Milli Məclisdə büdcə dartışması...

Parlament doğulanlardan çox, ölənlərin qayğısına qaldı



Dünən Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi davam edib. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, büdcənin neft amilindən asılılığı ildən-ilə azalır. Onun sözlərinə görə, bu, qeyri-neft sektorunda innovasiyalı texnologiyaların inkişafı ilə bağlıdır: "Artıq fermerler il ərzində 55-60 milyon manat subsidiya ala biləcəklər. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlərə 2015-ci il ərzində ayrılacaq kredit və subsidiyaların miqdarı 236 milyon manat olacaq.

Bunları ona görə deyirəm ki, bəzi həmkarlarım qeyri-neft sektorunun heç inkişaf etmədiyini deyirlər. Bu, doğru yanaşma deyil”. Deputat bitkiçilik və heyvandarlıqda inkişafın ləng getdiyini də söyləyib: "Bunu sürətləndirmək üçün hesab edirəm ki, sözügedən sahələrə ayrılan vəsait artırılmalıdır. İxtisaslı kadrlara, yüksək keyfiyyətli toxumlara və heyvanların ölkəyə gətirilməsinə ehtiyac var”.

Rektor-deputatlar təkliflər verdi

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov elmi dərəcələrə görə əmək haqlarının müəyyən edilməsinin vacibliyini bildirib: "Elm haqqında” qanun təcili qəbul olunmalıdır. Tələbələrə kreditlərin verilməsi ləğv edilməlidir. Həmçinin magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir. Bu məsələlər problem olaraq qalmaqdadır”. Deputat qeyd edib ki, təhsil sahəsində Himayədarlar Şurası da yaradılmalıdır. Onun sözlərinə görə, bəzi xarici dövlətlərdə belə bir təcrübə var.

Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov isə gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan xərclərin artırılmasını yüksək qiymətləndirib. Ə.Əmiraslanov onu da qeyd edib ki, Azərbaycanda adam başına düşən səhiyyə xərclərinin miqdarı aşağıdır: "İnanıram ki, bu yaxınlarda "İcbari tibbi sığorta haqqında” qanun layihəsi qəbul olunacaq və bununla da adam başına düşən sığorta xərclərinin miqdarı xeyli artacaq”.

"Müəllimlərin, elm adamlarının əmək haqları 150-200 manat artsa...”

"Müəllimlərin, elm adamlarının əmək haqları 150-200 manat artsa, büdcəyə əlavə 800 milyon manata yaxın vəsait lazımdır. Lakin bu vəsaitin mənbələrini müəyyən etmək çətindir”. Bu sözləri isə Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. Onun fikrincə, elm sahəsində islahatlar aparmaqla məsələni həll etmək olar. Deputat vurğulayıb ki, müəllimlərin, elm adamlarının attestasiyası vacibdir: "Bununla yanaşı, həftəlik dərs saatlarına da baxmaq lazımdır. Hər müəllimə uyğun ayrıca maaş sistemi tətbiq edilməlidir. Düzdü, təhsil və elm sahəsində ciddi islahatlar həyata keçirilir. Lakin işlərin nəticəsinin müəyyən zamana ehtiyacı var. Misal olaraq, I sinifdə görülən işlərin nəticəsini 10 ildən sonra görürük.
Yenə də deyirəm, müəllimlərin attesasiyadan keçirilməsi lazımdır. Hazırda bu istiqamətdə işlər görülür, lakin işləri daha da sürətləndirməliyik”.
Ş.Hacıyev eyni zamanda orta təhsil müəssisələrində həftəlik tədris yükünün aşağı salınmasını və əmək haqlarının artırılmasını təklif edib.

"Elmə ayrılan vəsait yetərli deyil”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli büdcədən elmə ayrılan vəsaitin yetərli olmadığını söyləyib.

