Broyler toyuqları “dadlı ölüm”dür

“Ətli-budlu” toyuqlar, dəzgahdan çıxmış yumurtalar ölüm təhlükəsi saçır”



İngiltərə supermarketlərində satılan hər 10 toyuqdan 6-sının öldürücü virus daşıyıcısı olduğu aşkarlanıb. İngiltərə Milli Sağlamlıq Xidmətləri Mərkəzi bununla bağlı əhaliyə xəbərdarlıq edib. Mərkəzin mütəxəssisləri aşkar edib ki, toyuqların tərkibində kampilobakter virusları var. Hətta toyuqların yuyulması zamanı ətrafa sıçrayan su damlaları insan həyatı üçün böyük risk daşıyır. Bu toyuqlardan ildə 500 min adam müxtəlif xəstəliklərə yoluxur və həyatlarını itirirlər.

İki gündür ki, Türkiyə telekanalları bu dəhşətli xəbəri manşetə daşıyır. Qida mütəxəssisləri əhalini ehtiyatlı olmağa, broyler istehsalı toyuqları almamağa çağırır. Azərbaycan telekanalları isə susur!.. Türkiyədə məşhur qida uzmanı Əhməd Maranki telekanalların birindəki çıxışında acizanə şəkildə əhaliyə səslənərək "bu toyuqları yeməyin, siz onları deyil, onlar sizi yeyir” söylədi. Yəni, real təhlükədən xəbərdar olan mütəxəssislər broyler toyuqlarından imtinada israr edirlər. Azərbaycan telekanalları isə hələ də susur!..

Deməli, vəziyyət həqiqətən kritikdir. İngiltərədə, Avropa Birliyinə üzvlüyə namizəd Türkiyədə belə biabırçılıq hökm sürürsə, Azərbaycanda vəziyyətin necəliyini təxmin etmək, bizcə çətin deyil.

Toyuq yemlərinin tərkibində donuz sümüyü...

Türkiyənin broyler müəssisələrindən birində yetişdirilən yumurtaların tərkibində donuz sümüyü aşkarlanıb. Bu "kəşf”in qəribə tarixçəsi var. Qonşu ölkənin telekanallarından birində yayımlanan proqramda bu barədə qida mütəxəssisi Əhməd Maranki danışıb. Onun sözlərinə görə, çörək, yuxa istehsalı ilə məşğul olan sahibkar dostuna bir gün İndoneziyadan məktub gəlib ki, daha bu müəssisənin məhsullarını almayacaqlar. Sahibkar səbəbi ilə maraqlanıb, ona bildirilib ki, müəssisənin istehsal etdiyi yuxaların tərkibində donuz sümüyü aşkarlanıb. Sahibkar bundan heyrətə düşüb; donuz sümüyü yuxanın tərkibində necə ola bilər?! Sonra soruşub, soraqlaşıb və məlum olub ki, demə, donuz sümüyü sahibkarın işbirliyində olduğu broyler müəssisəsindən alınan yumurtaların tərkibində imiş. Yumurtalara donuz sümüyü isə toyuq yemindən keçib. Yem də Latın Amerikasının hansısa ölkəsindən gətirilir. Bu əhvalatı danışan mütəxəssis "deməli, toyuqların yemlənməsində istifadə olunan yemlərin tərkibinə donuz sümüyü qatılırmış” dedi. Hətta təsəvvür etmək belə insanı dəhşətə gətirir ki, broyler müəssisələrində toyuqlar və yumurtalar hansı şəraitdə, necə yetişdirilir.

Hər gün marketlərə daşınan, cürbəcür adlar altında əhaliyə təqdim olunan "ətli-budlu” toyuqlar, dəzgahdan çıxmış yumurtalar ölüm təhlükəsi saçır, biz də onları alıb bəh-bəhlə yeyirik. Və bir kimsə də, əhalini bu "dadlı ölüm”dən çəkindirmək barədə düşünmür. Rəsmi qurumlar, yalnız "yoxlamalar aparır, bizdə belə hal yoxdur” deməklə kifayətlənirlər.

Nəylə yetişdirilir

broyler toyuqları?

