Nazirlər deputatların irad və təkliflərinə cavab verdilər

Mikayıl Cabbarov: “Müəllimlərin mərhələli olaraq əmək haqlarının artırılması istiqamətində konkret qərar veriləcək”
Samir Şərifov: “Elm sahəsinə ayrılan vəsait ötənilki ilə müqayisədə 4 milyon manat çoxdur”


Milli Məclisin 2015-ci ilin dövlət büdcəsi ilə bağlı keçirilən plenar iclasında Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək deputatların təklif və iradlarına cavab verib. M.Cabbarov müəllimlərin əmək haqlarının müəyyənləşməsi məsələsinə toxunarkən bildirib ki, 12 saat dərsi olan müəllim üçün minimal əməkhaqqı 155 manat, maksimal isə 207 manatdır. Nazir qeyd edib ki, bütün respublika üzrə müəllimlərlə bağlı rayon və kənd məktəblərində vakant ştatların sayı 3 faizdən 1-ə enib. Onun sözlərinə görə, pedaqoqların həvəsləndirilməsi istiqamətində işlər görülüb.

Cabbarov sınaq qiymətləndirilməsi ilə bağlı səslənən təkliflərə də münasibət bildirib: "Biz sınaq qiymətləndirmədən keçməyən müəllimlərin təkmilləşdirilməsi üçün imkan yaradırıq. Yalnız bundan sonra attestasiyanı həyata keçiririk. Gördüyünüz kimi, biz sosial yanaşmaya üstünlük veririk. Sınaq qiymətləndirməsindən keçən müəllimlər üçün əmək haqlarının artımına gəldikdə isə deyə bilərəm ki, bu istiqamətdə müvafiq müzakirələr gedir. Müvafiq qərar layihəsi qısa müddət ərzində razılaşdırılacaq. Sınaq qiymətləndirmədən keçmiş müəllimlərin mərhələli olaraq əmək haqlarının artırılması istiqamətində konkret qərar veriləcək. Güman edirəm ki, biz buna nail ola biləcəyik”.

Təhsil naziri qeyd edib ki, bu model gələcəkdə bütün respublika ərazisində tətbiq oluna bilər. M.Cabbarovun sözlərinə görə, Təhsil Nazirliyi yeni müəllimlərin işə götürülməsi istiqamətində də iş aparır.

Hərbi hazırlıq və bədən tərbiyəsi üzrə tədrisin aşağı səviyyədə olması barədə deyilən tənqidləri də dəyərləndirən nazir vurğulayıb ki, rəhbərlik etdiyi qurum bu yöndə problemlərin aradan qaldırılması üçün gərəkli addımlar atır.

Nazir onu da söyləyib ki, xarici ölkələrdən professorlar Azərbaycan ali məktəblərinə cəlb ediləcək. M.Cabbarov orta məktəblər üçün dərs vəsaitlərinin çəkisinin ağır olmasına da diqqət çəkib: "Azərbaycanın ümumtəhsil məktəblərində birinci sinifdə tədris vəsaitlərinin ümumi çəkisi 1 kiloqram 240 qramdır. Gələcəkdə bunun mümkün qədər daha da optimallaşdırılmasına çalışırıq”.

Bundan sonra Maliyyə naziri Samir Şərifov təklif və iradlara münasibət bildirib. O, büdcədən elmə ayrılan vəsaiti artırmaq təkliflərinə toxunarkən deyib ki, elmə ayrılan vəsait 143 milyon manat təşkil edir: "Bu bölmədən maliyyələşən təşkilatlara 6 milyon manat büdcədənkənar gəlir və xərcləri nəzərə alınan vəsaitdir. Bununla da elm üçün 137 milyon manat vəsait ayrılması nəzərdə tutulub. 2014-cü illə müqayisədə bu, 4 milyon manat çox deməkdir. Lakin bu, büdcədənkənar gəlir və xərclər mütənasib şəkildə götürülür. Əvvəlki illərin praktikası göstərir ki, elmi müəssisələrdən büdcə sifarişləri təqdim olunarkən həmin büdcədənkənar gəlirlər üzrə proqnozlar daha yüksək göstərilir. Onların icrası nəticəsində isə xeyli az məbləğlərdə vəsait daxil olur. Misal olaraq, cari il üçün elm bölməsinin büdcədənkənar vəsaitinin həcmi 14,5 milyon manat proqnozlaşdırılır. Bu da həmin müəssisələrin sifarişi əsasında formalaşır. 2015-ci ilin proqnozlarına görə də həmin daxilolmaların aşağı səviyyədə olması nəzərə çarpır. Yəni cari ilin 1 iyun proqnozuna görə, icra 400 min manat təşkil edib. 10 ay ərzində isə bu gəlirlər yalnız 1 milyon manat olub. Beləliklə, 2015-ci ilin dövlət büdcəsi hazırlanarkən daxilolmaları azaltmışıq. Buna baxmayaraq təklifləri nəzərə alıb elmə ayrılan vəsaitləri artırmaq barədə düşünürük”. Nazir qeyd edib ki, ölkənin müdafiə sahəsinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb: "İpoteka kreditlərinin genişləndirilməsi istiqamətində də hökumətlə Mərkəzi Bank arasında əməkdaşlıq var. Hesab edirəm ki, yaxın vaxtlarda əlavə təkliflər veriləcək. Aqrar sahəyə isə hər zaman xüsusi diqqət yetirilir. Bunun üçün müəyyən maliyyə mexanizmləri mövcuddur. Aqrar təhlükəsizlik məsələlərinin daha da təkmilləşdirilməsi üçün gələn ilin dövlət büdcəsində əlavə 55 milyon manat vəsait nəzərdə tutulub”.

Anar Bayramoğlu