Həbsxanaların soyuq divarları qızdırılmır

Əliməmməd Nuriyev: “Doğrudur, Azərbaycanda bir çox cəzaçəkmə müəssisələrində mərkəzləşmiş istilik sistemi yoxdur”


Havaların soyumasından sonra məhbuslarla bağlı ürək ağrıdan xəbərlər gəlməkdə davam edir. Onların saxlandıqları cəzaçəkmə müəssisələrində üzləşdikləri çətinliklər, istilik sisteminin zəif olması dustaqların səhhətlərində ciddi fəsadlar yaradıb.

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu noyabrın 23-də 13 saylı Cəzaçəkmə Müəssisəsində atası ilə görüşüb. Görüşdən dərhal sonra açıqlama verən Nigar Yaqublu müəssisədə istilik sisteminin olmamasından şikayətlənib: "Noyabr ayının bitməsinə baxmayaraq, hələ də həbsxanaya istilik verilməyib. Buna səbəb kimi texniki problemlər göstərilir. Soyuq atamın həyatına ciddi təhlükə yaradır. Onsuz da səhhətində ciddi problemlər var”. Həmçinin digər məhbus ailələri arasında da cəzaçəkmə müəssisələrindəki istilik problemindən gileylənənlər var.

Məsələ ilə bağlı danışan Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev isə cəzaçəkmə müəssisələrində monitorinqlər keçirən zaman bu və ya digər problemlərlə yanaşı, istilik təchizatı ilə də maraqlandıqlarını vurğulayıb: "Doğrudur, Azərbaycanda bir çox cəzaçəkmə müəssisələrində mərkəzləşmiş istilik sistemi yoxdur. Cəzaçəkmə müəssisələrində mərkəzləşmiş istilik sisteminin olmaması bir növ binaların infrastrukturu ilə bağlıdır. Bəzi binalar çox-çox əvvəllərdə inşa olunduğu üçün orada bu sistemi qurmaq mümkün olmayıb. Amma bununla belə cəzaçəkmə müəssisələrində istilik sistemi ilə bağlı elə bir ciddi problem yoxdur. Hətta son illər bir çox həbsxanaların istilik sistemlərində əhəmiyyətli dəyişikliklər baş verib. Müəssisə rəhbərliyi mümkün olduğu qədər binaların daxilində istilik sistemləri qurmağa çalışırlar. Bu mümkün olmadıqda isə digər qızdırıcı vasitələrlə binalar lazımi qaydada qızdırılır. Hazırda Azərbaycanda olan cəzaçəkmə müəssisələrinin bir çoxunda qızdırıcı "peç”lərdən istifadə olunur. Hətta kondisioner sistemi qurulan müəssisələr də var”.

Bəzi cəzaçəkmə müəssisələrində istilik probleminin olmasını istisna etməyən hüquq müdafiəçisinin sözlərinə görə, yaranmış problemlər ancaq texniki nasazlıqdan ola bilər: "Şəkidə, Naxçıvanda tikilən cəzaçəkmə müəssisələrində mərkəzləşmiş istilik sistemi quraşdırılıb. Kürdəxanıda olan Bakı İstintaq təcridxanasının infrastrukturu da yüksək standartlara cavab verir. Tam şəkildə quraşdırılmış istilik sistemi fəaliyyət göstərir. Müəyyən müddətdə cəzaçəkmə müəssisələrində istilik təchizatı ilə bağlı problem yaranmasını normal qarşılamaq lazımdır. Ola bilsin, sözügedən müəssisədə qaz və ya elektrik enerjisi ilə bağlı hansısa problem yarandığından məhbuslar üçün qızdırıcılardan istifadə olunmur”.

Həbsxanalardakı istilik problemi ilə bağlı heç bir şikayət almadıqlarını vurğulayan Ə.Nuriyev yaxın zamanlarda cəzaçəkmə müəssisələrinə baş çəkəcəklərini də vurğulayıb: "13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə də əlaqə saxlayıb, problemlə maraqlanacam. Bəzən olur ki, məhbuslar diqqət çəkmək üçün yanlış informasiyalar da yayırlar. Amma hər halda biz İşçi Qrupu olaraq, bir neçə cəzaçəkmə müəssisəsinə baş çəkib, oradakı durumla maraqlanacağıq. O zaman istilik təminatına da baxış keçirib, real vəziyyəti öyrənərik”.

Şəymən