“ATƏT özünü ağsaqqal kimi aparmasın”

Siyavuş Novruzov: “Biz gərək xahiş edək ki, ATƏT öz mandatı daxilində fəaliyyət göstərsin”
Oqtay Əsədov: “Bizim özümüzü təcrid etməyə nə ehtiyac var?”


Ötən gün Milli Məclis ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi və ofisin layihə əlaqələndiricisi səviyyəsinə endirilməsini nəzərdə tutan memorandumu təsdiq edib. Müzakirələrə qoşulan hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ATƏT-lə səmimi əməkdaşlığa çalışıb:

"Lakin biz dəfələrlə - seçkilər dövründə, Azərbaycanla bağlı digər məsələlərdə - ATƏT-in qeyri-obyektivliyinin, ölkəmizin daxili işlərinə qarışmasının, Azərbaycan dövlətinin idarə olunmasına təsir cəhdinin şahidi olmuşuq. Biz gərək xahiş edək ki, ATƏT öz mandatı daxilində fəaliyyət göstərsin. Mandatından kənara çıxmasın. ABŞ-da, Avropanın hər hansı bir ölkəsində göstərdiyi fəaliyyəti Azərbaycanda da göstərsin. Özünü ağsaqqal kimi aparmasın”. Millət vəkili deyib ki, Azərbaycan öz dövlətinin idarəetmə mexanizmini müəyyənləşdirib, rəhbərini seçib, dövlət strukturlarını formalaşdırıb: "Bu xalqın dəyərləri ATƏT-in, ora yığışanların dəyərlərindən daha üstündür. Hesab edirəm ki, ATƏT gələcək fəaliyyətlərində qeyd etdiyimiz məsələləri nəzərə alacaq”.

Parlament sədri Oqtay Əsədov deputatın bu fikirlərinə münasibət bildirərək vurğulayıb ki, belə məsələlərin nəticəsində ATƏT-in Bakı ofisinin statusu dəyişdirilir və layihə səviyyəsinə endirilir: "Sizin dediyiniz məsələlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna aiddir. Açıq şəkildə deməliyik ki, seçkilər zamanı ATƏT-in bu qurumu təşkilatı saymır. Amma biz təşkilatların fəaliyyətini müzakirə etsək, gərək gedib BMT-yə çıxaq. Bütün qurumların kökündə BMT dayanır. Bizim özümüzü təcrid etməyə nə ehtiyac var? Bu təşkilat varsa, layihə səviyyəsində Azərbaycanda fəaliyyət göstərməlidir”.

Anar