Azad İstehlakçılar Birliyinin sədri E.Hüseynov "Şərq”ə açıqlamasında qeyd etdi ki, ölkədə müstəqil ekspertiza aparmaq imkanı olmadığından bu barədə yalnız təxmin irəli sürmək mümkündür:

- Hamımız görürük ki, marketlərdə kök toyuqlar satılır. Bu toyuqlar 40 günlükdür. Sual olunur, toyuq 40 günün ərzində necə böyüyür? Sualın cavabı budur ki, broyler təsərrüfatlarında toyuqlara genetik modifikasiya olunmuş yemlər verilir. Həmin yemlər də Argentina və Braziliyadan gətirilir. Məhz bu yemlərin "sayəsində” toyuqlar 40 günün ərzində fərələşir, yumurlanır, kökəlir və kəsilib satışa çıxarılır. Təbii şəraitdə toyuq 40 günün içində böyüyə bilməz. Cücənin çolpalaşması üçün azı 6 ay vaxt lazımdır. Bəs necə olur ki, broyler təsərrüfatları hər gün marketləri, bazarları təzə toyuqla doldurur? Deməli, burada gizli bir sirr var. O sirr də şişməyə gətirib çıxaran yemlər, bəlkə də, hansısa dərmanlardır.

Haşiyə: Neçə gündür ki, sosial şəbəkələrdə broyler təsərrüfatlarında toyuqlara iynə vurulması videosu yayılıb. Videodan görünür ki, müəssisə işçisi əlində şpris toyuqları iynələyir. Deyilənə görə, broyler təsərrüfatlarında toyuqlara silikon iynələri vurulur. Təsəvvür edin ki, bu toyuqları da camaat alıb bişirir...

Bu xəbərə münasibətində E.Hüseynov problemin kökünün qida ekspertizası aparılmamasında gördüyünü dedi.

Təhlükəsiz qidanı necə müəyyənləşdirək?

- Təəssüflə qeyd etməliyəm ki, Azərbaycan ekspertizası dünya ekspertizasının ardınca sürünür. Hələ də görməmişəm ki, Azərbaycan ekspertizası birinci olaraq nəyisə aşkar etsin. Həmişə kimlərsə bunu aşkar edir, bizimkilərsə bundan sonra məsələyə müdaxilə edirlər, amma həmişə də eyni cavab verilir: "Bizdə belə hallar aşkarlanmayıb”. Necə olur ki, Avropanın inkişaf etmiş ölkəsində, Avropaya inteqrasiya etmiş digər bir ölkədə istər broyler toyuqları, istərsə də hansısa başqa qida məhsulu ilə bağlı təhlükəli hallar aşkarlansın, amma dünyanın bir çox ölkəsindən ət və ət məhsulları idxal edən Azərbaycanda belə hallar olmasın? Azərbaycanda müstəqil ekspertiza da yoxdur. Çünki müstəqil ekspertiza aparılmasına imkan verilmir. Lap belə bir ekspertiza aparılsa da, onun rəyini məhkəmə təsdiqləməyəcək. "Ərzaq təhlükəsizliyi haqqında” qanun var, amma "Qida təhlükəsizliyi haqqında” qanun yoxdur. Avropa İttifaqı isə belə bir qanun layihəsini Azərbaycan hökumətinə təqdim edib. Bəlkə bu qanun qəbul olunsa, nəsə etmək mümkün olar. Hazırda isə vəziyyət çox pisdir. Müstəqil ekspertiza olmadıqca, təhlükə də realdır. Ona görə də Avropa İttifaqı "Qida təhlükəsizliyi haqqında” qanunun qəbulunu istəyir. Aİ-nin HASSB sistemi mövcuddur. Bu sistem qida təhlükəsizliyini yoxlayır. Məhsulun tarladan, əkin sahəsindən və ya emal müəssisəsindən, alıcıya qədər qət etdiyi yol araşdırılır, yoxlanır və nəticədən asılı olaraq məhsula təhlükəsiz qida sertifikatı verilir. Azərbaycanda belə bir sertifikat yalnız iki şirkətə məxsusdur. Bunlar "Kaspian Fiş” və fındıq emalı müəssisəsidir. Heç bir broyler müəssisəsi bu sertifikata malik deyil. Təhlükəli, müəmmalı qidaları Avropa ölkələri qəbul etmir. Amma bizə belə məhsullar müxtəlif ölkələrdən bol-bol gətirilir.

