3 erməni meyitinə 2 azərbaycanlı əsir...

“Hazırkı vəziyyətdə belə bir situasiyanın yaranması şans ola bilər”



"Həlak olmuş erməni pilotların cəsədlərini Xankəndində saxlanılan girovlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovla dəyişmək lazımdır”. Bunu Milli Məclisin deputatı Elman Məmmədov təklif edib.

Vətəndaşlarımızın erməni əsriliyindən azad edilməsi üçün yaxşı imkan yarandığını düşünən millət vəkilinin fikrincə, Azərbaycan hakimiyyəti bu şansdan istifadə etməlidir. Məsələ ilə bağlı müraciət etdiyimiz Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ümumiyyətlə bu barədə məlumatsız olduğunu bildirib. Dəyişdirilmə ilə əlaqədar quruma müraciət daxil olmadığını deyən Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova isə "Şərq”ə bunları deyib: "Beynəlxalq humanitar qanunlara görə BQXK belə məsələlərdə, yəni girovların, meyitlərin dəyişdirilməsi ilə bağlı gedən danışıqlar prosesində iştirak etmir”.

Gündəmə gətirilən məsələ ilə bağlı fikirlərini bölüşən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov yaranmış vəziyyətdən maksimum yararlanmağı məqsədəuyğun sayır. Qurum rəhbəri kəlbəcərli girovlarla bağlı məsələni bir daha gündəmə gətirməyin faydalı olacağını düşünür: "Vurulan helikopterdə ölən ermənilərin cəsədləri hələ bir müddət atəş altında qalmalıdır. Ermənilərin cəsədləri istəməsinə cavab olaraq isə Azərbaycan tərəfi Dilqəm Əsgərov və Şahbaz Quliyevi tələb etməlidir. Yəni, 3 erməni meyitinə 2 azərbaycanlı əsir dəyişdirilməlidir. Tərəflər arasında vasitəçilik etmək istəyən beynəlxalq qurumlar həqiqətən də öz niyyətlərində səmimidirlərsə, o zaman kəlbəcərli əsirlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Azərbaycana təhvil verilməsinə yardımçı olmalıdırlar”.

Millət vəkilinin mövqeyini şərh edən hüquq müdafiəçisi Səidə Qocamanlı da irəli sürülən təklifi müsbət dəyərləndirib: "Tarixdə belə hadisələr çox olub. Düşünürəm ki, erməni əsirliyində olan girovlarımız azad edilməlidir. Soydaşlarımızı azad etmək bizim borcumuzdur. Hazırkı vəziyyətdə belə bir situasiyanın yaranması şans ola bilər. Bu istiqamətdə səlahiyyətli qurumlar tərəfindən lazımi addımlar atılmalıdır”. Hüquq müdafiəçisi sözlərinə onu da əlavə edib ki, bu işlər həm Azərbaycan, həm də beynəlxalq qanunlar çərçivəsində həyata keçirilməlidir.

İsmayıl