İ.Həbibbəyli bildirib ki, AMEA-da elm sahəsindəki inkişaf üçün gələn ilin dövlət büdcəsindən ayrılan vəsait qənaətbəxş deyil: "Nəinki Akademiyada, eləcə də digər sahələrin inkişaf etdirilməsində elmin gücü böyükdür. AMEA-da gəlir əldə etmək üçün ayrı-ayrı sahələrdə addımlar atılır. Qeyd edim ki, bu il təcrübə sınaq zavodu AMEA-nın brendi ilə neft istehsal edəcək. Bütün bu kimi nailiyyətlər üçün elm üçün xərclər nəzərdə tutularkən artımı nəzərə almaq lazımdır”.
Deputat bakalavr və magistrlarla yanaşı, doktorantların da xaricdə təhsil almasına ehtiyac olduğunu diqqətə çatdırıb: "Buna görə də Təhsil Nazirliyinin xaricdə təhsil almaq proqramlarına ayrılan vəsait artırılmalıdır. Doktorantların vahid qaydada və eyni proqram əsasında xaricdə təhsil almalarını təmin etmək faydalı olar”.

"Qarabağ əlilləri üçün yeni iş yerlərinin açılması istiqamətində iş görülməlidir”

"Dünyada müxtəlif ölkələr öz sosial öhdəliklərini ixtisar etdiyi halda, Azərbaycanda bu baş vermir. Sosial məsələlərlə bağlı Baltikyanı ölkələrdə hər sahədən, hətta qəbiristanlıqlardan maliyyə əldə etmək istəyirlər”.

Bunu millət vəkili Zahid Oruc deyib. O, Xocalı soyqırımı qurbanları üçün ayrılan müavinətlərin artırılmasını da tələb edib. Deputatın fikrincə, onlara münasibət nisbətən fərqli olmalıdır. Z.Oruc Qarabağ əlillərinin cəmiyyətə inteqrasiyası, onların mənzil problemlərinə də toxunub: "Əvvəlcə Qarabağ əlillərinin sayı dəqiq müəyyənləşməlidir. Onlar təbii ki, həssas təbəqədir. Qarabağ əlilləri ilə bağlı çox işlər görülüb, amma mənzil, cəmiyyətə inteqrasiya problemləri hələ də qalır. Onlar üçün yeni iş yerlərinin açılması istiqamətində də iş görülməlidir”. Qarabağ veteranları ilə bağlı problemlərə də toxunan deputat deyib ki, bu qədər veteran varsa, Azərbaycanın müharibəni niyə uduzması haqda düşünmək lazımdır: "Bildiyimə görə, ölkədə 90 min veteran var. O vaxt belə təklif səsləndi ki, onların hansının əsl veteran olması müəyyənləşsin. Amma dövlət həmin insanlara güzəştə getdi”.

"Uşağın anadan olmasına görə birdəfəlik sanballı maliyyə ayırmaq lazımdır”

Millət vəkili Fuad Muradov uşağın anadan olmasına görə ayrılan vəsaitin dəfn xərclərinə ayrılan vəsaitdən az olmasına etiraz edib. Deputat qeyd edib ki, büdcədən hamiləliyə və doğuşa görə 24 milyon, uşağın anadan olmasına görə 6 milyon, 3 yaşına çatana qədər uşaqların qulluğuna görə 8 milyon vəsait ayrılır: "Dünya təcrübəsinə görə uşağın anadan olmasına görə birdəfəlik sanballı maliyyə ayırmaq lazımdır. Birdəfəlik bu adam planlaşdırmalıdır ki, onun uşağı anadan olandan sonra müəyyən məbləğdə vəsait alacaq. Biz anadan olan uşaq üçün 6 milyon, dəfn üçün isə 13 milyon 434 min manat pul ayırırıq. Azərbaycanda demoqrafik situasiya onu göstərir ki, ölkədə daha çox artım var. Artım olan halda dəfn və uşağın anadan olması üçün müəyyən edilən vəsaitlərdəki fərq niyə bu qədərdir? Dəfn xərcinə 13 milyon yarım maliyyə vəsaiti ayırmaq nəyə lazımdır? Həmçinin Sosial Müdafiə Fondu müavinətlərin verilməsi istiqamətində kadr siyasətinə çox ciddi yanaşmalıdır. Düşünürəm ki, Sosial Müdafiə Fondu sahə işçiləri, rəisləri ilə bağlı xüsusi işlər aparmalıdır ki , onlar insanlarla davranışlarına fikir versinlər. Bu gün bizə təqdim edilən büdcə Azərbaycanın uğurlu büdcəsidir. Dünyada, xüsusən də Avropa ölkələrində maliyyə-iqtisadi böhran davam edir. Bu proses uzun çəkəcək”.

