YAP qadınları, gəncləri seçir: Digər partiyalarda vəziyyət necədir?

Elçin Mirzəbəyli: “Biz hansısa qadağa qoymamışıq. Sadəcə, gəncləri stimullaşdırmağa çalışmışıq”
Samir Əsədli: “Bakı şəhər bələdiyyələrinə irəli sürdüyümüz namizədlərin əksəriyyəti gənclərdir”


Azərbaycanda gənclərin və qadınların idarəetmə işlərinə cəlb olunması dövlət siyasətinin başlıca strategiyasına çevrilib. Getdikcə genişlənən bu proses çox sürətlə və davamlı olaraq həyata keçirilir. Həmin təcrübə ilkin olaraq icra hakimiyyətlərində reallaşdı.

Bundan sonra bələdiyyə orqanlarında da gənclər və qadınlara meydan verilməyə başlanıb. Hətta Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, dekabrın 23-də baş tutacaq bələdiyyə seçkilərinə kadrların seçilməsində daha çox gənclərə və qadınlara üstünlük verəcəklər. Onun sözlərinə görə, hazırda Azərbaycan bələdiyyələrində qadınların və gənclərin təmsilçiliyi xeyli yüksəkdir. "Namizəd irəli sürərkən daha çox ali təhsilli insanlara, gənclərə və qadınlara üstünlük vermişik”.

Maraqlıdır, görəsən, marafona qatılacaq digər siyasi təşkilatlarda mənzərə necədi? Onlar seçkilərdə daha çox hansı kateqoriyadan olan insanların namizədliklərini irəli sürəcəklər?

Bu işlərdə heç bir partiya təmsilçisinə məhdudiyyət qoymadıqlarını deyən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında qeyd edib ki, təşkilatın ali strukturunda olan gənclərin seçkilərdə iştirakına imkanlar yaradılır: "Onlar da həmin istiqamətdə artıq addımlar atıblar. Gənclərin və qadınların marafona qatılmasının tərəfdarıyıq. Müsbət yanaşırıq. YAP-ın da addımını təqdir edirik”.

Bununla yanaşı, E.Mirzəbəyli məsələnin digər tərəfinin olduğunu da söyləyib: "Siyasi partiya yaşına görə hansısa şəxsin aktiv və passiv seçki hüququnu məhdudlaşdıra bilməz. Yaşları 30-dan yuxarı olanlara namizədliklərini irəli sürməmələri barədə məhdudiyyətlər qoyula bilməz. Bu, seçki məcəlləsi və konstitusiyaya zidd davranışdır. Biz də hansısa qadağa qoymamışıq. Sadəcə, gəncləri stimullaşdırmağa çalışmışıq”.

Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü Samir Əsədli isə vurğulayıb ki, təmsil olunduğu partiyanın irəli sürdüyü namizədlərin böyük əksəriyyəti gənclərdir: "Onların içərisində xanımlar üstünlük təşkil edirlər. Amma bələdiyyə elə bir qurumdur ki, burda fərq qoyulmur. Seçicilər namizədin özünə, fəaliyyətinə və platformasına baxıb, səs verir. Bütün hallarda partiyamız daha çox gənclərə üstünlük verir. Məsələn, Bakı şəhər bələdiyyələrinə irəli sürdüyümüz namizədlərin əksəriyyəti gənclərdir. Bu hal qurumumuzun yaşlı nəslə diqqət ayırmaması anlamına gəlməli deyil. Namizədlərin seçilməsi təşkilat üzvlərinin müraciətləri əsasında baş tutub. Daha çox gənclər həvəslidirlər”.

Gənclərin və qadınların dövlət strukturlarına cəlb olunmasının ölkəmiz üçün gələcək perspektivindən söz açan S.Əsədli bildirib ki, gənclərin önə çəkilməsi inkişafa və yeniliyə yol açır: "Gənc varsa, yeni nəfəs də mövcuddur. Gənc gəlirsə, deməli, idarəçilik təkmilləşir. İnkişaf sürətlənir. Böyüyür. Gənclərin irəliyə aparılması bu məsələlərə təkan verir”.

Ayyət Əhməd