Əhalini necə çəkindirməli?

Qəribə burasıdır ki, bu qədər deyilməsinə, yazılmasına rəğmən əhali yenə də broyler toyuqlarından, yumurtalardan istifadə edir. İnsanlar bilə-bilə ki, "təzə toyuq” adı altında satılanlar sadəcə, donu açılmış köhnə toyuqlardır, yenə də onlardan istifadə edirlər. Və bunu əlacsızlıqla bağlayırlar: "Bəs nə edək, nə yeyək?”

E.Hüseynov isə bu fikirdədir ki, əhalinin düzgün maarifləndirilməsi işi aparılsa, risklərdən qorunmaq mümkündür:

- Doğrudur, əhali fikirləşir ki, toyuq əti ucuzdur, cibimə uyğundur, üstəlik, "dadlıdır” da, elə bunu alım. Amma onları gözləyən təhlükəni görmürlər. Bilə-bilə özlərini ölümə aparırlar. Alıcıların bəzisi anlamır ki, bu gün ucuz bilib aldığı broyler toyuğu, sabah onu ağır xəstəliyə mübtəla edəcək, həkimlərə, müalicəyə nə qədər pul sərf etməli olacaq. Xəstələnmək asandır, sağalmaq çətin və bəzən də mümkünsüz. Ona görə də hər bir insan çalışmalıdır ki, xəstələnməsin. Bunun üçün də ilk növbədə qidalanmaya diqqət etməlidir. Aldığı məhsulun tərkibinin nədən ibarət olduğunu öyrənməlidir. Tərkibi qeyd olunmamış, şübhəli qidalardan imtina etməlidir. Alıcı hər bir məhsulun gigiyenik sertifikatını tələb etməlidir. Bu yoxdursa, alış-veriş etməməlidir. Belə olarsa, istehsalçı məcburiyyət qarşısında qalıb sertifikata uyğun məhsul istehsal edəcək, çünki görəcək ki, alıcı savadlanıb, daha aldanmır. Amma nə qədər ki, alıcı-istehlakçı istehsalçının çaldığına "oynayır”, onlar istədiklərini edəcəklər. Ziyanlı qidaları bizə satacaqlar. Təəssüf ki, 21-ci əsrdə Azərbaycan insanı hələ də qidanın qiymətinə, görkəminə və süni dadına aldanır və özünü bədbəxt edir. Yadınızdadırsa, Müşfiqabad qəsəbəsində satış üçün nəzərdə tutulan at və eşşək əti aşkarlandı. Və bu ətlərin məhz dönərxanalara verilməsi bildirildi. Hesab etmək olardı ki, bundan sonra bəlkə camaat dönərlərdən üz döndərər. Amma olmadı. Səbəb də budur ki, bizdə nə istehlakçı və satıcı, nə də alıcı və istehlakçı mədəniyyəti formalaşıb. Məhsulun keyfiyyətinə nəzarət edən, cəld reaksiya verən qurum da yoxdur. İstehlakçını müdafiə edən qanunlar zəifdir. Qanunlar elə qurulub ki, istehlakçının maraqlarına deyil, biznesə xidmət edir. Dönərin qiyməti 1 manat 20 - 1 manat 60 qəpikdir, toyuq ətindən hazırlanan dönərlərsə hətta 1 manata da satılır. Bizim əhali də, ucuzdur deyə, bu qidanı alır. Amma fikirləşmir ki, düzgün hesab aparılsa, 1 manat bu qidanın heç maya dəyəri də eləmir. Deməli, burada nəsə bir fırıldaq var. Məhsul keyfiyyətsizdir deyə, onu dəyər-dəyməzinə satırlar.

Əhalinin maarifləndirilməsi lazımdır, telekanallar, mətbuat vasitəsilə. Ancaq kim edəcək bunu? Bir halda ki, telekanallar broyler müəssisəsələrinin məhsullarını reklam etməklə pul qazanırlar.

Məlahət Rzayeva