Rauf Arifoğlu Batumdakı forumda iştirakdan və işıqlandırmaqdan imtina etdi-QALMAQAL



Bu gün Gürcüstanın Batum şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda qalmaqal baş verib.
Lent.az-ın xəbərinə görə, qalmaqalın nəticəsi olaraq, foruma müşahidəçi qismində qatılan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu forumun işində iştirakdan və tədbiri işıqlandırmaqdan imtina etməsi barədə bəyanat yayıb.
Qeyd edək ki, Batumda keçirilən tədbir çərçivəsində Çexiyanın People in Need təşkilatı foyedə stend açıb və Azərbaycana dair tənqidi plakatlar asıb. Azərbaycandan gedən nümayəndə heyəti üzvlərinin bir hissəsi buna etiraz edərək, foruma qatılmaqdan imtina edib.
Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov isə müsavat.com-a bildirib ki, aksiyanı təşkil edən təşkilat Avtopada ermənipərəst kimi tanınır: " Bu təşkilat Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi Foruma salmağa çalışırdı. Forumdan əvvəl bu cəhdin qarşısını aldıq. Lakin bu hərəkət heç bir ölçüyə sığmlr. Ona görə də forumu boykot edirik".
R. Arifoğlunun bildirdiyinə görə, cexlər polisə şikayət ediblər və azərbaycanlı jurnalist Səlim Babayevin onları vurduğunu iddia ediblər. Baş redaktor skandalı Ermənistan Pen Klibun prezidenti, Forumdakı erməni nümayəndə heyətinin koordinatoru Boris Novosardyanın idarə etdiyini qeyd edib.
Maraqlıdır ki, musavat.com-dakı bu yazılar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Xüsusilə bəzi qeyri-hökumət təşkilatlarının rəhbərləri və üzvləri musavat.com-u çex təşkilatını "ermənipərəst” adlandırdığı üçün tənqid ediblər.
R. Arifoğlu isə buna sərt reaksiya verib və onları "Qrantın uşaqları” adlandırıb: "Batumidən yazdığım reportajlar təqdir qazandığı kimi, türklər demiş, bir az təpki də qazanıb. Hər kəs öz mədəni səviyyəsinə, tərbiyəsinə görə reaksiya bildirib. Demək olar ki hamısı xarici donorlardan alınan qrantlarla dolanan bu zümrəni daha çox narahat edənsə Çexiyanın People in Need təşkilatı haqda "ermənipərəst" yazılması olub”.
Daha sonra isə R. Arifoğlu erməni nümayəndə heyətinin, konkret olaraq Boris Novosardiyan ondan Avropa Birliyinə şikayət etdiyini yazıb: "Çünki yazaraq, iddia etmişəm ki , skandala səbəbdən olan Azərbaycan əleyhinə anti -təbliğat stendini ermənilər sifariş edib və prosesə Boris drijorluq edir... Foto da əlavə olunub, iddia mətninə. Kadrda Borisi "iş başında" yaxalamışam. Təşkilatçılar hazırda bu şikayəti qızğınca müzakirə edirlər... Borisə Bakıdan da ciddi dəstək var. Nə yazıramsa , Qrantın uşaqları anındaca ingiliscəyə tərcümə edib , onlara çatdırır.
Onlar da əlində planşet , tez qaçırlar Forum təşkilatçılarının üstünə...Söz azadlığının anasını ağladır, Avropa demokratları, ermənilərə qoşularaq, Batumda. İyrənc bir mənzərə yaranıb. Hətta bizim heyəti sanksiya ilə hədələyirlər, - səbəb də musavat.com -da gedən yazılardır... Oranı tərkib etdim və bundan belə Forumun işində iştirakdan da, onu işıqlandırmaqdan da İmtina edirəm”.