəlirləri birbaşa dövlət büdcəsinə yönəlsin və artıq qalan fonda yığılsın. Bununla bağlı kəskin müzakirələr gedirdi və üç-dörd nəfəri çıxmaq şərti ilə hamı deyirdi ki, gəlirlər birbaşa büdcəyə yönəlsin. Əgər o zaman ölkənin prezidenti Heydər Əliyev bu təklifləri qəbul etsəydi, indi görün vəziyyət necə olardı. Nəinki müxalifət, o cümlədən hökumətin tərkibində olan nazirlər, böyük vəzifəli şəxslər də neft gəlirlərinin birbaşa dövlət büdcəsinə daxil olmasını istəyirdi. Əminəm ki, neft gəlirləri birbaşa büdcəyə daxil olsaydı, indi vəziyyət indikindən yaxşı olmazdı. Pulu Dövlət Neft Fonduna xərcləmək üçün yığırlar və ilk növbədə infrastruktur layihələrinə yönəltmək lazımdır. TANAP, TAP, Bakı-Tiflis-Ərzurum, "Şahdəniz” layihələrinə pul xərcləməsək, gələcəyimiz necə olar? Hesab edirəm ki, pullar düzgün istiqamətdə xərclənib”.

V.Ələsgərov bildirib ki, neftin qiyməti ilə bağlı bəzi çıxışlar onu müəyyən məqamlara toxunmağa vadar edir: "Əvvəla, neftin qiymətini hansısa siyasətlə bağlamaq sadəlövhlükdür. Bu gün elə bir ölkə və siyasətçi yoxdur ki, onun qərarı ilə neft və yaxud başqa əmtəə məhsulu ucuzlaşsın, bahalaşsın. Başqa sadəlövh yanaşma da hiss edirəm. Guya ABŞ istehsalı artırdığına görə dünya bazarlarında neft ucuzlaşıb. Amma Amerika qarşıdakı 7-8 ildə neft və neft məhsulları ixrac edən ölkə olacaq. Neftin ucuzlaşmasının əsas səbəbi valyuta və maliyyə bazarlarında gedən oyunlardır. Bu oyunları heç kim proqnozlaşdıra bilməz. Ona görə də neftin qiyməti ilə bağlı danışanda məsələyə dərindən yanaşmaq lazımdır”.

Parlament sədrinin müavini büdcədən müxtəlif sahələrə ayrılan pulların artırılmasını təklif edənlərlə razılaşmadığını vurğulayıb: "Biz artıq "verin, xərcləyək” psixologiyasından əl çəkməliyik. "Müxtəlif sahələrə ayrılan pul artırılmalıdır” deyənlərlə razı deyiləm. Onsuz da hökumət müxtəlif sahələrə vəsaitləri artırır. Mən isə sual verirəm: bunun nəticəsi nə olacaq? İstər sənaye, istər kənd təsərrüfatı, səhiyyə, təhsil, elm olsun. Bu sahələrə ayrılan vəsaitlərin artırılmasının nəticəsi nə olacaq? "Pulu ver, xərcləyim” demək asandır. Nəticə barədə düşünmək lazımdır”.

Anar