Professor millət vəkilinin təklifini heç bəyənmədi

“Xaricdən müəllimlərin yüksək qiymətə Azərbaycana dəvət olunmasını faydalı hesab etmirəm”



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı təhsil sahəsi ilə bağlı da müəyyən təkliflərlə çıxış edib. Deputat söyləyib ki, xarici ölkələrə təhsil almağa göndərilən gənclərlə bağlı ciddi nəticələr var. Amma burada praktikanı dəyişdirmək olar: "Xaricdən Azərbaycana müəllimləri dəvət etmək olar. Bununla da tək şagird və tələbələr deyil, minlərlə insan bundan bəhrələnə bilərlər”.

Millət vəkilinin təklifi ilə bağlı "Şərq”ə danışan Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə bu ideyanın məqsədəuyğun olmadığını deyib: "Təhsilimizin inkişafı üçün xarici təcrübənin öyrənilməsi faydalıdır. Bizim tələbələrin xaricdə oxuması, müəllimlərimizin müxtəlif ölkələrdə təcrübə keçməsi, hətta müəyyən müddət xarici təhsil ocaqlarında fəaliyyət göstərməsi, müasir texnologiyalara yiyələnməsi də bizim üçün əhəmiyyətli və perspektivli məsələdir. Lakin Azərbaycan təhsilinin və Azərbaycandakı ixtisasların böyük əksəriyyətinin tədris olunmasında lazımi səviyyədə intellektual qüvvəsi olan, peşə hazırlığına sahib lazımi qədər mütəxəssislərimiz var. Bu gün həmin mütəxəssislərin böyük əksəriyyəti həm müasir texnoloji biliklərə sahibdir, həm də xarici dil bilgiləri var. Müəllim kontingentinin əksəriyyətinin internet vasitəsilə xaricə çıxışı var və onlar distant yolla lazım olan məlumatları mənimsəyirlər. İnformasiya texnologiyalarının bu qədər inkişaf etdiyi, distant təhsil vasitəsilə təcrübə toplamağın aktual olduğu bir dönəmdə xaricdən müəllimlərin yüksək qiymətə Azərbaycana dəvət olunmasını faydalı hesab etmirəm və heç buna ehtiyac da görmürəm. Tam əksinə, yerli kadr hazırlamaq və onların fəaliyyəti üçün münbit şərait yaratmaq lazımdır”. Professorun sözlərinə görə, dövlət xaricdən dəvət edəcəkləri müəllimlərə verdiyi yüksək əməkhaqqının yarısını peşəkar müəllimlərimizə versələr, onlar əlavə işlərdən çəkinib, bütün potensialını tədris etdikləri ixtisasların inkişafına yönəldər: "Doğurdur, elektronika, nonotexnologiyalar, aviasiya və kosmik tədqiqatlarla bağlı müəyyən ixtisaslar var ki, bu sahə ilə bağlı Azərbaycanda kadr çatışmazlığı var. Amma ki, sözügedən ixtisasların tədrisi üçün xaricdən müəllim çağırmaqla öyrətmək mümkün deyil. Həmin müəssisələrə tələbələri göndərmək lazımdır ki, hər şeyi yerində öyrənsinlər. Ulu öndər Heydər Əliyev milli kadrların hazırlığının əsas yolunu xarici ölkələrdə fəaliyyət göstərən ən yüksək təhsil verən ali məktəblərə tələbələrin göndərilməsində görürdü. Ən düzgün yol da budur. Əgər ehtiyac olsa idi, vaxtında Heydər Əliyev təhsil müəssisələrinə xaricdən müəllim dəvət edərdi. Ölkədə təhsil islahatları ilə bağlı aparılan təcrübə də göstərir ki, xaricdən Azərbaycana gələn təhsil işçilərinin əksəriyyəti öz ölkələrində iş missiyalarını başa çatdırmış insanlardır. Hətta ölkəmizə yüksək səviyyəli mütəxəssis kimi gələnlərin arasında ümumiyyətlə təhsildən uzaq olanları da var. Onlar öz təcrübələrini bəsit səviyyədə Azərbaycanda mühazirə edirlər. Bizimkilər də onları "Enşteyn”, "Arximed” zənn edir. Son nəticə olaraq onu deyim ki, bu gün Azərbaycana xaricdən müəllim dəvət olunması ideyasını vaxtı keçmiş və müasir inkişaf səviyyəsinə uyğun olmayan bir təklif kimi görürəm”.

Şəymən