5 günlük uşaq tapıldı

Quyudan çıxarılan körpə xəstəxanaya yerləşdirilib









































Avstraliyanın Brisben şəhərinin cənubunda, Kinqstondakı kanalizasiya quyularından birində südəmər körpə tapılıb.

Avstraliyada yaşayan Devid Ott adlı şəxs səhər saatlarında velosipedlə yürüşə çıxarkən yolun kənarındakı kanalizasiya quyularından birindən uşaq ağlamasını eşidib. Velosipeddən düşən Devid quyuya tərəf gedərək orada südəmər körpənin olduğunu görüb. Daha sonra Devid polisə zəng vurub. Kanalizasiya quyusunun qapağını qaldırmağa cəhd göstərən Devidə üç nəfər də yardım edib. Amma 12 sm qalınlığı, təxminən 1 ton ağırlığı olan qapağı qaldıra bilməyiblər. Hadisə yerinə gəlmiş polis əməkdaşları çağanı quyudan çıxarıblar. Uşaq 2,5 metr dərinlikdə, kanalizasiya kollektorunun kənarında olub. Uestmid Uşaq Hospitalına aparılmış körpənin vəziyyəti ağır olsa da, stabildir. Həkimlərin dediklərinə görə, 5 günlük uşağın valideynləri Yaxın Şərq və ya Hindistan əsilli mühacirlərdir.