“Heç bir neytral ərazidən söhbət gedə bilməz”

Ziyafət Əsgərov həmsədrlərin helikopter bəyanatına sərt cavab verdi



Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov ATƏT-nin Minsk Qrupu həmsədrlərinin ermənilərin cəbhə xəttində vurulmuş hərbi helikopteri ilə bağlı bəyanatına münasibət bildirib.

"Şərq”in məlumatına görə, Z.Əsgərov deyib ki, Minsk Qrupu həmsədrlərinin sözügedən bəyanatı təxribatdır: "Bəyanatda iddia edilir ki, guya, vertolyot neytral əraziyə düşüb. Bu nə deməkdir? Burada heç bir neytral ərazidən söhbət gedə bilməz. Vertolyotun düşdüyü ərazi Azərbaycan ərazisidir. ATƏT Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Onların bu cür bəyanat verməsi təxribatdır, mənasız və məntiqsizdir”.

ATƏT-in Minsk Qrupunun həmsədrləri helikopterlə bağlı birgə bəyantı noyabrın 19-da yayıblar. Onlar bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin noyabrın 12-də vurduğu vertolyotun qalıqları Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki minalanmış neytral əraziyə düşüb.