Ətin qiyməti kəskin bahalaşacaq

Vahid Əhmədov isə vəd edir ki, bu sahədə heç bir problem yaşanmayacaq




Xəbər verdiyimiz kimi, Rusiya Azərbaycandan ət və süd məhsulları almağı planlaşdırır.

Azərbaycan Rusiyanın kənd təsərrüfatı malları istehlakına nəzarət edən Rosselxoznadzor qurumunun nümayəndəsi Aleksey Alekseyenko bildirib ki, 2014-cü ilin sonuna kimi Azərbaycandan bu ölkəyə quş əti, balıq və süd məhsullarının ixracına icazə verə bilər.

Amma Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəfələrlə etdiyi xahiş nəzərə alınaraq yoxlamalar dekabr ayının əvvəlinə keçirilib. "Əgər yoxlamalar zamanı problem aşkarlanmazsa, Azərbaycandan məhsul idxalı ilin sonuna baş tutacaq”. Şimal qonşumuzun planı gerçəkləşməmiş, ölkəmizdə ətin kəskin bahalaşacağı bildirilir. İddialara görə, pomidor və digər kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınmasında olduğu kimi, ətin də ixracı bazarlarda qıtlıq və bahalaşmaya gətirib çıxaracaq. Bahalaşmanın gözlənilmədiyini deyən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov "Şərq”ə söyləyib ki, ölkəmizdə bu sahədə heç bir problem yaşanmayacaq: "Bu məsələ dövlətin nəzarətindədir. İlin axırında bayramla əlaqədar müəyyən çatışmazlıqların olması mümkündür. Ümumilikdə isə qiymətlər sabit qalacaq”.

Məsələ barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, sualımızı cavablandıran olmadı.

Ayyət