"Götürməyə bir şey yoxdursa, bankomatı lap gətir mənim həyətimə qoy”

"Əsas məsələ odur ki, bankomatdan götürməyə nəyinsə olsun. Götürməyə bir şey yoxdursa, bankomatı lap gətir mənim həyətimə qoy, dəmir parçasından başqa bir şey olmayacaq”. Bunu isə millət vəkili Siyavuş Novruzov həmkarlarının dağ kəndlərində bankomatların olmaması ilə bağlı iradlarına cavab olaraq səsləndirib: "Ortada gərək bir şey ola ki, sən onu götürəsən. Gedək indi

bütün dağ kəndlərinə, ucqar yerlərə bankomat quraşdıraq. Bunun mənası nədir? O baxımdan hesab edirəm ki, buna yanaşma tərzini dəyişmək lazımdır. Vətəndaşlarımızın bankomatlardan pul götürməyə kifayət qədər vəsaitləri olmalıdır”. Deputat həmçinin qeyd edib ki, dövlət idarələrini çıxmaq şərtilə, özəl müəssisələrdə sosial sığorta haqlarının yığımında problemlər var: " Bu isə həm vergilər, həm də sosial sığorta haqlarının yığımında müəyyən nöqsanlara səbəb olur. İşçilərlə əmək müqaviləsinin bağlanılmaması pensiya və sosial müavinətlərin ödənilməsinə problemlər yaradır. Özəl müəssisələrdə işçilərin sayı gizlədilir, onlarla əmək müqaviləsi bağlanılmır”.

"Ailəli və yaşı 25-i keçmiş qadınları işə götürmürlər”

Millət vəkili Fazil Mustafa isə şadlıq evlərinin əksəriyyətinin işçilərinin əməkhaqqı çox az göstərməsindən gileylənib. O bildirib ki, məclisdə olan zaman ofisiantlar müştərilərin yanından əl çəkmirlər: "Çünki onlar çox cüzi miqdarda əməkhaqqı alırlar. Bu məsələyə baxılmalıdır”.

F.Mustafanın sözlərinə görə, uşaq artımı ilə bağlı Azərbaycanda da problemlər var: "Uşağın anadan olmasına verilən 90 manat müavinət çox azdır. Heç olmasa, birdəfəlik müavinətlərin artırılması haqqında düşünmək lazımdır. Biz statistika üçün bunu edirik, yoxsa uşağın yaşaması üçün?”. Millət vəkilinin sözlərinə görə, bir çox hallarda ailəli və yaşı 25-i keçmiş qadınları işə götürmürlər: "Çox halda evə ata çörək pulu gətirir. Bu da təbii ki, xoşagəlməz haldır”.

Deputat deyib ki, qida qiymətlərinin bazarda qalxması əhalinin yaşam tərzində heç nə müsbət təsir etmir: "Qrip olan bir insan 2 dərman alsa, 20 manat edir. Yəni, əldə olan imkan əhalinin yaşam tərzini, xərcliyini tam qarşılamır. Bu, xərc smetası yox, ölməmək smetasıdır. Eyni zamanda, dəfn üçün də bunu deyərdim. Bu yaxınlarda Dini Komitə tərəfindən addımlar atıldı ki, dini mərasimlərə çox pul xərcləməyin. Lakin insanlar yenə də bu hərəkətlərindən əl çəkmədilər. Dünən eşidirəm ki, bir nəfər atası üçün 6 min manatlıq başdaşı sifariş edib. Belə olmaz, dövlət istəyir ki, bu cür hallar olmasın”.

"Hamı istəyir ki...”

