Gəncədə repetitorlar cərimələnib

Bu, müəllimin onsuz da cəmiyyətdə çox da yüksək olmayan nüfuzuna zərbədir



Gəncə şəhərində repetitorluq fəaliyyəti göstərən müəllimlər cərimələnməyə başlayıb. Hətta şəhərdə repetitor fəaliyyətini yoxlayan komissiya yaradılıb.

Modern.az saytının verdiyi məlumata görə, komissiya Təhsil Nazirliyinin icazəsi əsasında yaradılıb. Bu komissiya Gəncə məktəblərində yoxlama apararaq dərs vaxtı və dərsdən sonra repetitor fəaliyyəti göstərən müəllimləri müəyyən məbləğdə cərimələyir. Məlumatda o da bildirilir ki, son günlər şagirdlər və müəllimlər hazırlıq zamanı bu səbəbdən narahatlıq keçirirlər. Hətta buna görə müəllimlər qapını bağlayaraq dərs keçirlər.

Məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Təhsil üzrə ekspert Nadir İsrafilov baş verən hadisəni "Şərq”ə şərh edərkən bildirib ki, Azərbaycan təhsilində ilk dəfədir ki, repetitorlar cərimələnir: "Belə bir halın baş verməsi müsbət deyil. Ona görə ki, müəllimin onsuz da cəmiyyətdə çox da yüksək olmayan nüfuzuna zərbədir. İstənilən bir şagird müəllim yanına gedə bilər. Bu, qanunvericiliyə zidd deyil. Çünki repetitorluq fəaliyyəti rəsmiləşdirilməyərək qanunda öz əksini tapmayıb. Görünür, kimsə şikayət edib, gəlib yoxlama aparıblar və vergiyə görə cərimələniblər”.

N.İsrafilov bununla yanaşı, belə alternativ təhsil xidmətinin təhsilimizə mənfi təsir etdiyini bildirib: "Repetitor yanına gedənlər məktəbdəki dərslərin hesabına gedirlər. Yəni onlar dərslərdən yayınırlar. Bundan da bir çox müəllimlərimiz sui-istifadə edərək dərs zamanı öz bilik və bacarıqlarını şagirdlərə istənilən səviyyədə öyrətmirlər. İstəyirlər ki, şagirdlər sonradan həmin müəllimin yanına hazırlığa getsin. Nəticə etibarı ilə repetitorluq məktəb mühitini dağıdır. Müəllim və şagird məktəbdən yayınır. Bu baxımdan repetitorluq təhsilimizə ziyan vurur”.

Onun sözlərinə görə, hazırda Azərbaycan təhsil sistemi repetitorlarımızın çiynindədir: "Çünki sovet dövründə xüsusi müəllim yanına hazırlığa getmək yox idi. Lakin bizim təhsilimiz o dövrdə çiçəklənmə və intibah dövrü keçdi. Ona görə ki, SSRİ zamanında məktəblərdə keyfiyyətli təhsil tədris olunurdu. İndi isə bu keyfiyyətli kurslar açılır. Həmçinin şagirdlər fərdi hazırlıqlara gedirlər. Nəticədə məktəb mühiti dağılır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, müvafiq kompleks tədbirlər həyata keçirməklə müəllim və şagird heyətini məktəbə qaytarmaq lazımdır”.

Qeyd edək ki, qanunvericiliyə görə, repetitorlar fiziki şəxs olaraq verdikləri təhsilin müqabilində əldə etdikləri qazanca görə vergi ödəməlidirlər.

Vüqar Şahinoğlu