Somali XİN başçısı: Azərbaycanla əlaqələrimizi genişləndirmək üçün bütün addımları atmağa hazırıq

"Azərbaycanla əlaqələrimizi genişləndirmək üçün bütün addımları atmağa hazırıq".
Bunu Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqi Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Dəvət üçün Azərbaycana təşəkkür edən qonaq deyib ki, bu səfər iki ölkə arasında diplomatik münasibətlərin 20 illiyinə təsadüf edir: "Mən əminəm ki, bu münasibətlər əməkdaşlığımızın dərinləşməsinə töhfə verəcək. İllər ərzində münasibətlərimiz inkişaf edən xətt üzrə olub. Biz bu gün müzakirələrimizdə ticarət dövriyyəsinin artırılması, neft-qaz sənayesi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik.

Əlaqələrimizi genişləndirmək üçün bütün addımları atmağa hazırıq".

Nazir COP29-a sədrliyi münasibətilə Azərbaycanı təbrik edib: “Bizim hökumətimiz bu konfrans və onun hədəflərinə nail olması üçün Azərbaycanla işləməyə hazırdır.

Dialoqumuz zamanı diplomatik əlaqələrimizi, beynəlxalq platformalarda əməkdaşlığı müzakirə etdik. Biz davamlı şəkildə səylərimizi birləşdirməliyik.

Əldə etdiyi bütün uğurlar münasibətilə Azərbaycanı təkrar təbrik edirəm".