KİV: Obama Kamala Harrisə dəstəyini elan edəcək

ABŞ-nin 44-cü prezidenti Barak Obama tezliklə pezidentliyə namizəd Kamala Harrisin təşviqat kampaniyasına açıq şəkildə dəstək verdiyini elan edəcək.

APA-nın məlumatına görə, bu barədə “The New York Times“ qəzeti yazıb.

Məqalədə göstərilir ki, tərəflər arasında bir neçə dəfə telefon danışığı baş tutub və ilkin razılıq əldə olunub.

Mediaya sızdırılan xəbərlərə əsasən, B. Obama Kamala Harrisin seçkiöncəsi çıxışları, partiya üzvləri ilə görüşləri və bəyanatlarına dair tövsiyələr verir. Hətta O, tədbirlərdən birində yaxın ətrafına K. Harrisin seçilmək şansının yüksək olduğunu bildirib:

“Qarşıdakı günlərdə bizi kifayət qədər çətin sınaq gözləyir. Lakin mən əminəm ki, partiyamızın liderləri seçkidə layiqli namizəd olan Kamala Harrisin qələbəsini təmin edəcək işlək bir mexanizm hazırlamağa nail olacaqlar”.

Qəzet həmçinin vaxtilə B. Obamanın Bayden haqqında müsbət fikirlərini də xatırlayır. Müəllif yazır ki, bir zamanlar onun yüksək idarəçilik qabiliyyətindən danışan Obamanın Bayden barədə fikirlərinin dəyişməsinə səbəb olan amillər aydın deyil.