Ermənilərin saxta “vida mərasimi”...

Aqil Abbas: “Biz erməniləri dəfn etməyə hazırıq. Problem yoxdur, Bakıda erməni qəbiristanlığı var”
Esmira Orucova: “Saxta mərasim düşmənin növbəti siyasi oyunudur”


Ermənistan Ağdamda Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan helikopter ətrafında siyasi şou düzəldib. Hər zaman siyasi ambisiyaları naminə müəyyən oyunlara əl atan rəsmi Yerevan helikopterdə ölən erməni pilotlara saxta "vida mərasimi” keçirib, hətta "cəsədləri” dəfn ediblər.

Yəni Ermənistan öz ictimaiyyətini aldadaraq onlara deyib ki, guya, "xüsusi əməliyyatla” helikopterin vurulduğu yerdən pilotlardan birinin meyitini, digərlərinin isə bədənlərinin qalıqlarını götürüblər.

Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı xəbəri uydurma və heç bir əsası olmayan dezinformasiya adlandırıb. Nazirlik bəyan edib ki, Ermənistan bu şounu daxili auditoriyaya hesablayıb. Hərbi mütəxəssislərin rəyinə görə, "Mi-24” döyüş helikopterinin partlamasından və yerə çırpılmasından sonra oradakı cəsədlərin bütöv halda qalması mümkün deyil. Çünki 11 ton çəkisi olan, saatda 250 km sürətlə yerə çırpılan helikopterdən parçalanıb kül olmamış cəsəd tapmaq qeyri-mümkündür. Buradan anlaşılır ki, təqdim edilən videogörüntülər montajdır və helikopter hadisəsi ilə heç bir bağlılığı yoxdur. Fakt odur ki, Ermənistan ordusu 3 pilotunu itirib və həmin cəsədlər hələ də helikopterin düşdüyü yerdədir.

Ermənistan hökumətinin saxta "yas törəninə” münasibət bildirən millət vəkili Aqil Abbas deyib ki, erməni milləti üçün heç bir dəyər yoxdur: "Erməniləri ifşa etməyin yolu odur ki, bizimkilər cəsədləri oradan götürsünlər və Ermənistanın yalanını bütün dünyaya göstərsinlər. Onlar öz hərbiçilərindən imtina edirlərsə, biz erməniləri dəfn etməyə hazırıq. Problem yoxdur, Bakıda erməni qəbiristanlığı var”.

Deputatın sözlərinə görə, ermənilər öz əsgərlərinə hörmət qoymur: "Ermənistan rəhbərliyi düşünür ki, ölkə erməniylə doludu, üçü əskik olsa, heç nə olmaz. Görünür, ölü erməni üçün dövlət ümumiyyətlə heç bir tədbir görmək istəmir. Biz düşmənimizə bələdik. Ermənilər hər zaman əsir və girovların, meyitlərin dəyişdirilməsi prosesində problem yaradıb, müxtəlif dələduzluğa əl atıblar”.

"Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova da bildirib ki, ermənilər şou düzəltməyə indi başlamayıblar. Onlar ta qədimdən bu "peşə” ilə məşğuldur: "Saxtakarlıq və yalan ermənilərin xislətində var. Bu millət istəklərinə nail olmaq üçün hər yola əl atır. Saxta mərasim də düşmənin növbəti siyasi oyunudur. Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi uğurlar erməniləri belə şoular hazırlamağa məcbur edir. Çünki düşmənin başqa çarəsi qalmayıb. Ermənilər məqsədlərinə çatmaq üçün tək ölülərindən yox, dirilərindən də vaz keçirlər. Onlar dəfələrlə öz camaatını çirkin siyasi oyunlarına qurban veriblər. Ona görə də, düşmənlərin hərəkətləri artıq bizdə təəccüb doğurmur”.

İsmayıl