Müdirlərin beynində başqa hava var

Yaşı 30-dan çox olan xanımları işə götürmürlər




Millət vəkili Fazil Mustafa parlamentdə işəgötürmə zamanı qadınlar arasında ayrıseçkilik edilməsi məsələsini qabardıb. Azərbaycanda bir çox hallarda ailəli və yaşı 25-i keçmiş qadınların işə götürülmədiyini vurğulayan millət vəkili bildirib ki, çox halda evə ata çörəkpulu gətirir. Bu da təbii ki, xoşagəlməz haldır.

Doğrudan da Azərbaycanda bu məsələ çox ciddi problem halını alıb. Bakının müxtəlif küçə və meydanlarında divarlarda, mağaza və ofislərin qapılarında "Gənc və cazibədar xanım işçi tələb olunur” kimi elanlara tez-tez rast gəlinir. Nəyə görə məhz 18-25 yaş arası və gözəl qızlar?

"Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da bu məsələnin həqiqətən də Azərbaycan üçün çox aktual olduğunu deyib: "Hesab edirəm ki, Fazil Mustafa bu problemi parlamentdə çox haqlı qaldırıb. Bu gün vəziyyət o qədər acınacaqlıdır ki, yaşı 30-dan çox olan xanımları işə götürmürlər. 25-30 yaşlı qadınları tərəddüdlə işə qəbul edirlər. Halbuki bu dövrlər qadın üçün ən məhsuldar əmək dönəmidir. Ümumiyyətlə, insan 25 yaşdan sonra işinin peşəkarı olur, püxtələşir. Bizdə isə tərsinədir. Fəaliyyətinin peşəkarlıq dövründə olan qadınlardan daha çox 18-20 yaşlı gənc, cazibədar xanımlara üstünlük verirlər. Sözün düzü, bu problemin nədən qaynaqlandığını dəqiq deyə bilmərəm. Amma görünən odur ki, 18-25 yaşlı gənc və cazibədar işçi axtaran müsəssisə rəhbərlərinin başqa amalı var. Onların məqsədi peşəkar işçi axtarmaq deyil. Beynində tamam başqa fikirlər var”.

T.Rüstəmxanlının sözlərinə görə, Azərbaycanda tək problem evli və ya yaşı 25-dən artıq olan xanımların işə qəbul məsələsi deyil. O deyib ki, ölkədə ən aktual məsələlərdən biri də ingilis dili kriteriyasıdır: "Hər hansı bir müəssisəyə iş üçün müraciət edənlərə verilən ilk sual budur "ingilis dilini bilirsən?”. Başa düşmürəm, biz İngiltərədə yaşayırıq, Amerikada yaşayırıq? Biz Azərbaycanda yaşayırıq və dövlət dilimiz də Azərbaycan dilidir. Əgər bir Azərbaycan vətəndaşını ingilis dilini bilmədiyi üçün işə götürmürlərsə, deməli, üst təpədə çox ciddi problemlər var. Təcili olaraq, bu problemlə bağlı tədbirlər həyata keçirilməlidir. Çox yaxşı olar ki, bizim parlamentarilər Məclisdə bu məsələni də qabartsınlar. Təbii ki, xarici dil bilmək lazımdır, amma mənim ölkəmdə işə girmək üçün ən önəmli kriteriya əcnəbi dil olmamalıdır”.

T.Rüstəmxanlının sözlərinə görə, hər iki problemin həllində əsas yük KİV-in üzərinə düşür: "Jurnalistlər bu kimi məsələləri qəzet səhifələrində, televiziya ekranlarında qabartmalı və ictimaiyyətin diqqətini bu problemə çəkməlidir. Müəyyən mənada özəl xarici şirkətlərdə dil kriteriyasını başa düşmək olar. Amma dövlət şirkətlərində, idarələrdə "ingilis dili bilgin varmı” sualının mahiyyətini başa düşmürəm”.

Şəymən