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov büdcə ilə bağlı fikirlərini bildirərkən deyib ki, ölkəmiz gələn il üçün dövlət büdcəsi ilə qarşıda duran hədəfləri həll etmək iqtidarındadır: "Burda hamımız müəyyən dairədən seçilmiş deputatlarıq. Müzəkirələr zamanı maraqlı təkliflər səsləndi. Əlbəttə, hamı istəyir ki, təmsil olunduğu dairəyə daha çox vəsait ayrılsın. Amma bir şeyi nəzərə alaq ki, büdcəmizə nə qədər vəsait qoyulubsa, biz o vəsait həcmində hərəkət etməliyik. Hamımız çalışırıq ki, büdcədə vəsait çox olsun, gəlirlərimiz çox olsun və bütün qarşıda duran problemlər öz həllini tapsın. Əlbəttə, mən hesab edirəm ki, zaman keçdikcə, bu problemlər öz həllini tapacaq. Bir şeyi nəzərə alaq ki, 20 il müddət ərzində Azərbaycan hansı inkişaf yolu keçib. Mənim yaxşı yadımdadır, 1990-cı ilin əvvəlində cəmi 70 milyon manat pul var idi. O da inflyasiyanın hansı səviyyəsində. İndi şükürlər olsun Allaha, büdcəmiz milyard dollarla ölçülür. Ona görə hesab edirəm ki, bu büdcə ilə 2015-ci ilin bütün iqtisadi göstəriciləri, qarşıda duran məsələləri həll etmək iqtidarındayıq”. Z.Əsgərovun qənaətincə, büdcə hazırlananda, Azərbaycanın bütün iqtisadi göstəriciləri, beynəlxalq siyasəti istər humanitar, istər dövlətlərarası, istərsə də hökumətlərarası səviyyədə bütün məsələlər nəzərə alınıb. Vitse-spiker bu baxımdan gələnilki büdcəni təmkinli büdcə adlandırıb.

"Nazirlə beş dəfə telefonla danışmışam, on dəfə yanına adamlar göndərmişəm...”

Parlamentin sədri Oqtay Əsədov da müzakirələrə qoşularaq deputatları və bəzi dövlət qurumlarını büdcədən maliyyə vəsaitlərinin artırılması ilə bağlı təkliflərində diqqətli olmağa çağırıb. O.Əsədov deyib ki, noyabrın 18-dən bəri büdcə müzakirələrində 54 deputat çıxış edib: "Mən indiyəcən dünyanın heç yerində büdcədən hamının razı qalmasına rast gəlməmişəm. Büdcədə istər-istəməz hansısa çatışmayan məsələlər ola bilər. Ancaq bilmək lazımdır ki, bu

sənəd heç də bir-iki aya hazırlanmır. Büdcə layihəsi Maliyyə Nazirliyi başda olmaqla bütün dövlət strukturları ilə birlikdə işlənir. Hər kəs də çalışır ki, öz mövqeyini müdafiə etsin. Sonra hazırlanmış sənəd hökumətə, ardınca prezidentə göndərilir və razılaşdırılmış, balanslaşdırılmış büdcə layihəsi parlamentə daxil olur. Özünü tərifləmək olmasın, şəxsən mən maliyyə naziri Samir Şərifovla beş dəfə telefon əlaqəsi saxlamışam, on dəfə adamları göndərmişəm. Nəyi razılaşdırmaq mümkündürsə alınıb, mümkün olmayanlar isə alınmayıb. İndi hər kəsin, təşkilatın öz maliyyəsini artırmaqla bağlı təklifi düzgün deyil. Millət vəkilləri də bu məsələdə diqqətli olsunlar”.

Qeyd edək ki, parlamentdə 2015-ci ilin büdcə zərfinə daxil olan məsələlərin 3 günlük müzakirəsi dünən başa çatıb. Nəticə olaraq büdcə zərfinin müzakirəsi zamanı səslənən təkliflər baxılması üçün hökumətə göndərilib. Hökumət deputatların təkliflərinə parlamentin noyabrın 28-də keçiriləcək iclasında cavab verəcək.

Anar Bayramoğlu