Bankların “faiz tələsi”...

İqtisadçı ekspertlərin təklifləri var
Mərkəzi Bank kommision haqlarının 2 faizdən çox təyin olunmasını qadağan etməlidir

Azərbaycanda bankların kredit faizinin yüksək olması iqtisadçı-ekspertlərlə yanaşı, millət vəkillərinin də tənqid hədəfinə çevrilib. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bankların kredit siyasətinin düzgün qurulmadığını deyib. Hətta deputat spiker Oqtay Əsədova təklif edib ki, bankirləri parlamentdə toplayaraq, onların iştirakı ilə problemlərin həlli yolları axtarılsın.

Problemi şərh edən iqtisadçı-ekspertlər bank faizlərinin yüksək olmasını bir neçə səbəblə bağlayıblar. Onların fikrincə, bank sektorunda ciddi inhisar meyilləri var. Həmçinin bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər mövcuddur. Bütün bunlar mühitdə rəqabətin formalaşmasına və kredit faizlərinin düşməsinə imkan vermir. Yəni iqtisadi inkişaf tempinin saxlanılmasına baxmayaraq, vətəndaşların banklara olan borcu sürətlə artır. Son 5 ildə ölkədə banklara qaytarılmayan kreditlərin həcmi 2 dəfə çoxalıb. Ekspertlərin fikrincə, problemli kreditlərin çoxalmasını borclananların ayağına yazmaq düzgün deyil. İstehlak kreditlərinin qaytarılmasında müşahidə edilən problemlər və yubanmalar, eyni zamanda, kommersiya banklarının kifayət qədər bahalı kredit siyasəti həyata keçirməsi ilə əlaqədardır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, hazırda kommersiya banklarının təklif etdiyi kredit faizləri 16-30 faiz intervalında dəyişib: "Depozitlər üzrə faiz dərəcəsi son bir ildə 16 faizdən 8 faizə düşüb. Mərkəzi Bankın uçot stavkası isə kommersiya kreditləri ilə müqayisədə 4 dəfə azalıb. Bu, iqtisadi baxımdan anormal balans deməkdir”. Ekspertin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən banklarda faiz siyasəti mərkəzləşdirilmiş şəkildə idarə olunur. Faizlərin aşağı düşməsini bu da əngəlləyir: "Əkiz banklar”ın mövcudluğu hazırda rəqabətin formalaşmamasının əsas səbəblərindəndir. Digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklarda faiz dərəcələrinin aşağı salınmasına mane olur. Tədqiqatlarımızın nəticəsinə görə, real sektorun illik faiz norması bəzi hallarda 70 faizə yaxın olur. Real sektorda mənfəət dərəcəsinin yüksək olması bankların daha çox mənfəət əldə etməsi üçün yüksək faizlə kredit verməsinə gətirib çıxarır. Bəzi bankların qısa müddətdə gəlir əldə etmək istəməsi də kredit faizlərinin yüksək olmasının səbəblərindəndir”. V.Bayramovun fikrincə, Mərkəzi Bankın əlində bazardakı kredit faizlərini tənzimləmək üçün kifayət qədər vasitələr var: "Birincisi, Mərkəzi Bank real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komision haqlarının tənzimlənməsini həyata keçirməlidir. Komision haqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metoddur. Bəzi kommersiya bankları hətta 10-12 faizlik komision haqları təklif edirlər. Bankların "faiz tələsi” əslində çox sadədir: - banklar faizi elan edirlər, amma komision haqlarının faizini bildirmirlər. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olur. İnkişaf etmiş ölkələrdə simvolik olan komision haqları üçün Mərkəzi Bank maksimum limitlər müəyyənləşdirə bilər. Mərkəzi Bank kommision haqlarının 2 faizdən çox təyin olunmasını qadağan etməlidir”.

İqtisadçı-ekspert Samir Əliyev isə bildirib ki, ölkə iqtisadiyyatında risk səviyyəsinin yüksək olması faiz dərəcələrinin də yüksəlməsinə təsir edir: "Banklar kredit verməkdə maraqlı olsalar da, həmin pulun geri qayıdacağına inanmırlar. Azərbaycanda vaxtı keçmiş, problemli kreditlərin sayının artması bu inamsızlığı daha da gücləndirir”. Ekspertin sözlərinə görə, ilk baxışdan bankların kreditdən yüksək faiz əldə etdiyi güman olunsa da, əslində elə deyil: "Araşdırma zamanı məlum olur ki, bankların gəliri 4-6 faizdən çox deyil. Banklar hər 25 faizlik kreditdən 20-21 faizini itirir. Bu faizlər isə bankın xərcini təşkil edir. Xərclərə kredit resursları və bankın əməliyyat xərclərinin dəyəri daxildir”.

İsmayıl