Yay qripi istivurmanın əlamətidir

Ağrılar ən çox göz almalarında, qaşüstü nahiyələrdə, gözü hərəkət etdirəndə çoxalır

  Qrip soyuq fəsillərin epidemiyasıdır və adətən yüksək hərarət, yaxud boğazağrısı ilə müşahidə olunur. Ancaq indi yay qripi kimi bilinən və məhz isti havalarda özünü göstərən qripdən danışacağıq. Qrip epidemiyasından fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gəlir. Çünki son vaxtlar “yay qripi”nə yoluxanların sayı artıb.
  İnfeksionist Könül Ağayeva isə “Sherg.az"a açıqlamasında deyib ki, günəş şüaları altında uzun müddət qalmaqdan və ya istivurmadan qripəbənzər əlamətlər müşahidə olunur. Buna el arasında yay qripi və ya gün qripi də deyirlər: “Bu əlamətlər qrip xəstəliyinə bənzəsə də, ondan fərqlənir. Yay qripi ilə günəşə qarşı allergiyanı qarışdırmamaq lazımdır. Günəş allergiyası zamanı da yay qripinə bənzər əlamətlər müşahidə olunur. Lakin ondan fərqli olaraq günəş allergiyası zamanı dəridə müəyyən qızartılar və səpkilər də meydana gəlir.
  “Yay qripi”nə yoluxan xəstələrdə üşütmə, qızdırma, şiddətli baş ağrıları, zəiflik kimi əlamətlər özünü göstərir.
Xəstəliyin əlamətləri qəfil başlayır və xəstlərdə bir sıra patoloji simptomların əmələ gəlməsinə səbəb olur. Ağrılar ən çox göz almalarında, qaşüstü nahiyələrdə, gözü hərəkət etdirəndə çoxalır. Xəstəliyə əsasən isti havalarda rast gəlinir və epidemik xarakter daşıyır. Xəstəlik qəfil qızdırma ilə başlayır. Xəstələrdə leykopeniya, dispepsiya əlamətləri, qəbizlik əlamətləri də müşayiət edilir. Diaqnoz xəstəliyin xarakterik əlamətlərinə əsasən qoyulur. Müalicə zamanı xəstəyə yataq rejimi və simptomlar əleyhinə dərman maddələri təyin edilir”.
  Həkim yay qripindən qorunmaq üçün müəyyən məqamlara diqqət etməyi və günün qızmar saatlarında günəş altında çox qalmamağı tövsiyə edib: “Otaqda kondisionerin temperaturu 22-23 dərəcə olmalıdır. Anidən istidən soyuğa, soyuqdan-istiyə keçməməyə çalışın. Yatarkən kondisionerdən istifadə edilməməli, əgər istifadə olunarsa da, şəxsin birbaşa üzərinə vurulmayacaq formada tənzimlənməlidir. Maye itkisinin artdığı isti havalarda ən az 2,5 litr su içilməlidir. Hovuz və ya dənizə girdikdən sonra mütləq duş qəbul olunmalıdır. Tərli paltarda qalmaq olmaz. Bir də isti havalarda ağır və yağlı yeməklərin əvəzinə yüngül qidalar istehlak edilməlidir”.